Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:18

Qızılın qiyməti qalxıb


Bakının, Azərbaycanın öz qızılı var. Bir qramı 46 dollardır
Bakının, Azərbaycanın öz qızılı var. Bir qramı 46 dollardır
«Qızıl taxtın olunca qızıl bəxtin olsun» – Bakıda qızıl bazarından əli ətəyindən uzun geri qayıdanların təsəllisidir bu.

Paytaxtın zərgərlik məmulatları dükanları son günlər alış-veriş mərkəzindən çox sərgiyə bənzəyir: adda-budda gözə dəyən alıcılar qızılları ziyarət etməklə kifayətlənirlər.

«TƏK QIZIL QALXMAYIB Kİ...»


Bakı sakini Rəşad Şıxəliyev qızıl dükanları ətrafında gəzişdikdən sonrakı müşahidələrini deyir:

«Qızılın qiyməti günü gündən qalxır. Hər şey qalxıb onsuz da. Tək qızıl qalxmayıb ki... Ərzaq da, qızıl da bahalaşır».

Qızılın alışı ilə məşğul olan Emin Babaşi deyir ki, qızılın qiyməti qalxa-qalxa son 1 ayda öz yüksək həddinə çatıb:

1 AYDA 5 FAİZ BAHALANMA


«Son bir ayda 5 faiz qalxıb qiymət. Bu, məncə, neftin qiyməti ilə əlaqədardır».

Qızıl məmulatlarının ətrafında daha çox hay-küy Mərkəzi Univermaqda gözə dəyirdi. Amma univermağın qızıl mütəxəssisi Yaşar Əliyevin fikrincə, bu, heç nədən hay-küydür:

«Bilirsiz ki, millətimiz həmişə qızılpərəst olublar. Qızıl saxlayıblar oğluna, qızına. Amma indi alıcılıq səviyyəsi azalıb. Niyə azalıb? Çünki qızıl çox bahadır, sərf eləmir camaata. Mən Mərkəzi Univermaqdan deyə bilərəm ki, bura ümumiyyətlə, gələn insanların sayı da azalıb. 8 martda, 31 dekabrda necə olmasa da, insanlar bir-birinə qızıl hədiyyə verirdilər, indi o hədiyyələr azalıb».

Ərəb dünyasında vəziyyətlə, həm də iqtisadi problemlərlə əlaqədar qızılın qiyməti dünyada kəskin şəkildə qalxıb
Mərkəzi Univermaqda Türkiyənin, Dubayın, Rusiyanın qızılları ilə yanaşı, Bakıda hazırlanan qızıl məmulatları satılır. Qiymətlər də ölkədə-ölkəyə, firmadan-firmaya fərqlənir:

«750 əyarın 1 qramı 40-45 manatdır. O da baxır hansı ölkədə istehsal olunub, hansı firmanındır. Türk qızılı 30-35 manatadır. Rus qızılı da elə həmin şeydir, 583 əyardadır. Bakının, Azərbaycanın öz qızılı var. Bir qramı 46 dollardır».

Yaşar Əliyev deyir ki, qızılını satan insanların da sayı azalıb. Onun fikrincə, buna səbəb sosial vəziyyəti ucbatından qızılların çoxdan satışa çıxarılmasıdır.

ƏRƏB DÜNYASINDAKI HADİSƏLƏR QIZIL QİYMƏTİNƏ TƏSİR EDİB

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda qızılın qiymətinin artmasına həm dünyadakı bahalanmanın, həm də yerli amillərin öz təsiri var:

«Ərəb dünyasında, Yaxın Şərqdə olan vəziyyətlə, həm də iqtisadi problemlərlə əlaqədar qızılın qiyməti dünyada kəskin şəkildə qalxıb. Bunun ölkəyə təsirləri də olur, təbii ki. Çünki ölkə əsasən xaricdən qızıl məmulatları alır. Rusiyadan, ərəb ölkələrindən, Türkiyədən qızıl məmulatları alınıb-satılır. Bu da qiymətin artımına təsir edir. Bir də Azərbaycanın spesifik xüsusiyyətlərinin də təsiri var. Bütün başqa sahələrdə olduğu kimi, neqativ hallarla, korrupsiya hallarıyla da bağlıdır».

AZƏRBAYCANIN 275 KİLOQRAM QIZILI VAR

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti əmtəəlik qızılı əsasən
Gədəbəydə qızıl zavodu
Hasilatın Pay Bölgüsü haqqında imzaladığı sazişlər çərçivəsində əldə edir. 29 Mart 2011-ci il tarixinə olan məlumata əsasən, hökumətin Gədəbəy qızıl filiz yatağından mənfəət payı şəklində aldığı qızılın miqdarı 8862.0 troy unsiya (275.6 kiloqram) təşkil edir.

Alınmış qızıl saflaşdırma ilə 999.9 əyyar səviyyəsinə çatdırıldıqdan sonra standart qızıl külçələr şəklində Mərkəzi Bankda saxlanılır.

Maliyyə naziri Samir Şərifov bir ay öncə jurnalistlərə demişdi ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır:

«Bildiyiniz kimi, «Anglo-Asian Mining» şirkəti ilə Azərbaycan hökuməti arasında Hasilatın Pay Bölgüsü üzrə Saziş mövcuddur. Sazişə uyğun olaraq, əldə olunan qızılın müəyyən həcmi xərclər çıxıldıqdan sonra Azərbaycan dövlətinin payına düşür. Buradan qızıl saflaşdırmaq üçün İsveçrəyə göndərilir. Ondan sonra külçələr şəklində Azərbaycana gətirilərək Mərkəzi Bankda saxlanılır».

Nazir onu da bildirib ki, İsveçrədə Azərbaycan qızılı yığılır və hər dəfə 100 kq az olmayan hissələrlə ölkəyə gətirilir.
XS
SM
MD
LG