Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

«Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun!»


«Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin döyülməsi ilə bağlı işi daxili işlər naziri Ramil Usubov öz nəzarətinə götürüb. Bunu martın 29-da- «Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun!» adlı ictimai forumda Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib. Mehman Əliyevin sözlərinə görə, bir gün əvvəl- martın 28-də Mətbuat Şurasının sədri Əflatun Amaşov və Media Hüquqları institutunun rəhbəri Rəşid Hacılı ilə birlikdə Ramil Usubovla görüşdə olublar:

«MƏN NİKBİN DEYİLƏM»

«Ramil Usubov istintaqın gedişində şəffaflığı təmin etmək üçün bizi əməkdaşlığa dəvət etdi. Prinsipcə biz o dəvəti qəbul etdik. Ancaq mən o qədər də nikbin deyiləm. Çünki jurnalistlərə qarşı baş verən hadisələrin tapılıb cəzalandırılmadığını bilirik. Ancaq baxaq, görək nə olur».

Ramil Usubovun tapşırığı ilə bu işlə məşğul olacaq istintaq qrupuna DİN İstintaq İdarəsinin və Baş Prokurorluğun nümayəndələri də daxil edilib.

Seymur Həziyev isə nəticəyə inanmır və istisna etmir ki, bu cinayətin arxasında hüquq mühafizə orqanlarının hansısa dayanır. Həziyevin fikrincə, onu oğurlatdırıb döydürənlər tapılıb üzə çıxarılsa, bir neçə məmur vəzifədən getməlidir. Siyasi hakimiyyət isə buna imkan verməz.

«Bu cür hadisələrin arxasında siyasi motiv dayanır. Hakimiyyət onların açılmasında maraqlı olmur. Və ya belə hadisə nəticəsində zərər çəkmiş insanlara qarşı sonradan qərəzli mövqe tutur. Burada yalnız bir yol var. Hakimiyyət bu cinayətin üstünü açıb, deyilənlərin əksini sübut etməlidir».

Ramil Usubov
RAMİL USUBOV NARAHATDIR


Mehman Əliyevin sözlərinə görə, Ramil Usubov jurnalistin döyülməsinin hakimiyyətin adına bağlanmasından narahat olduğunu da bildirib. Deyib ki, bu, hansısa başqa bir qüvvənin işidir. Nazir hakimiyyətin də bu cinayətin üstünün açılmasında maraqlı olduğunu bildirib.

Seymur Həziyevin sözlərinə görə isə hakimiyyət müəyyən məlumatlar sızdırmaqla cəmiyyəti inandırmağa çalışır ki, Prezident Adminstrasiyası bu işin üstünün açılmasında maraqlıdır. Amma hakimiyyətdəki başqa qruplar, hüquq mühafizə orqanları müxtəlif təşəbbüslərlə bu işin araşdırılmasında maraqlı görünmürlər.

Keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, daxili işlər nazirinin xüsusi nəzarəti ilə belə bir istintaq qrupunun yaradılması heç nəyi dəyişmir. Çünki həmin qrupun bu istiqamətdə konkret bir iş görəcəyi inandırıcı deyil:.

İCRAÇILARI TANIYIRLAR?

«Zamin Hacının döyülməsi, Bahəddin Həziyevin qabırğalarının və ayaqlarının sındırılması, Kamil Tağısoyun qabırğalarının qırılması, Elbəyi Həsənlinin oğurlanaraq başına torba keçirilib Naxçıvana aparılaraq zopalanması və sair. Jurnalistlərin belə hallarla üzləşməsi faktları çoxdur. Bunların hansında əməliyyat istintaq qrupu işləyib və cinayətin üstünü açıb? Heç birində. Kimlər məsuliyyətə cəlb olunub? Heç kim. Çünki hüquq- mühafizə orqanlarının işçiləridir bunu edənlər. İcraçılar hüquq- mühafizə orqanları səviyyəsində tanınırlar. Hüquq- mühafizə orqanları bilirlər kimdi bunu edənlər».

Mahmud Hacıyev
Mahmud Hacıyev
deyir ki, cinayət tərkibli əməllər bir açıq şəraitdə, bir də gizli şəraitdə baş verir. Gizli şəraitdə baş verən cinayətin –məsələn oğurluğun üstünün açılmasında əməliyyatçılar çətinə düşə bilərlər. Amma açıq şəraitdə baş verən cinayətlərin üstünü açmaq daha asan olur. Seymur Həziyevin hadisəsi açıq şəraitdə baş verib. Bu işin üstünü açmaq üçün də yetərincə imkanlar var. Əgər belə bir cinayətin üstü açılmamış qalırsa, deməli hüquq- mühafizə orqanları bunu etmək istəmirlər. Mahmud Hacıyevin fikrincə, bu işin istintaqı da özündən əvvəlkilər kimi kağız üzərində aparılacaq. O da, mətbuatın, yaxud Seymur Həziyevin xətrinə yox, sadəcə lazım gəldikdə beynəlxalq təşkilatlara cavab vermək üçün.

«Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev martın 26-da gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlandığını və döyüldüyünü bildirir.
XS
SM
MD
LG