Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Uzağı görən şairlər


Seymur BAYCAN


Düz iki həftədir "Xural" qəzetində Bəydadaş Cəfərli adlı şairin (o, həm də Azərbaycan vətəndaşıdır) şeirləri dərc olunur.

Bəydadaş müəllim öz şeirlərində Hüsnü Mübarəki, Qəddafini səmimi qəlbdən yıxıb-sürüyüb. Hüsnü Mübarəkin, Qəddafinin ünvanına çox sərt misralar yazıb.

Hətta onları təhqir belə edibdir. Şair öz şeirlərində qeyd edib ki, ay Qəddafi, ey Hüsnü Mübarək, sizin əliniz xalqın qanına batıb, fironlara qalmayan dünya sizə də qalmayacaq, bəsdir var-dövlət yığdınız, bəsdir xalqa zülm etdiniz...

Şeirlərdə şairin hikkəsi, qəzəbi, nifrəti, əsəbi vulkan kimi püskürüb.

Nədənsə, bizim şairlərin uzaqlarda baş verən hadisələrə reaksiyası çox qəzəbli olur. Bizim şairlər uzaqlarda baş verən hadisələrə həm də çox operativ münasibət bildirirlər.

Məsələn, bir vaxtlar Fikrət Qoca kimi şairlər Vyetnam, Kuba xalqlarının mübarizəsi haqqında çox alovlu, qəzəbli, şiddətli poemalar, şeirlər yazırdılar. Həm yaxşı qonorar alırdılar, həm tanınırdılar, həm də Soçidə, Yesentukidə-filanda çəkdikləri əziyyətin dadını çıxarırdılar.

Zaman ötdü və bir çox hadisələr baş verdi. Fikrət Qoca kimi şairlər heç sıxılmadan dedilər ki, əslində, onlar o vaxtlar Vyetnam, Kuba xalqının mübarizəsindən yazanda Azərbaycan xalqını nəzərdə tuturmuşlar.

Yəni, əsər Vyetnam, Kuba xılqının mübarizəsindən bəhs etsə də, müəllif ürəyində Azərbaycan xalqının gələcəyi ilə bağlı bərk narahatlıq keçirirmiş. Onlar hələ o vaxtlar gələcəkdə Azərbaycanın müstəqil ölkə olacağını bilirmişlər.

Nə deyəsən, kimə nə sübut edəsən? Azərbaycanın müstəqilliyi əleyhinə səs vermiş Zeynəb Xanlarova müstəqil Azərbaycanın "İstiqlal" ordenini alırsa, yəqin ki, heç kimə heç nə sübut etmək mümkün olmayacaq.

Yəqin, bu gün hakimiyyəti vəsf edən şairlər, sabah vəziyyət dəyişəndə özlərini dissident elan edəcəklər. Ki, guya hansısa misrada gizli məna varmış.

Məsələn, Anar Rzayev bir vaxtlar "Yaxşı padşahın nağılı" adlı bir şey yazmasıyla fəxr edir. İndi isə İsmayıl Ömərov "Təhminə" filminin bəzi hissələrini "qayçılayır", amma Anar Rzayevin səsi çıxmır.

İsmayıl Ömərova söz deyə bilməyən adamın sovet imperiyası zamanında guya nəsə şübhəli əsər yazmasına mən necə inanım?

Başlarını aşağı salmaq əvəzinə, hələ bir dissident də olmaq istəyirlər. Bunlar istəyirlər ki, həm yaxşı yaşasınlar, həm kabinetdə otursunlar, həm pul qazansınlar, həm uşaqları səfir olsun, həm xalq bunları sevsin, üstəlik də adları qəhrəman kimi çıxsın...

Görəsən, hörmətli Bəydadaş müəllim Hüsnü Mübarək haqqında alovlu şeir yazanda Hüsnü Mübarəkin Xırdalanda yerləşən heykəlini niyə unudub?

Hüsnü Mübarəkin Xırdalanda yerləşən heykəli polis nəzarətindədir. Amma nə məsələdirsə, Hüsnü Mübarək hakimiyyətdən gedəndən sonra onun heykəli sürətlə çürüməkdə, pas atmaqdadır.

Hərçənd, heykəlin pas atması möcüzə sayılmalıdır. Görünür, heykəli hazırlayan nəsə kələk işlədibdir. Ola bilsin, adam heykəli misdən, tuncdan hazırlamalı imiş, dəmirdən hazırlayıb. Bilmirəm.

Sözün açığı, mənim heykəllərdən o qədər də başım çıxmır. Əsas odur ki, Hüsnü Mübarəkin Xırdalandakı heykəli sürətlə çürüməkdə, pas atmaqdadır. Və Bəydadaş müəllim şeirində bu haqda bircə misra da yazmayıb.

Bəydadaş müəllim Misirdə baş verən hadisələri gördüyü halda, Hüsnü Mübarəkin Xırdalanda yerləşən heykəlini niyə görmür?

Yadıma Alim Qasımov düşdü. Müsahibələrinin birində Alim Qasımov özünü sufiliyə vuraraq demişdi ki, mən səsi görürəm.

Şahvələd Çobanoğlu yazısında Alim Qasımova çox məntiqli bir sual ünvanlamışdı: "Əgər sən səsi görürsənsə, bəs seçkilərdə oğurlanan səsləri niyə görmürsən?"

Gəlib çatdıq önəmli bir məsələyə. Şeirlərində Hüsnü Mübarəki, Qəddafini asıb-kəsən, onlara lənətlər yağdıran şair Bəydadaş Cəfərli həm də Azərbaycan Yazıçılar Birliyinin min beş yüz üzvündən biridir. Qəddafini, Mübarəki vəzifədən, hakimiyyətdən dörd əlli yapışmaqda qınayan şair nədənsə öz sədrinin iyirmi dörd il eyni kreslodan yapışmasına dözümlü yanaşır.

İyirmi dörd il az vaxt deyil. Anar Rzayev sədr kreslosuna görə son illərdə ən ağır yazıları, ən ağır cümlələri, ən ağır sözləri öz ünvanına şövqlə qəbul etdi.

Tarix belə vəzifə hərisini (nəzərə alaq ki, o, həm də guya yaradıcı adamdır) bir də çətin görsün. İyirmi dörd il ərzində Anar Rzayev neçə rəhbər qəbul etdi, neçə rəhbər yola saldı. Rəngdən-rəngə düşdü.

Həkimlər ona qəzet oxumağı qadağan etdilər, amma o yenə də sədr kreslosundan əl çəkmədi. İlahi, görəsən, bir insanda kresloya hədsiz məhəbbət hardan qaynaqlanır? Özü də bu dərəcədə...

Bu adam haqqında yazmadığımız söz qalmadı, amma o yenə də öz kreslosundan əl çəkmək niyyətində deyil. Beş-üç qram hörməti vardı, kresloya sevgisi bu hörməti də öldürdü.

Anar Rzayev məmur olmağı söz adamı olmaqdan üstün tutdu. Hamını özünə güldürdü. Doğrusu, yaşı yetmişi ötmüş Anar Rzayevin kreslo sevgisini anlaya bilmirəm.

Əgər Anar Rzayevin kreslo sevgisini anlasaydım, yəqin Azərbaycan Yazıçılar Birliyinin min beş yüz üzvündən biri də mən olardım.

Əgər Anar Rzayevin kreslo sevgisini anlaya bilsəydim, yəqin mən də öz sədrimin iyirmi dörd il vəzifədə qalmasını görməyib, Qəddafinin, Mübarəkin dünya malına hərisliyi, qana susaması, hakimiyyətdən dördəlli yapışması haqqında alovlu, şiddətli, lənət, nifrət dolu şeirlər yazıb, "Xural" qəzetində dərc etdirərdim.

abzas.net

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG