Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Bahalaşma olacaq?


Azər Mehtiyev
Azər Mehtiyev
«Bu il inflyasiya həddinin yüksək olması gözləniləndir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspert Azər Mehtiyev deyib.

«Tədqiqatlar da göstərir ki, bu il Azərbaycanda ikirəqəmli inflyasiya gözləniləndir. Ötən il Azərbaycan hökuməti qarşısına hədəf kimi 3 faizlik inflyasiya qoymuşdu. İlin sonunda məlum oldu ki, illik inflyasiya 5.7 faiz olub. Hətta il ərzindəki inflyasiyanın səviyyəsi bir qədər də artıq olub - 7.9 faizlik. Hökumət parlamentdə hesabat verəndə isə, ümumiyyətlə, bu barədə susdular».

Azər Mehtiyev deyir ki, Azərbaycanda qiymət artımının kökündə inhisarlar dayanır:

«Azərbaycanda qiymət qalxması bazar hadisəsi deyil, bilavasitə inhisar hadisəsidir. Bu inhisarında başında məmurlar dayanırlar».

«İlin sonunda biz daha yüksək bir rəqəmlə qarşı-qarşıya qala bilərik».

Bunu isə iqtisadçı Natiq Cəfərli deyib. O bildirir ki, qiymət artımının və inflyasiyanın bir çox səbəbləri var:

«Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var. İndiki obyektiv səbəblər ondan ibarətdir ki, dünyada enerjidaşıyıcıların qiyməti kəskin şəkildə artıb. Həm də təbii fəlakətlər ərzaq qıtlığı ilə bağlı ajiotaj yaratdı. Bu da müəyyən ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb oldu. İdxal inflyasiyası Azərbaycanda sürətlə artmağa başladı».

Qiymət artımının subyektiv səbəbləri isə Natiq Cəfərlinin fikrincə, korrupsiya və inhisarçılıqdır.

Hökumətin korrupsiyaya qarşı mübarizəsini ekspert sadə bir kampaniya adlandırıb.

«Bu sahədə REAL İŞLƏR GÖRÜLSƏYDİ, AZƏRBAYCANDA QİYMƏT ARTIMININ DAVAM ETMƏSİNİN MÜƏYYƏN MƏNADA QARŞISINI ALMAQ OLARDI. Qiymətlərin artımı göstərir ki, bu, ancaq kampaniya
Natiq Cəfərli
xarakterlidir».

Azər Mehtiyev isə bildirir ki, hökumətin korrupsiyaya qarşı elan etdiyi mübarizə onun yaddaşında iki əlamətlə qalıb. Birinci, yumurta islahatı, ikinci isə el arasında OBXSS deyilən nəzarətçilərin artması ilə. Ekspert onu da deyir ki, Azərbaycanda bəzi qiymətlər inkişaf etmiş ölkələrdəkindən də qat-qat bahadır:

«Azərbaycanda ərzaq məhsullarının qiyməti hətta Avropa ölkələrindən də yüksəkdir. Son 3-4 ildə Azərbaycanda demək olar ki, bütün ərzaq məhsullarının qiyməti 2-2.5 dəfə artıb. Bu dövrdə əmək haqlarının artması faizlərlə ölçülür. Nominal əməkhaqqının 60-70 faiz artması müşahidə olunub».

Natiq Cəfərli isə hesab edir ki, bunun qarşısını almaq üçün ciddi islahatlar aparılmalıdır:

«Struktur islahatlar, köklü radikal islahatlar olmalıdır. BUNLAR MÜƏYYƏN QORXU ÜZƏRİNDƏ QURULMUŞ MÜVƏQQƏTİ BİR SİYASƏTDİR. Bu islahatlar olmazsa, Azərbaycanda kiçik məmurlar böyük məmurlara qarşı üsyana qalxa da bilər. Normal sistem dəyişikliyi olmadan, ancaq amiranə metodlarla bu məsələləri həll etmək mümkün deyil».

Prezidentin yumurtanın qiymətinin aşağı salınması ilə bağlı verdiyi tapşırığa münasibət açıqlayan Natiq Cəfərli bunu biabırçı hadisə adlandırıb:

«Bu, həddən artıq böyük bir biabırçılıq idi. Hər hansı bir ərzaq məhsulunun qiyməti haqda prezidentin çıxış etməsi və onun qiymətini tənzimləməyə qalxması ölkə iqtisadiyyatının xəstə olmasının təzahürüdür».

XS
SM
MD
LG