Dünya xəbərləri
Beynəlxalq Məhkəmə Tbilisinin Moskvaya qarşı iddiasını rədd edib
Tbilisi bu məhkəməyə müraciətində Moskvanı Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyada etnik təmizləmə aparmaqda ittiham edirdi.
Məhkəmə qeyd edir ki, ona müraciət etməzdən əvvəl Tbilisi ilə Moskva məslənin həlli üçü öz aralarında müzakirələr aparmayıblar.
2008-ci ildə bu iki ölkə arasında qısamüddətli müharibədən sonra Moskva Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.
Bütün xəbərləri izləyin
ABŞ-ni könüllü tərk edən qanunsuz miqrantlara 3 min dollar vəd olunur
ABŞ-nin daxili təhlükəsizlik nazirliyi ölkəni könüllü tərk etməyə hazır olan qanunsuz mühacirlərə 3 min dollaradək bonus vəd edir.
Qurum bildirir ki, ödənişi "CBP Home" mobil tətbiqi vasitəsilə almaq olar. Tətbiqi ABŞ sərhəd-gömrük xidməti işə salıb. Pul miqrant vətəninə qayıdandan sonra ödənəcək. Proqram bu il dekabrın 31-dək qüvvədədir. 3 min dollardan əlavə ölkəyə qayıtmaq üçün biletpulu da veriləcək.
Nazirlik mayda ölkədən könüllü çıxışla bağlı proqram elan edib. Qanunsuz miqrantlara min dollar və biletpulu vəd olunurdu. Qurum bildirib ki, bu halda miqrantların axtarışı, saxlanması və məcburi deportasiyası üçün tələb olunacaq vəsaitə ortalama 17.1 min dollar qənaət ediləcək.
Daxili təhlükəsizlik nazir Kristi Noem deyib ki, bu ilin yanvarından "CBP Home" proqramı vasitəsilə 1.9 milyon qanunsuz mühacir ABŞ-ni könüllü tərk edib, proqramdan on minlərlə insan yararlanıb. Nazir belə şəxsləri fürsətdən istifadə edərək ölkədən könüllü getməyə çağırıb, əks halda, onların tapılaraq həbs olunacaqlarını və heç vaxt Birləşmiş Ştatlara qayıtmayacaqlarını bildirib.
Ukrayna ordusu Severskdən çıxdığını açıqlayıb
Ukrayna qüvvələri Donetsk vilayətinin şərqindəki Seversk şəhərindən çıxıblar. Rusiya qoşunları həmin ərazidə hücuma keçərək vilayətin Ukraynanın nəzarətində qalan iri şəhərlərindən biri Slavyanska yaxınlaşmağa çalışır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 22-də bildirib ki, "hərbçilərin həyatının qorunması, bölmələrin döyüş qabiliyyətinin saxlanılması məqsədilə" şəhərdən çıxıblar. Qərargahın məlumatında deyilir ki, Seversk ətrafında ağır döyüşlər gedir, Rusiya qoşunları canlı qüvvə və texnika baxımından hiss olunan üstünlüyə malikdir.
Silahlı Qüvvələrin bildirdiyinə görə, Rusiya qoşunlarının logistikasını kəsməklə onların hissə və bölmələrinin hücum potensialını azaltmağa çalışırlar.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 11-də Severskin Rusiya qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Ukrayna hərbi rəhbərliyi həmin vaxt şəhər uğrunda döyüşlərin davam etdiyini bildirmişdi.
Tramp Tokayevi və Mirziyoyevi G20 sammitinə dəvət edib
ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevi gələn il Mayamidə G20 (Böyük iyirmilik) sammitinə dəvət edib. Tramp bu haqda özünün "Truth Social" şəbəkəsində yazıb.
Prezident bildirib ki, Tokayev və Mirziyoyev ilə telefon söhbətlərində sülhün vacibliyini, eləcə də ölkələr arasında ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Tokayev administrasiyası Trampla telefon danışığının çox çəkdiyini əlavə edib.
Tokayev noyabrda Vaşinqtona səfəri zamanı "Orta Asiya – ABŞ" sammitində əldə olunan razılaşmaların gerçəkləşdirilməsinə sadiqliyini təsdiqləyib, Ukrayna münaqişəsinin tənzimlənməsinin mürəkkəbliyini vurğulayıb. Onun sözlərinə görə, burada ərazi məsələsi dominant mövqedədir, "yerdəki real situasiya nəzərə alınmaqla hər iki tərəfdən kompromislər tələb edir".
Özbəkistan prezidentinin saytında qeyd olunur ki, Mirziyoyev və Tramp yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasının gedişatını, Özbəkistan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.
Mövcud layihələrin irəli aparılması, yeni layihələrin hazırlanması üçün Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurası yaradılıb, birgə İnvestisiya Fondunun qurulması üçün iş aparılır.
Mirziyoyev Trampı onun üçün uyğun vaxtda Özbəkistana səfərə dəvət edib.
Tokayev də oxşar dəvətlə çıxış edib. O deyib ki, ABŞ prezidentinin səfəri "tarixi hadisə" ola bilər.
İndiyədək ABŞ prezidentləri Orta Asiyaya səfər etməyiblər.
Tramp ikinci dönəm prezidentliyə başlayandan ABŞ Orta Asiya regionu ilə siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirir. Vaşinqton bu regionu kritik əhəmiyyətli təbii resursların mənbəyi kimi qiymətləndirir.
Liviyanın Baş Qərargah rəisinin təyyarəsi Türkiyədə qəzaya uğrayıb
Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən nümayəndə heyəti üzvləri təyyarə qəzasında həlak olublar.
Əl-Həddad dekabrın 23-ü axşam Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olub.
Liviyanın rabitə naziri Vəlid əl-Lafi "Əl-Cəzirə" telekanalına bildirib ki, təyyarə Liviyaya məxsus deyildi, icarəyə götürülmüşdü. Onun sözlərinə görə, havaya qalxdıqdan qısa müddət sonra ekipaj dispetçerlərə texniki nasazlıq barədə məlumat verib. Elektrik sisteminin nasazlığı səbəbindən Əsənboğa hava limanına qəza enişi etməyə cəhd göstərib.
Türkiyənin BMT tərəfindən dəstəklənən Tripoli hökuməti ilə sıx əlaqələri var, ona iqtisadi və hərbi dəstək verir.
Gürcüstanda DTX-nin keçmiş sədri saxlanılıb
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş sədri Qriqol Liluaşvili saxlanılıb. Bu haqda brifinqdə baş prokuror Giorqi Qvarakidze açıqlama verib.
"Ona bir neçə cinayət işi üzrə rüşvət alma ittihamı irəli sürülüb", – Qvarakidze deyib.
İstintaqın versiyasına görə, Liluaşvili 2022-ci ilin oktyabrında ovaxtkı iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze vasitəsilə türkiyəli investor Çağatay Ülkerdən 1 milyon ABŞ dollar məbləğində rüşvət alıb. Rüşvətin külək elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıq memorandumunun imzalanması üçün lobbiçiliyə görə verildiyi bildirilir.
Həmin ilin fevralında isə Liluaşvilinin yenə Mikautadze vasitəsilə "Express-service 2008" şirkətinin qurucusu Giorqi Xajaliyadan 1 milyon 500 min lari tələb edərək aldığı iddia olunur. Bu, qazlaşdırma üzrə tenderlərdə əməkdaşlığa görə alınıbmış.
DTX-nin keçmiş sədri daha bir neçə hal üzrə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Onun ittiham olunduğu maddədə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Prokurorluğun onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi gözlənilir.
Liluaşvili özü dindirilmək üçün prokurorluğa gedib.
"Exo Kavkaza" daha öncə onun yaxın ətrafından azı iki nəfərin də saxlanıldığını xəbər verir.
Gürcüstan hakimiyyəti bir neçə səs-küylü antikorrupsiya işinin açıldığını bəyan edib. Keçmiş baş nazir İrakli Qaribaşvili xüsusilə böyük həcmdə gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, 1 milyon lari qarşılığında zaminə buraxılıb, məhkəməsi fevralda olacaq.
ABŞ Sakit okeanda daha bir gəmini vurub
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı dekabrın 22-də Sakit okeanın şərq hissəsində bir gəmiyə zərbə endirib. Zərbənin Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə gerçəkləşdirildiyi açıqlanıb.
Komandanlıq X sosial şəbəkəsində bildirir ki, "kəşfiyyat məlumatları bu gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün bəlli marşrutlarla hərəkət etdiyini, narkotik ticarəti əməliyyatlarına cəlb olunduğunu təsdiqləyib".
Komandanlıq zərbə nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıb. ABŞ hərbçiləri xəsarət almayıblar.
BBC-nin rus xidmətinin yazdığına görə, 2025-ci ilin sentyabrından ABŞ Karib dənizində 20-dən çox gəmiyə zərbə endirib. Vaşinqton onların narkotik daşıdığını bildirir. Hücumlarda azı 88 nəfər həlak olub. Prezident Donald Trampın tənqidçiləri zərbələr zamanı narkotik ticarəti ilə əlaqəsi olmayan şəxslərin həlak olub-olmaması sarıdan narahatlıq ifadə ediblər. Onlar Pentaqonun səlahiyyətlərini aşıb-aşmadığını da sorğulayırlar.
Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına yardımda ittiham edir. D.Tramp sanksiya altında olan neft tankerlərinin Venesuelaya giriş-çıxışına tam blokada əmri verib. Dekabrda ABŞ Venesuela sahillərində "Centuries" və "The Skipper" adlı iki tankeri ələ keçirib. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem "Centuries" tankerinin saxlanılmasından sonra deyib ki, "ABŞ regionda narkoterrorçuluğun maliyyələşdirilməsi üçün istifadə olunan sanksiyalı neftin qanunsuz daşınmasını təqib edəcək".
Rusiyada Harri Kasparova ikinci dəfə qiyabi həbs kəsilib
Moskvanın Zamoskvoretski məhkəməsi müxalifətçi, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovu terrorçuluğun əsaslandırılması işi üzrə qiyabi həbs edib. Kasparovun həbsi ilə bağlı məhkəməyə istintaq orqanı vəsatət verib. O, Rusiyada saxlanıldığı, yaxud ölkə ərazisinə ekstradisiya edildiyi andan qətimkan tədbiri qüvvəyə minəcək. Kasparov 10 ildir xaricdə yaşayır.
Onun ittiham olunduğu maddə üzrə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İttihamın detalları bəlli deyil, amma Kasparovun Ukraynanı dəstəkləyən bəyanatları ilə bağlı ola biləcəyi ehtimalı var.
Artıq ikinci dəfədir Rusiya məhkəməsi Kasparovu qiyabi həbs edir. 2024-cü ilin aprelində Sıktıvkar məhkəməsi onun terror qrupu yaratmaq işi üzrə qiyabi həbs qərarı çıxarıb. Söhbət Kasparovun fəal iştirak etdiyi "Azad Rusiya Forumu"ndan gedir. Daha öncə isə o, "xarici agentlər" reyestrinə salınıb.
H.Kasparov 15 ildən çox şahmat üzrə dünya çempionu olub. Son illər rəsmi turnirlərə qatılmır. Amma gənc idmançıları, həmçinin Ukraynadan olan şahmatçıları dəstəkləyir. Kasparov siyasi fəaliyyət və publisistika ilə məşğuldur, Ukraynanı açıq dəstəkləyir. O, Donald Tramp administrasiyasını Rusiya ilə əməkdaşlıqda suçlayır və kəskin tənqid edir. Co Bayden administrasiyasını isə Ukraynaya yetərincə yardım göstərmədiyini deyərək tənqid edirdi.
Yaxınlarda Kasparov ilə digər müxalifətçi Vladimir Kara-Murza arasında AŞPA-da Rusiya müxalifətinin platformasının formalaşdırılması ilə bağlı mübahisə düşüb. Kara-Murza Kasparovun onu təhqir etdiyini deyərək Antimüharibə Komitəsindən çıxıb. Kasparov isə söhbətin siyasi fikir ayrılıqlarından getdiyini deyib.
İsraildən ABŞ-yə İrandakı raket təlimləri ilə bağlı xəbərdarlıq
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri real zərbəyə hazırlığı pərdələyə bilər. İsrail hərbi kəşfiyyatının ABŞ prezident administrasiyasına belə bir xəbərdarlıq etdiyi bildirilir. Xəbəri "Axios" İsrail və ABŞ mənbələrinə istinadla yayıb.
Mənbələrə görə, dekabrın 20-də İsrail müdafiə ordusunun baş qərargah rəisi Eyal Zamir durumu telefonla ABŞ Mərkəzi Komandanlığının admiralı Bred Kuperlə müzakirə edib. Dekabrın 21-də Təl-Əvivdə görüşdə isə Zamir deyib ki, İranda raket komplekslərinin yerinin dəyişdirilməsi hücuma hazırlığı göstərə bilər. O, müttəfiqlər arasında müdafiə hərəkətlərinin sıx koordinasiyasına çağırıb.
İsrail mənbələrindən biri İranın zərbə ehtimalını "50 faizdən də az" dəyərləndirib. 2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşmasının hücumundan sonra İsrail oxşar təhdidləri daha ciddi qəbul edir. "Axios" yazır ki, ABŞ kəşfiyyatı hələlik İranın hərbi əməliyyatlara başlaya biləcəyinin əlamətlərini görmür.
"Axios"un bilgisinə görə, tərəflərin "səhv" qiymətləndirməsi İran-İsrail münaqişəsində yeni gərginləşməyə səbəb ola bilər. Mənbələrin fikrincə, hər iki ölkə digərinin hücuma hazırlaşdığını düşünə, qabaqlayıcı zərbə endirməyə cəhd göstərə bilər.
Tacikistanda falçı və cadugər yanına gedənlər cərimələnəcək
Tacikistan parlamentinin yuxarı palatası olan Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadəyə görə cərimələri təsdiqləyib. Bu haqda AzadlıqRadiosunun tacik xidməti xəbər yayıb.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə falçı və cadugərlərin xidmətlərindən yararlananlar 3 min 750-4 min 500 somoni (486 dollar) cərimə olunacaqlar.
Milli Məclisin üzvü Məhmədəli Vətənzoda bildirib ki, dəyişikliklərin məqsədi "ekstremist ideologiyanın yayılmasını, xurafatçılığın artmasını önləməkdir".
Düzəlişləri daha öncə parlamentin aşağı palatası qəbul edib. Prezident imzalayandan sonra qanun qüvvəyə minəcək.
Tacikistan Daxili İşlər Nazirliyi ötən il falçıların müştərilərinin DİN şöbələrinə çağrıldığını, adlarının və şəkillərinin ayrıca məlumat bazalarına salındığını bildirib. Daha öncə falçıların özlərinə qarşı cəzalar sərtləşdirilib, həbs edilənlər olub. Amma həbs olunanlardan bəzilərinin qohumları onların falçı və ya cadugər olmadığını, sadəcə dua etdiklərini deyirlər.
Ölkədə cadugərlik və falçılığa görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. İlk pozuntuya görə 6 min- 7 min 500 somoni (648-810 dollar) cərimə, yaxud 10-15 sutka həbs nəzərdə tutulub.
Təkrar pozuntuya görə 112 min 500- 150 min somoni (12 min 155 - 16 min 206 dollar) cərimə, yaxud 1 ildən 2 ilədək həbs kəsilir.
2026-cı il yanvarın 1-dən cərimənin məbləği də artacaq.
Fransa Putinlə dialoqu necə qurmağa qərar verəcək
Fransa prezidenti Emmanuel Makronun ofisi Kremlin Rusiya və Fransa liderlərinin dialoquna hazır olmasını alqışlayıb. Yelisey sarayı dekabrın 21-də bildirib ki, "yaxın günlərdə daha yaxşı hərəkət etməklə bağlı qərar verəcəyik".
Bəyanatda qeyd olunur ki, dialoq Avropa İttifaqının (Aİ) digər üzvləri və Ukrayna ilə koordinasiyalı şəkildə aparılmalıdır, məqsəd isə sülh əldə etmək olmalıdır.
Ötən həftə Aİ sammitində Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması üzrə qərar verilsə də, Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı razılığa gəlinməyib. E.Makron isə sammitin yekununda deyib ki, Avropa sülh danışıqlarında daha aktiv rol oynamaq üçün Rusiya ilə dialoqun bərpası yolunu tapmalıdır. Hazırda danışıqları ABŞ aparır. Makron vurğulayıb ki, bu dialoq açıq olmalı, Ukrayna ilə koordinasiya edilməlidir.
Rusiya prezidenti Vladimir Putinlə danışmaq "yenidən faydalı olmalıdır", - o vurğulayıb.
Makronla Putin sonuncu dəfə 2022-ci ilin fevralında Moskvada görüşüblər. Bir neçə gün sonra Rusiya Ukraynaya təcavüzkar müdaxiləyə başlayıb. Sonradan onlar bir neçə dəfə telefonla danışıblar. Bu ilin iyulunda Makron bir daha Putinə zəng edib, amma heç bir nəticə əldə olunmayıb.
Kremlin sözçüsü Dmitri Peskov daha öncə bir neçə dəfə Putinin Makronla dialoqa hazır olduğunu bildirib.
"The Financial Times" mənbələrə istinadla yazıb ki, Aİ-nin sammitində Makron Almaniya kansleri Fridrix Mertsin opponentlərini dəstəkləyib. Onlar Ukraynaya kredit verilməsində Rusiya aktivlərindən istifadəyə qarşı çıxıblar. Bu mövqeyi Belçika və İtaliyanın baş nazirləri dəstəkləyib.
Putin ötən həftə Avropa liderlərinə "çoşqa" deyib. O, Avropanı ABŞ-nin sülh təşəbbüsünü yubatmaq, yaxud pozmaq istəyində suçlayır.
Avropa liderləri isə danışıqlarda ABŞ və Ukrayna ilə ünsiyyət qurub. Moskva danışıqları xüsusi elçilərlə birbaşa Vaşinqtonla aparır.
Tramp Ermənistan da daxil, 29 ölkədən səfirləri geri çağırır
Donald Tramp administrasiyası 30-dək ölkədən səfirləri, digər yüksəkvəzifəli səfirlik əməkdaşlarını geri çağırır.
“The Associated Press” yazır ki, ötən həftə azı 29 ölkədəki diplomatik missiyalara bu barədə xəbər verilib. Xəbəri Dövlət Departamentinin iki rəsmisi anonimlik şərti ilə danışıb.
Geri çağrılanların hamısı Bayden administrasiyası dövründə vəzifəyə təyin olunublar. Tramp ikinci prezidentlik dönəminə başlayanda ilk olaraq siyasi təyinatlara baxmışdı.
ABŞ səfirləri adətən 3-4 il xidmət edirlər, amma prezidentin istəyi ilə bu müddət dəyişə bilər.
Afrikada 13 ölkədən səfirlər geri çağırılır, bu sırada Niger, Nigeriya, Somali, Madaqaskar var.
Asiyadan altı, Avropadan dörd (Ermənistan, Makedoniya, Monteneqro, Slovakiya) ölkə siyahıda yer alıb.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ötən ilin dekabrında səhhəti ilə əlaqədar istefa verib. ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon bu ilin iyulundan Bakıda fəaliyyətə başlayıb.
Ukrayna və Rusiya meyitləri dəyişiblər
Ukrayna və Rusiya həlak olan şəxslərin meyitlərinin daha bir mübadiləsini aparıblar. Məlumatı Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski verib.
Qərargahın bildirdiyinə görə, Ukraynaya 1003 nəfərin meyiti qaytarılıb.
Medinski yazıb ki, Ukraynaya 1000 cəsəd, Rusiyaya 26 cəsəd verilib. O, mübadilənin İstanbul razılaşmaları çərçivəsində aparıldığını deyib.
2025-ci il iyunun 2-də İstanbulda birbaşa danışıqların ikinci raundunda Ukrayna və Rusiya bütün ağır xəstə hərbi əsirlərin, həlak olmuş hərbçilərin meyitlərini "6 minə 6 min" formulu üzrə, eləcə də 18-25 yaş arası şəxslərin mübadiləsinə razılaşıblar. Artıq bu saydan daha artıq meyit dəyişdirilib. Daha öncəki mübadilə noyabrda gerçəkləşib.
Ukrayna prezidenti Volodimir Zelenski daha öncə demişdi ki, həlak olanların cəsədlərinin mübadiləsi zamanı Rusiya Kiyevə ukraynalı olmayan 20 nəfərin cəsədini verib. Rusiya tərəfinin buna reaksiyası ilə bağlı sualı isə belə cavablandırıb: "Heç cür. Deyirlər ki, bu mümkün deyil".
Belçikada fermerlər polislə toqquşub
Dekabrın 18-də Belçika polisi fermerlərin nümayişində gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Avropa İttifaqı-MERKOSUR azad ticarət sazişinə qarşı etirazda zorakılıq baş verib, bəzi etirazçılar polisə daş, kartof atıblar, pəncərələri sındırıblar.
Zorakılıq artdığı bir vaxtda polis müdaxilə edib, etirazçılardan bəzilərini saxlayıb. Bir traktor çevik polis alayının üstünə sürüb, amma xəsarət alan olmayıb. Jurnalistlər də hədəf alınıb.
Brüssel polisi 50 traktorla etirazın keçirilməsinə icazə verdiyini bildirib. Amma dekabrın 18-də səhər əsasən Belçika nömrələri ilə minədək traktor Belçika paytaxtına çatıb. Etirazçıların sayının isə 7 minə yaxın olduğu bildirilir.
Aİ liderləri Argentina, Boliviya, Braziliya, Paraqvay və Uruqvay bloku (MERKOSUR) ilə razılaşma imzalamağı müzakirə edib.
25 ildir qüvvədə olacaq ticarət paktının tənqidçiləri deyirlər ki, bu halda Avropa istehsalçılarının ziyanına ucuz mallar bazara dolar.
Aİ Komissiyasının prezidenti Ursula Fon der Lyayen dekabrın 19-da deyib ki, blokun yetərincə üzvü bu sazişi dəstəkləyəcək , sadəcə imzalama azacıq ertələnib. O, imzalanmanın yanvara keçirildiyini söyləyib. İtaliya möhlət tələb edib.
Tramp 'Green Card'ı dayandırır
ABŞ prezidenti Donald Tramp dekabrın 18-də ABŞ-yə girişə icazə verən "Green Card" lotereya proqramını müvəqqəti dayandırıb.
Braun Universiteti və MIT-də atışmalar törətməkdə şübhəli bilinən şəxs Birləşmiş Ştatlara məhz bu proqramla daxil olub.
Daxili təhlükəsizlik naziri Kristi Noem X sosial platformasında yazır ki, Trampın göstərişi ilə o, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə proqrama fasilə vermək əmri verib.
"Bu mənfur insan ölkəmizə buraxılmamalı idi", – o, şübhəli, Portuqaliya vətəndaşı Klaudio Neves Valente barədə deyib.
48 yaşlı Neves Valente dekabrın 18-də axşam özünə açdığı atəşdən ölü tapılıb, - rəsmilər belə deyirlər. Braun Universitetində iki tələbə öldürülüb, doqquzu yaralanıb, MIT-də isə bir professor qətlə yetirilib.
Neves Valent 2000-ci ildə tələbə vizası ilə Braunda təhsil almağa başlayıb. 2017-ci ildə ona immiqrasiya, aylar sonra daimi yaşayış vizası verilib. Amma 2001-2017-ci illərdə harada olduğu bəlli deyil.
İmmiqrasiya vizası proqramı ilə hər il 50 minədək "green card" verilir. Bu lotereyanı Konqres yaradıb, əsasən ABŞ-də az təmsil olunan ölkələrdən, Afrikadan olanlara verilir.
2025-ci ildə proqrama 20 milyonadək insan müraciət edib, azı 131 min nəfər seçilib, buraya qaliblərin xanımları da daxildir. Amma qalib olandan sonra onlar xüsusi yoxlamadan da keçirlər. Portuqaliya vətəndaşları cəmi 38 yer qazanıb.
Tramp uzun müddət idi viza lotereyasına qarşı çıxırdı. Noyabrda Ağ ev yaxınlığında Milli Qvardiyanın iki üzvünü bıçaqlamaqda bir əfqan şübhəli bilinib. Bundan sonra Tramp administrasiyası Əfqanıstan və digər ölkələrdən immiqrasiyanı məhdudlaşdırıb.
Tramp ilsonu çıxışında daha çox Baydeni tənqid edib
ABŞ prezidenti Donald Tramp dekabrın 17-də Ağ evdə bayramqabağı çıxışını edib. O, vəzifədə olduğu bir ili uğur hekayəsi kimi təqdim edib. Bu arada amerikalılar iqtisadiyyat sarıdan narahatdırlar, respublikaçıları 2026-cı ildə Konqresə gərgin aralıq seçkiləri gözləyir.
Tramp təxminən 20 dəqiqəlik çıxışında sələfi, demokrat Co Baydeni tənqid edib, bir sıra sahələrdə problemlərə görə məhz onu günahlandırıb.
Ağ evin sözçüsü Kerolayn Livitt jurnalistlərə demişdi ki, Tramp çıxışında yeni siyasətinə toxuna bilər, amma "Reuters" onun gələcək planları barədə çox az danışdığını yazır.
Tramp növbəti həftə ərzində 1.45 milyondan çox Amerika hərbçisinə birdəfəlik 1776 dollar ödəniləcəyini deyib. O, həmçinin respublikaçıların səhiyyə sığortasını kompensasiya etmək üçün ictimaiyyətə nağd pul vermək təklifinə dəstək bildirib. İndiyədək bu məsələ səhiyyə subsidiyaları ilə ödənir. Amma respublikaçıların təklifi Konqresdə yetərincə dəstək almalıdır.
Bayden administrasiyasını ittiham edən Tramp qiymətlərin yuxarı olması fikri ilə razılaşsa da, ölkəni iqtisadi dirçəliş gözlədiyini vurğulayıb.
"Yüksək qiymətləri salıram, çox sürətlə salıram", – o deyib.
Çıxışdan sonra demokratlar deyiblər ki, Tramp amerikalıların problemlərinin həlli üçün çox az həll təklif edib.
Tramp onu da deyib ki, 16 trilyon dollarlıq investisiya cəlb edib, yeni iş yerləri yaradılacaq, zavodlar açılacaq.
Prezident xarici məsələlərə az yer ayırıb. O, İranla müharibədən, Qəzzadakı sülh səylərindən danışıb. Amma Ukraynadakı müharibəyə, Venesuelaya ilə hərbi gərginliyə toxunmayıb. Latın Amerikası sahillərində gəmilərə zərbələrdə 100-dək insan öldürülüb. Tramp həmçinin Venesueladan neft daşınmasını tamamilə bloklamaq vədi verib. Ötən gecəki çıxışında isə bu məsələlərə toxunmayıb.