Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Cabbar əmi 150 yaşına çatdı... amma məzarı başında anılmadı


Kəmalə Musazadə
Kəmalə Musazadə
Martın 31-də xanəndə Cabbar Qaryağdıoğlunun 150 yaşı tamam olur. Hər zaman ustad xanəndənin xatirəsini yad edən AzadlıqRadiosu bu yubileyi gözardı edə bilməzdi. İki il öncə Cabbar əmi haqqında film çəkən rejissor Kəmalə Musazadə ilə atüstü müsahibəni həm dinləyə, həm də oxuya bilərsiniz.

--Kəmalə xanım, ötən il AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olarkən Cabbar əminin qarşıdan gələn 150 illik yubileyinə hazırlıqdan da danışmışdınız. Yubileyə hazırlıq nə yerdədir?

--Elədir, ötən ildən mən bir sıra təşkilatlara bu yubileylə bağlı müraciət etmişəm—Mədəniyyət və Turizm Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə, Heydər Əliyev Fonduna. 150 illik yubileyin təntənəli şəkildə qeyd olunması barədə 2010-cu ildə imzalanmış prezident sərəncamı da var. Nəzərinizə çatdırım ki, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət bölməsinin təşkilati dəstəyi ilə aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində Cabbar Qaryağdıoğlunun 150 illiyi ilə bağlı tədbir keçiriləcək. Hazırda tanınmış rejissor Hafiz Quliyevlə iş birliyindəyik. Tədbirin Cabbar əminin adına layiq möhtəşəm keçməsi üçün çalışırıq.

KAŞ TƏDBİR SARAYDA BAŞ TUTAYDI!

--Sirr deyilsə, ucundan-qulağından deyə bilərsinizmi, Cabbar əminin yubileyi nə ilə yadda qalacaq?

--Yadda qalacaq-qalmayacaq—bu, tədbirdən sonra bilinəcək. Amma məni qayğılandıran bir məqam var. Kaş ki, bu tədbir Heydər Əliyevin adını daşıyan sarayda baş tutaydı! Və yaxud Filarmoniyada, heç olmasa, Opera Teatrında keçiriləydi. Əgər Qaryağdıoğluna muğam sənətinin babası deyiriksə, bu yolda bir çox ilklərə imza atan şəxsiyyət kimi qiymətləndiririksə, onun yubileyini daha böyük məkanda qeyd etməliyik. Muğam Mərkəzində isə 350-360 yer var. Fikrimcə, bu yer möhtəşəm tədbir keçirmək üçün kiçikdir. Cabbar Qaryağdıoğlu 1944-cü ilin 28 aprelində dünyasını dəyişəndə, onu Filarmoniyadan son mənzilə yola salıblar. Yubileyi də orada qeyd oluna bilər.

-- Kəmalə xanım, bu fikirlərinizi gərəkli məqamlara çatdırmısınızmı?

- Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Fərəh Əliyeva ilə görüşmüşəm. Bütün lazımi materialları təqdim etdim və işə başlamağa qərar verdik. Gözləyirik. Fikrimcə, bu nə Fərəh xanımın, nə də mənim səlahiyyətimdə olan məsələ deyil.

CABBAR ƏMİ İLK DƏFƏ MƏCNUN OLUB

--Salonun böyüklüyü tamaşaçı çoxluğu baxımından sizi çəkir, yoxsa bu darlıq bir rejissor kimi Sizin imkanlarınızı məhdudlaşdırır?

Fikrimcə, Cabbar əminin bir sənətkar kimi yetişməsində həyatının Bakı dövrü çox böyük imkanlar verib
--Həm o, həm bu. Belə salonda əl-qol atmaq mümkün deyil. Bax, Cabbar əmi Məcnun kimi ilk dəfə 1897-ci ildə Şuşada səhnəyə çıxıb. Bunu canlandırmaq olardı. Amma o mərkəzin imkanları məhduddur. Orada ancaq mənim çəkdiyim filmdən fraqmentlər göstərmək mümkündür. Yeri gəlmişkən, sizin diqqətinizə çatdırım ki, mən bu mövzuya bir də qayıdacağam.

İKİNCİ FİLMİ ÇƏKMƏK ƏRƏFƏSİNDƏYƏM

-- Nə şad xəbər! Film öz yerində, Siz həm də Cabbar əminin Yasamal qəbiristanlığında itib-batmış məzarını tapan şəxssiniz. İkinci dəfə film çəkmək imkanınızın olması məni sevindirdi…

--İllər öncə «Adsız məzar» adı ilə başlamışdım filmə. Amma sonda adı dəyişib «Cabbar Qaryağdıoğlu» oldu. Hələ növbəti filmin adını müəyyənləşdirməmişik. Azərbaycan Televiziyasının «Telefilm» sənədli filmlər studiyasında artıq hazırlıqlar gedir. İnşallah, gələn həftədən işə başlamaq fikrimiz var.

TANRI MƏNİ EŞİTDİ

-- Aradan keçən kiçik zaman fasiləsində təkrar mövzuya qayıtmaqla filmə hansı yeni çalarlar qazandıra biləcəksiniz?

--Birinci filmdə istədiklərimi gerçəkləşdirə bilmədim. Bəlkə də təcrübəsizlikdən qaynaqlanırdı, institutu təzə bitirmişdim, ilk işim idi. Cəsarətsizlik, başqalarının sözünə uymaq da müəyyən rol oynadı. Keçən il haradasa dilimə gətirdim ki, mən bu mövzuya bir də qayıdacağam-- daha yaradıcı yanaşmaq şərti ilə. Belə bir söz var, deyirlər Tanrı insanın taleyini dilindən eşidib yazır. Bax, bu mənim başıma gəldi. Edə bilmədiklərimi bu filmdə etmək istəyirəm. Təəssüf ki, o filmin çəkilişində operator Köçəri Məmmədov dünyasını dəyişdi. Film yarımçıq qaldı. Hətta son montaj işlərində mən də iştirak edə bilmədim. Böyük stress keçirdim. Çünki Köçəri Məmmədov mənə həm ata, həm də dost idi. Ölümündən sonra onun haqqında veriliş də hazırladım. İndi Köçəri müəllimə həsr olunmuş kitab üzərində işləyirəm. Bu ilin oktyabrında onun 65 yaşı tamam olur. Qayıdaq əsas mövzumuza. Fikrimcə, Cabbar əminin bir sənətkar kimi yetişməsində həyatının Bakı dövrü çox böyük imkanlar verib. Həmin bu dövr keçən filmdə tamaşaçının gözü qarşısında tam canlanmamışdı. İndi bu məqama xüsusi diqqət vermək fikrindəyəm.

MƏZAR KÖÇÜRÜLMƏYİB, MƏZARI BAŞINDA HEÇ KİM YOX…


-- Kəmalə xanım, ötən il Cabbar əminin məzarının Fəxri Xiyabana köçürülməsi ilə bağlı imzatoplama kampaniyasına girişmişdiniz. Nə ilə nəticələndi?

--Fəxri Xiyabana köçürülməsi ilə bağlı dövlət başçısına, fondlara, nazirliklərə müraciət göndərdik. Hələlik bir xəbər yoxdur. Bu, çox ağır bir proseduradır. Xüsusi sərəncama ehtiyac var. Yubileydən sonra bu işlə məşğul olmaq istəyirəm.

--Son sual. Bu gün Cabbar Qaryağdıoğlunun məzarını kim ziyarət etdi?


--Məncə, heç kim. Ötən il də təşəbbüs irəli sürmüşdüm. Heç kəs səsimə səs vermədi…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG