Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

Məmməd İsmayıl. Bayat (5)


əvvəli

Tarix imtahanı üç gündən sonra olacaqdı...Vaxt gəlib çatmış, imtahan başlamışdı... Universitetin həyətindən keçib imtahan otağını axtarıb tapması xeyli çəkdi: Kor kimdi, nabələd! - Demirlərmi? Mayın sonları olsa da, hava küləkli idi. Və bu külək universitetin həyətini adamı sərxoş edən gözəgörünməz bir ətirlə doldurmuşdu. Hardansa iydə çiçəyinin qoxusu gəlirdi. Bakının neft, mazut, tozqarışıq bir surroqat yağan havasından iydə ətrini duymağın ayrı bir ləzzəti vardı. Və bu ətir onu bir andaca dağlar arasındakı kəndlərinə götürdü. Sanki uğuruna qədəmi sayalı bir mömin çıxmışdı. Və içindən keçdi ki, bu xeyirliyə işarədir, əgər bu neft, mazut qoxulu şəhərin havasını iydə ətri doldurmuşdusa, deməli, burada nəsə bir sirr gizlənib. Burnunun duyduğu ətrin ünvanını gözü ilə aramağa başladı. Qoxu onu əzəmətli universitet binasının yavaş-yavaş qaralmağa başlayan küncünə tərəf yönləndirdi. Qara fonda sapsarı çiçəkləri, gümüşü yarpaqları ilə gəlin kimi bəzənmiş bir iydə ağacı ucalırdı...
Başı bu düşüncələrə elə qarışmışdı ki, az qala imtahana gecikəcəkdi...Özünü tələsik imtahan gedən sinfin önünə yetirdi. İçəridə biri yaşlı qadın, o biri şişman, iki müəllim oturmuşdu...Bir neçə adam bilet çəkib fikirləşirdi. Ədəbiyyat şifahi­dən fərqli olaraq, Bayatı bu dəfə bilet çəkməyə daha tez çağırdılar. Yenə əyni-ba­şı bərbad gündə idi. Neçə gün idi, nə hamama getmiş, nə də paltarını dəyiş­mişdi, sızanaqlı üzünü tük basmışdı, quruyub çöpə dönmüşdü, ordu ordundan keçirdi...Amma bütün bunlar onun vecinə də deyildi. Əsas olan o idi ki, imtahanları başarı ilə verib universitetə qəbul olunaydı, sonra xoşbəxtliyin kələfi corab ilməsi kimi söküləcəkdi...İçəri girəndə saçları bəmbəyaz olan qadın müəllimə eynəyinin altından onu bir müştəri gözü ilə süzdü. Bayat biletini çəkib nömrəsini deyib arxa partalardan birində oturdu. Sualları bileti çəkən kimi gözdən keçirmişdi, üç sualın üçü də bildiyi şeylərdi. Birinci sual İkinci dünya müharibəsində düşmənə vurulan on zərbə idi. Bu suala elə cavab verəcəkdi ki, heç ondan, ədəbiyyat şifahi imtahanında olduğu kimi, o biri sualları soruşmaya­caqdılar. Suallar könlüncə idi. Hələ imtahana girmədən içəriyə boylanmış, divardan asılmış tarix xəritəsini görmüşdü. Həm də bu xəritənin üzərində müharibədə faşistlərə vurulan on zərbə böyük və qırmızı oxlarla işarətlənmişdi. İndi bileti çəkərkən məhz bu sualın da onun çəkdiyi biletdən çıxmasını gələcək uğura yozmuşdu, inşallah, bundan da beş alacaqdı. Alsaydı, əlbəttə, iş stajı olmasa da, universitetə qəbul oluna bilərdi...Cavab verməyə hazırlaşan gənclərdən biri yerindən qalxıb xəritəyə yaxınlaşanda Bayat da xəritəyə baxmaq fikrinə düşdü. Yenicə xəritənin önündə dayanmışdı ki, əvvəlki gənc yerinə qayıtdı. Bunu görən şişman müəllim:
- Sən orda nə edirsən, kimdən icazə alıb xəritəyə baxırsan, keç yerinə, lap beşə bilsən də, iki xalın kəsiləcək, - dedi. Bayat kor-peşman yerinə qayıtdı. İçində ondan əvvəl xəritədən istifadə edən tanımadığı gənci sallaqxana keçisinə bənzətdi. Sallaqxana keçisi qoyunları ölümə- qəssab bıçağına aparıb özü aradan çıxdığı kimi, bu gənc də xəritədən istifadə edib yerinə oturmuş, beləcə Bayatı həvəsləndirmiş, çanaq onun başında çatlamışdı. Bütün bunları fikirləşə-fikirləşə Bayat çıxılmaz vəziyyətdə qalmışdı, - kaş ayaqlarım qırılaydı, heç xəritəyə yaxın düşməyəydim, indi doğrudan da mənə "beş" yerinə "üç" versələr, halım-günüm necə olacaq? Bayat bu fikirdə ikən şişman müəllim əlinin işarəti ilə: - Sən gəl görək, - dedi. Halbuki, ondan əvvəl bilet çəkənlər hələ cavab verməmişdilər. Bayat imtahan vərəqini müəllimlərin qarşısına qoydu. Yaşlı qadın eynəyinin altından bir imtahan vərəqinə, bir Bayata baxıb şişman müəllimə tərəf əyilib qulağına nəsə pıçıldadı. Mal bir yana gedər, iman hər yana deyirlər. Bayat bu pıçhapıçı yüz yerə yozdu: Yəqin qiymətimi kəsməyi məsləhətləşirlər. Birinci sual "On zərbə" idi. Bu zərbələri harada, hansı mövqedə hansı ilin, hansı ayın, hansı günündə vurulduğunu saat dəqiqliyi ilə söylədi. Birinci suala könlü istədiyi kimi cavab vermişdi, amma şişman müəllim:
- Birinci sualı bilmədin, tarixləri də xəritədən yazmısan, keç ikinci suala, - dedi.
İstədi etiraz etsin, amma etmədi, - onsuz da bayaqdan məni qaralayıblar, indi də acığa salmayım, - deyə düşündü. İkinci sualı da bülbül kimi ötdü. Amma yenə də şişman müəllimin səsi ovqatını təlx etdi:
- İkinci sualı da bilmirsən, keç üçüncü suala.
Üçüncü suala könülsüz cavab verəcəkdi. Yox, onunku gətirmirdi, gətirsəydi, bu tanrıtanımaz müəllimlər onu yox, xəritədən ondan əvvəl istifadə edən gənci cəzalandırardılar.
Üçüncü sualın cavabını tamamlamağa imkan vermədilər:
- Heç nə bilmirsən, get, gələn il daha yaxşı hazırlaşıb gələrsən.
Bayatın başından sanki bir qazan qaynar su tökdülər:
- Müəllim, mən tarix kitabını əzbər bilirəm, harasından istəyirsinizsə sual verin, kəsməyin məni, yetim oğlanam, kimim-kimsənəm yoxdur, insafınız olsun, - deyə mızıldandı.
Yaşlı qadının eynəyinin altından baxan gözlərində dumanlı da olsa bir şəfqət işartısı vardı. Bayat gözucu da olsa bunu sezmişdi. Belə idisə, niyə bu şişman müəllimə belə Allahsız hərəkət etməyə imkan verir, deyə düşündü. Şişman müəllim ötkəm bir əda ilə:
- Başımızı aparma, çıx eşiyə, işimiz-gücümüz var,- dedi. Bayatın bütün ümidləri suya düşmüşdü, buna görə də suyu süzülə-süzülə qaralamalarını da ovcunda əzib qapıya doğru yönəldi, sanki arzularını gözündə qoyan bu müəllimlərin acığını ovcundakı kağızlardan çıxırdı. Qapının ağzında imtahana girməyə növbə gözləyənlər onu sual yağışına tutdular:
- Neçə aldın?
- Nə aldın?
- Nə düşmüşdü?
Bayat acıqlı-acıqlı:
- Nə alacam, kəsildim, - deyib imtahan gedən sinfin önündən uzaqlaşmaq istəyirdi ki, içəridən çıxan başqa bir gənc: - Bayat kimdir, Bayat, - dedi. Bayat geriyə döndü. Gənc:
- İmtahan listini kimə qoyub gedirsən, al vərəqini, təbriklər, beş almısan, - dedi.
Bayat imtahan vərəqini almağa macal tapmamış, bayaqdan ondan neçə aldığını soruşan gənclər yer-yerdən:
- Utanmırsan yalan danışıb, kəsildim deyirsən, biz sənin düşməninik?
- Ə, tapşırılıb, ona görə gözdən pərdə asırdı ki, tapşırıqla beş aldığını kimsə bilməsin.
Bu zaman imtahan vərəqini gətirən qarabuğdayı gənc:
- Nə kişinin üstə düşmüsünüz, onun necə cavab verdiyini, müəllimlərin ona kəsilirsən dediklərini öz qulağımla eşitdim və onun üstünə nahaq yerdən necə düşdüklərini öz gözlərimlə gördüm, amma sonra imtahan vərəqinə "beş" yazıb mənə verdilər ki, ona çatdırım, - cavabını verdi.
Bayat olub bitənlərə bir anlam verə bilmirdi. Bu pişik quyruğu ilə oynamalar, bilə-bilə heç bir şey bilmirsən demələr nə, bu sonradan verilən "beş" nə idi? Yataqxanaya gedə-gedə beynini çatladan bu cavabsız suallara cavab arayacaqdı. Amma sevincinin də həddi-hüdudu yoxdu, sizə zarafat gəlir, üç imtahandan on üç bal toplamışdı. Amma bu sevincə kölgə salan ixtisası üzrə işləməməsi idi.



* * *

İmtahanlar bitmişdi...Bir neçə günə qəbul olanların siyahisi asılacaqdı.Bayat yerində dura bilmir, gecələr yuxusu, gündüzlər qərarı yox idi, nə olacaqdı, necə olacaqdı? Universitetin həyətində qəribə şayiələr dolaşırdı. İmtahanların hamısından qiymət alanların sayı az idi. Amma deyirdilər ki, lap imtahanların hamısından üç almış olsalar da, ilk öncə, ixtisası üzrə işləyənlər qəbul olunacaqdı. İçini şübhələr didirdi. Bu şübhələrdən qurtarmaq üçün özünü qəbul komissiyasına - sənədlərini verdiyi yerə salmışdı. Şüşənin arxasında özündən razılığı hər hərəkətindən bəlli olan bir qadın əyləşmişdi. Sakitlikdi. Xanım Bayatın bir əzik-üzük paltarına, bir sızanaqlı tüklü üzünə baxıb:
- Nə var, nə istəyirsən, - dedi. Bayat adəti xilafına çəkinə-çəkinə:
- Mən on üç bal toplamışam, öyrənmək istəyirəm görüm, bu balla qəbul oluna biləcəyəm, ya yox?
Xanım etinasızlıqla - iş stajın var, ixtisasın üzrə işləyirsən? - dedi.
Bayat cavabında:
- Yox, iş stajım yoxdur.
- Onda daha boşuna ümid etmə, iş stajı olmayan heç kim qəbul olunmayacaq, istəsən sənədlərini ala bilərsən, sonradan it-bat olmasın.
Bu vaxt gözlənilməz bir hadisə baş verdi. Bayatın arxa tərəfindən bir səs:
- Salam, Səhəryaz xanım, necəsiniz, nə var, nə yox? - Qadın səs sahibinin qarşısında duruş gətirməyib tez yerindən dik atıldı:
- Çox sağ olun, Əlövsət müəllim, Siz... yetər ki, siz yaxşı olun, Allah kölgənizi üstümüzdən əksik eləməsin.
Qadının əzilə-büzülə söylədiyi bu sözlər hara, bayaq onunla danışandakı ədası hara? Bayat əlüstü geriyə qanrıldı. Qarşısında ədəbiyyat şifahidən ona beş yazdıran orta yaşlı müəllim dayanmışdı. Tez-tələsik salam verdi. Orta yaşlı müəllim zəndlə qarşısındakı oğlana baxdı və sanki nəyisə xatırladı:
- Sən burada neynirsən?
Orta yaşlı müəllimin bu sualına Bayatdan daha çox xanım çaşbaş qalmışdı. Bayat, dili tutar-tutmaz:
- Gəldim, öyrənəm görəm, mən qəbul olunacam, yoxsa yox.
Orta yaşlı müəllim:
- Ürəyini buz kimi saxla, mütləq qəbul olunacaqsan, daha sənin kimi bir şairi də qəbul etməyib kimi qəbul edəcəyik?
Xanım:
- Şairmi?
Orta yaşlı adam:
- Səhəryaz xanım, özünü bundan gözlə, bilirsən gözəllərə necə gözəl şeirlər qoşur, bilirsən necə şairdi?- dedi.
Səhəryaz deyilən xanımın bu sözlərdən sonra ağzı açıla qalmışdı...Bayat ba­yı­ra çıxmaq istəyirdi ki, orta yaşlı adam üzünü ona tutub,- uzağa getmə, indi mən də çıxıram,- dedi. Çox keçmədən orta yaşlı adam da bayıra çıxdı. Bayat bu ada­ma indi peyğəmbərə baxan kimi baxırdı. İçində tarix imtahanından aldığı beşlə bu orta yaşlı adam arasında bir bağlantı qurmağa çalışırdı. Birdən yadına düşdü ki, yaşlı qadınla şişman müəllim pıçıldaşarkən sanki bir Əlövsət adını da çək­mişdilər. Deməli, Əlövsət müəllim onu tarixdən imtahan götürən müəllimlərə tapşırmışdı və onlar da onunla heç nə bilmirsən deyə məzələnirmişlər...Yoxsa bu orta yaşlı adam onun qəbul olunacağını hardan bilə bilərdi ki?
Orta yaşlı müəllim bayıra çıxmağı ilə onun qoluna girib həyətdəki iydə ağacına tərəf addımlamağı bir oldu. İydə ağacından bir az aralıda yaşıl bir "Volqa" dayanmışdı. "Volqa"nın yanı kölgəlik olduğundan oraya gəldilər. Orta yaşlı adam, yəni Əlövsət müəllim:
- Canını sıxma, sənin məsələn rektorluqla da, qəbul komissiyası ilə də danışılıb, hər şey yaxşı olacaq. Bayat bilmədi bu təmənnasız yaxşılığın əvəzində nə cavab versin, necə təşəkkür etsin, burası sözün bitdiyi yer idi. Yenə də riqqətdən ağlamsınmış bir şəkildə:
- Mü-əl-lim, mü-əl-lim! - Orta yaşlı adam ona sözünü davamını deməyə imkan vermədi:
- Yaxşı, yaxşı! İndi de görüm, rayona nə zaman qayıdacaqsan?
- Allah qoysa, qəbul kağızımı aldıqdan sonra.
- Kimin var rayonda?
- Bir anam var.
- Bəs atan?
- Atam yoxdu, müəllim, ölüb.
Yaşlı adamın qaşları çatıldı, qəhər onu elə boğdu ki, kəlmələri deməyə sanki çətinlik çəkdi:
- Gəl, səninlə bir şərt kəsək.
Bayatın içində bir səksəkə, şübhə oyanmağa başladı:
- Aha, indicə Ələkbərin keçən il söylədiyi hadisə baş verəcək, nə şərtdi görə­sən, yoxsa bütün bu etdiklərini təmənna üçün edirmiş? Təmənna üçün etsə də mənim nəyim var ki, ona da verəm, üstümdən - başımdan halım aşkar deyilmiə
Orta yaşlı adam əlini cibinə salıb bir dəstə pul çıxartdı:
- Belə bir iş edək. Universitetə qəbul olub, ananın yanına gedəcəksən. Mən istəyirəm sevincini ananla tam bölüşəsən. Yanlış başa düşmə, mən sənə bir az pul verəcəm, gedib özünə əyin-baş al, ondan sonra get rayona...
Bayat bu qəfil təklifin qarşısında donub qaldı, nə edəcəyini, nə cavab verə­cə­yini bilmədi. Bu iki daşın arasında keçən il Ələkbərin ali məktəb müəllimləri ilə bağlı dediyi xoşagəlməz sözləri xatırladı. Müəllim deyəsən bu qaraqaş, qaragöz, əynindəki nimdaş paltarı bədəninə və qüruruna sığmayan, yaraşmayan bu kəndli balasının içində qopan tərəddüd fırtınalarından xəbər tutmuşdu ki:
- Nə tərəddüd edirsən? Al görüm! - dedi.
- Yox , müəllim, elə şey olarmı? Vallah, mənə pul-para lazım deyil, burada fəh­lə işləyirdim, barmağım sındı, ona görə maaş ala bilmirəm, siz mənim əyin-ba­şı­ma baxmayın, rayonda vəziyyətimiz pis deyil. - Bunları deyə-deyə yalan söy­lədiyinə görə özünə nifrət edirdi, amma yalan söyləməkdən başqa çarəsi də qal­mamışdı. Müəllimdən elə-belə, ya da borc pul almazdı, ala bilməzdi, nə adla alasıydı ki\? Bu müəllimə nə düşüb ki, durub-dururkən mənə pul verir, bunun arxasında kim bilir nə məqsəd var. Sanki orta yaşlı müəllim Bayatın içindən keçənləri bilmiş kimi:
- Yaxşı, elə-belə almırsan, borc verirəm, əlin gətirəndə qaytararsan, mənim də oğlum yoxdu, elə bilərəm sən də mənim oğlumsan, al görüm, al.
Müəllim zorla pulu Bayatın döş cibinə soxmaq istədi. Bu arada Bayat yenə öz-özünə filosofluq eləməyə başladı. Görünür, dünyada nə varsa qaralara, ağlara bölündüyü kimi, insanlar da qaraya - ağa bölünürlər, Allah adamı, şeytan adamı var. Baxır sənin yollarına hansısı çıxacaq? Qarşına çıxanların hardasa elə sənin öz içinlə də birbaşa əlaqəsi var... Mizan-tərəzi deyilən adını eşidib üzün görmədiyin şey bəlkə elə budur. Amma qərarı qəti idi:
- Müəllim, vallah, almaram, niyə məni utandırırsınız, yəqin mənə yazığınız gəlir, hə?! Müəllim, vallah, düşündüyünüz kimi deyil, mənə yazığınız gəlməsin, mən yazıq gəlinəsi adam deyiləm. Bunları deyə-deyə pulu almadığına görə içində bir peşmanlıq hissi də baş qaldırmışdı. Amma o belə hisslərini içində boğmağa ac-yalavac böyüdüyü uşaqlıq illərində çoxdan alışmışdı. Kəndlərində "Şəmşəd xəngəl yemir" deyimi dillər əzbəri idi. Uşaqlıqdan dili lal, bədəni şikəst olan Şəmşəd gününü qapılarda keçirər, onun-bunun verdikləri ilə qarnını doyuzdurardı. Kəndin bicəltək uşaqlarının hərdən Şəmşədi ac qoymaqları vardı. İçəridən qurudlu xəngəlin soğança iyi bayıra vuranda, sinilərə xəngəl çəkiləndə, Şəmşədə də pay düşəndə uşaqlardan kimsə ortalığa bir söz atardı:
- Şəmşəd xəngəl yemir.
Aclıqdan qarnı quruldayan Şəmşəd beləcə inada düşüb xəngələ əlini vurmazdı. Bayatın da başqa yerlərdə bəlkə yüz dəfə ağzı sulansa, acından ölsə də, qürurundan və inadından nəfsinə "tət" deməyi vardı. Yemək üçün ürəyi getsə də inada düşüb yeməzdi. Bu, onun çoxdankı adəti idi.
Orta yaşlı müəllim:
- Oğlum, - dedi. - Mən də çox çətinliklər çəkə-çəkə bu yerlərə gəlmişəm, əlimi geri çevirmə, bu, sidq-ürəkdən etmək istədiyimdi.
- Müəllim, elə siz mənə yüksək qiymət verməklə ən böyük yaxşılığı etmisiniz, bunu ömrüm boyu unutmaram.
- Oğlum, bəlkə də düşdüyümüz vəziyyət hamımızın təsəvvürünü korlayıb, mənim, səninə bölünmüşük, millətin hər istedadlı gəncinə öz övladımız kimi baxmasaq, o zaman millətimizin axırı nə olar? - Bu dəfə də müəllim filosofluq eləməyə başlamışdı.
Bayat bu böyük insanın pulunu almayacaqdı. Cibi onsuz da boşdu, amma qəlbi elə dolacaqdı ki, atasızlığını da, yetimliyini də unudacaqdı. Hətta ata əvəzi qarşısındakı bu mübarək insanı qucaqlayıb öpmək istəyəcəkdi. Amma fikrindən keçənləri etməyəcəkdi... Müəllim Bayatın inadını görüb:
- Görürəm, qürurlu oğlansan, yaxşı, qoy sən deyən olsun. Universitetə qəbul olacağına şübhən olmasın. Amma bir məsələni unutma, ali məktəbə qəbul olunmaq bir başqa şeydir, oranı oxuyub bitirmək bir başqa... İndidən sənə başarılar diləyirəm. Əyər bir problemin-filanın olsa, çəkinmədən mənə söyləyə bilərsən. Yetər ki, yaxşı oxuyasan, həm də gözəl bir şair olasan...
Bayatın içi bu ilıq ümidli sözlərdən riqqətə gəlmişdi. Və ona elə gəlirdi ki, qarşısındakı adam heç də ona ədəbiyyat şifahidən beş yazan müəllim deyildi, xəyalında yaratdığı gözəgörünməzlərdən biri idi...Bu gözəgörünməzlərin gözə görünəni orta yaşlı müəllimə bütün varlığı ilə ikicə kəlmə şükranını hayqırmışdı:
- Sağ olun, müəllim!

* * *

Universitetə qəbul olunanların siyahisi asılan lövhələrin önü qarışqa yuvasına dönmüşdü. Bayat bir güclə adamların arasından siyahını görə bildi, ən sonuncu ad onun, Bayatın adı idi... Sevinci yerə, göyə sığmırdı, utanmasa qarşısına çıxan hər kəsi bağrına basıb öpərdi... Nədənsə bu ekstaz anında ilk öncə Akifi xatır­ladı... Hətta şofer, traktorçu kurslarına belə yazılmağının çətin olduğunu düşün­düyü böhranlı zamanlarında qarşısına ağ atlı oğlan kimi çıxıb ona ali məktəblərin qiyabi şöbəsinə sənəd qəbulunun başlandığını xəbər verən Akifi! Universitetin kitabxanaçılıq şöbəsinə iş verəndə də, sonra qəbul imtahanları zamanı da gözü hər yerdə onu aramışdı. Amma heç yerdə rastlaşmamışdı, sanki yağlı əppək olub göyə çıxmışdı. Hərdən fikirləşirdi ki, bəlkə heç yerli-dibli Akif adlı birisi ilə qarşılaşmayıb. Akif elə onun xəyalının məhsulu idi. (O xəyalında hansı mənzərələri qurmurdu ki? Əslində ona "dava dağarcığı" deyənlərin onun iç dünyasından xəbərləri olsaydı ona "xəyal dağarcığı" adını verərdilər... Onun iki əl barmağından bir az artıq olan həyat yolu demək olar ki, xəyallar, arzular içində keçmişdi. Bəlkə boşluğun yerini xəyallarla doldurmaq atadan, ya da anadan yetim qalanların tale qismətidir?) Amma qırıq barmağı hələ əməllicə sağalmadığından onun poliklinikaya getməyinin və orada Akiflə tanış olmağının hazırca şahidi deyildimi? Görəsən onun - Akifin vəziyyəti necə oldu? Axı o da sənədlərini kitabxanaçılığa verəsi idi... Versəydi, necə olsa imtahanlarda görər­dim. Bəlkə də elə ilk yazılı imtahandan kəsilib, daha harda görəsiydim ki? Başıma lənət, gərək elə poliklinikada görüşümüz zamanı adresini alaydım.
İlk sevincini anası ilə bölüşmək istəyirdi... Yox, bu dəfə ehtiyatlı olacaqdı, bu da keçən dəfəki deyildi ki, qəfildən anasının qarşısına çıxsın, özündən getməsinə səbəb olsun...Yaxşı xatırlayırdı, Bakıya gəlişinin dördüncü ayında işdən yataqxanaya qayıdanda birinci mərtəbədə növbətçinin qırmızı mahud örtüklü masasının üstünün məktubla dolu olduğu gözünə çarpmışdı. Gözünün ucuyla o, məktublara baxıb yuxarı qalxmaq istəyirdi ki, növbətçi adresini kənddə düz-əməlli bilən də yoxdu. Anasına da çoxdandı məktub yazmırdı. Bir də nə yazası idi ki? Bəlkə gələn teleqram dostu Oqtaydandı. Hələ Bakıda əli ətəyindən uzun idi. O isə tam başqa ümidlərlə gəlmişdi Bakıya. Durub anasına uğursuzluqlarındanmı, usta ilə savaşdığından, qadınlarla eyni maaş aldığındanmı, otaq yoldaşının güdazına, anası demiş, "barmağını becərdiyindənmi" yazaydı? İndi "sənə teleqram var" sözündən ona görə bir anlığa tutulmuşdu. Teleqramı oxuduqda dünya başına dar olmuşdu. Kimin vurduğu bilinməyən teleqramda anasının bərk xəstə olduğu və təcili kəndə gəlməsi yazılmışdı...
Dünya gözündə qaraldı, nə edəcəyini bilmədi, dizləri taqətdən düşdü, yaş gözlərini alacalandırdı... Yoxsa... Allah eləməmiş, anamın başında bir işmi var?.. Sabahı gözləmək olmazdı, özünü elə indi gecə qatarlarına yetirib rayona getməli idi... Cibində də ki, siçanlar oynaşırdı, Allah qoymasa, Bakıdan anasının yanına gedirdi, əli boş, tullana-tullana.Qatar ayağına gedənəcən dağı arana, aranı dağa daşımışdı... Hətta aradabir özünü tramvaydan atmaq belə istəmişdi. Öz-özünə için-için ağlayır, göz yaşı tökürdü: -An-am-dan son-ra, anam-dan son-ra ya-şa-mağın nə mənası var". Ətrafdan heyrətli gözlər ona çəp-çəp baxırdı... Bayat onsuz da heç nəyin fərqində deyildi. Bir təhər ümumi vaqona bilet ala biləcəkdi... gecə boyu vaqonu dolduran çeşid-çeşid adamların xorultuları arasında səhəri diri gözlə açacaqdı. Bu boyda insan arasının gecə tənhalığında onun halına aşağıda təkərlə polad relslərin taqqıltısı, öndə isə buxar lokomotivin siqnal səsləri şərik olacaqdı... Səhər bazara açılırdı və Bayat fikirləşdi ki, yaxşı ki sabah bazardı, heç olmasa, bazarda tanış-bilişdən birini tapıb anasının halını soruşa bilər, yoxsa kəndə maşın tapıb gedənə, anasından səhih xəbər tutana qədər bağrı çatlayacaq...
Qatardan düşən kimi gözü tanış adam aramağa başladı. Amma tanış adam onun halını hardan biləsiydi ki, qarşısına da çıxaydı... əlac dəmir yolunun dağlara tərəf uzanan səmtində yerləşən bazara qalırdı. Anasının az qala hər bazar yumurtadan, toyuqdan, merdən-meyvədən bir şey götürüb bazara gəlməyi vardı. Sonra düşündü ki, nə umudlanırsan, məğər ananın başı üstündədir ki, hələ bir bazara da gəlsin...Dəmir yolunun qırağı ilə bazara tərəf üz tutmuşdu. Hətta bir istədi ki, hərdənbir anasıyla birlikdə bazara gəldikləri zamanlarda olduğu kimi ürəyində anası ilə bağlı niyyət tutub gözlərini yumub bəlli bir nöqtəyə qədər relsin üstünə çıxıb getsin, əgər yıxılmasa, deməli anasının başında heç nə yoxdur, yox, əgər, Allah eləməmiş, yıxılsa, onda heç, deməli vəziyyət ağırdır. Amma uşaqlığında alışdığı bu vərdiş indi fikrindən keçsə də təkrarlamağın mənasız olduğunu düşündü, yaxşısı budur gedib bazardan tanış bir adam tapıb anamın vəziyyətini soruşum, - deyə fikirləşdi. Bu zaman uzaqdan tanış birinin gəldiyini gördü, bu, qonşuları Öksürüklü Qara idi. Tənbəki eşməsindən dişləri, bığı, saqqalı sapsarı saralmış bu kişidən Bayatın uşaqlıqdan zəhləsi gedərdi. İndi heç bunu xatırlamağın yeri idimi? Bayat özünü Öksürüklü Qaranın üstünə saldı:
- Ay Qara əmi, - dedi və... sözünün dalını gətirə bilmədi, hönkür-hönkür ağ­lamağa başladı. Öksürüklü Qara qarşındakının əvvəlcə kim olduğunu anşıramadı, sonda handan-hana: - Əyə, a bala, Bayatsanmı, noluf, niyə ağlıyırsan?
- Qara əmi, sən imanın, dinin, düzünü de, anama noluf?
Elə bil Qaranın üstündən dağ götürüldü:
- Ə, a bala, noluf anana? Maşallah, sapsağlamdır, odu ey bazarda yumurta satır, bir az əvvəl orda qoyub gəlmişəm.
- Qara əmi, sən Allah, məni aldatma, doğrudanmı anam bazardadır?
- Ə, a bala, səninlə ikidən-birdən zarafatımmı var, odu ey, inanmırsan get özün gör...
Bayat verdiyi bu şad xəbər üçün heç Öksürüklü Qaraya "sağ ol" belə demədən bazara tərəf götürüldü... Amma Öksürüklü Qaranın sözünə inanmaq istəsə də, içində bir səksəkə də vardı... Bəlkə pis xəbər verib vayqanlı olmaq istəmir. Amma nə də olsa ağsaqqal kişi idi, bu qədər yalan danışmazdı ki? Bir də adama nə düşüb ki, yalan da danışsın?
Bazar qazan kimi qaynayırdı. Belə yerdə deyirlər ki, iynə atsan yerə düşməz... Boz ayın bozbulanlıq havası çisək gətirmişdi. Bazar yerinin nəmişli torpağı ayaqlanmaqdan zımıra dönmüşdü. Bayat dörd gözlə anasını axtarırdı, bircə onu sağ-salim görsəm, bircə onu bağrıma basa bilsəm, sonra ölsəm də dərdim olmaz... Toyuq-cücə, yumurta satılan yeri ələk-vələk elədi, anasının izi-tozu yoxdu, tərs kimi tanış bir adama da rast gəlmədi ki, burada olub-olmadığını xəbər ala. Əlac bazarı dörd dolanmağa qalırdı. Bazarın ən gur yerində uzaqdan tanış bir fiqur gördü. Oydu, anasıydı, adamları sağa-sola itələyə-itələyə anasına tərəf götürüldü. Ürəyi əsim-əsim əsirdi. Bu qəfil sevincdənmi, ya da anasını sağ-salamat gördüyündənmi nə ağıl elədisə səssizcə arxa tərəfdən anasına yaxınlaşıb arxadan əlləri ilə gözlərini tutdu. Anası bu qəfil hərəkətdən çaşdı, geri çevrildi və... qarşısında ciyərparasını görəndə birdən-birə camaatın arasında bazarın ortasında oğlunun qolları arasından yerə yıxıldı. Bayat bu ani gəlişmədən elə çaş-baş qaldı ki, nə edəcəyini bilmədi, anasını havada tutmaq istəsə də tuta bilmədi və anası palçığın içinə yıxıldı. Bayaqdan onun itələyə -itələyə özünə yol açdığı adamlar da bir anlığa bu mənzərə qarşısında yerlərində narazı-narazı dondular. Qadınlar bir anda ətraflarına yığışdılar, kimi isə ananın üzünə səpmək üçün su gətirdi... Sonra adamların qınağı başladı:

- Yekə oğlansan, beyqafıldan nə işdi gördüyün? Yazıq arvadın qorxudan bağrı yarıldı ki!
- Kimsən sən, bu qadının nəyisən?
- Axmaq adam, adam da belə iş tutarmı?
Bayat xəcalətdən nə deyəcəyini bilmirdi. Fikirləri başında ərəb saçına dönmüşdü, ayağının birini qaldırıb birini qoyurdu. Dili tutar-tutmaz:
- Anamdır, - dedi.
Amma tutduğundan nə qədər utanıb xəcalət çəksə də, anasını sağ-salamat gördüyünə elə sevinirdi ki?!..
O teleqramı kim göndərmişdi, niyə göndərmişdi, nə anası bilirdi, nə Bayat öyrənə biləcəkdi. Mal bir yana, güman hər yana gedər, onun da gümanı yüz yana getmişdi: Yəqin kimsə onu işindən-gücündən etmək üçün qəsdən belə bir teleqram vurmuşdu. İçindən bu fikirlər keçirdi, sonra bir başqa səs də ilan quyruğunun üstə qalxırdı, - yaman da işin, gücün var, kimin hansı ağ gününə paxıllığı tutacaq? Kim fikirləşsə də gərək sən belə fikirləşməyəsən, orda, şəhər tünlüyündə başına gələnlərdən kimsənin xəbəri olmaya bilər, bəs özün? Özün özünü necə qandıracaqsan? Bu zaman içində başqa bir hiss də baş qaldırırdı; yəqin anası orda-burda ondan o qədər giley eləyib ki, poçtda işləyənlər tək oğlunun həsrətini çəkən ananın dərdinə əlac üçün bu qabırğası qalın oğluna bir teleqram qulaqburması veriblər. Əgər belədirsə ( yəqin ki, belədir), sağ olsun o gözəgörünməz xəyali adam, özünə qalsaydı cibində siçanlar oynaşdığı vaxtda qoynuna diri ilan salsalar da kəndə gələn deyildi. Yaxşı ki, o teleqramı çəkdilər, Allah kömək olsun onu çəkənə, mən də məcbur olub kəndə anamı görməyə gəldim, həm anamın ürəyi təskinlik tapdı, həm mən bir az suyumu dəyişdim...
Yox, bu dəfə acı təcrübəsi vardı, qəfil-filan gedəsi deyildi. Hətta universitetə qəbul olunduğunu da birdən-birə anasına xəbər verməyəcəkdi, yenə, Allah eləməmiş, bu dəfə də sevincdən özündəngetməsi tutar. Anasının özündən­getməsi çoxdan vardı, lap çoxdan...
O illərdə anası evdə az-az olardı. Gündüz səhərdən axşamacan kolxoz işində, axşamlar isə bir-birini əvəz edən vergi iclaslarında. Bir evə nə qədər vergi qoyularmış: tüstü pulu, könülli vergi, naloq, ağac vergisi, ev vergisi. Hətta meyvə verməyən ağaclara da vergi qoyulurdu, kimin nə həddi vardı ki, bar verməyən ağacını kəssin, evdəki uşaqların sayı, dolanışığı, öldüsü, qaldısı kimsəni maraqlandırmasa da bar verməyən ağacların heç birinin kəsilməsinə imkan verilməzdi. Buna görə də axşamlar davamlı vergi iclasları keçirilirdi. Bir fikirləşən yox idi ki, dünən keçirilən iclasda vergini verə bilməyəcəyini göz yaşı tökə-tökə söyləyən, həm də bütün günü kolxoz işində çalışan adam, bir gün sonra pulu hardan tapasıydı ki, onu yenə iclasa çağırırdılar. Gündüzlər dərdini üzə vurmayan ana, gecələr Bayatı yatmış bilib yerinin içində xısın-xısın dil deyib ağlardı: "Qovğa günü qoç iyidə meydan gendi, gen, Qılıncının tiyəsindən axan qandı, qan", "Ya məsərləcaim, ya Murtaza Ali..."Bəlkə də bütün bu vergi əzablarından dövlətin xəbəri yoxdu, yerlərdəki tanrıtanımazlar edirdi bunu, amma edilənlər dövlətin adına edilirdi.Anası bütün bu dərdlərdənmi, ya nədənsə özündəngetmə tapmışdı. Tez-tez özündən gedirdi. Bayatın gözünün yolda, qulağının səsdə qaldığı dərdli-ələmli belə payız axşamlarının birində evlərinin yuxarı idarənin yerləşdiyi tərəfindən hər dəfə olduğu kimi itlərin hürüşməsi başlamışdı. Deməli, anası hardasa yaxınlıqda idi. Anası gecə iclaslardan qayıdan zaman hər dəfə eyni hadisə təkrarlanırdı. Evləri yox ey, daxmaları kəndin ən aşağı, ucqar yerində yerləşdiyindən yolboyu anasının iş-boyunduruq yoldaşları bir-bir evlərinin-damlarının yanında tökülüb qalır, anası isə bundan sonra yoluna təkbaşına davam edirdi. İt hürüşmələri də yolüstü kənd həyətlərindən qanadlanır, ananın ayaq səslərini bir-birinə ötürürdülər. Sanki yolçunun yolda yalnız başına olduğunu hiss edir, onu qorxutmağın tam zamanı olduğunu bir-birinə xəbər verirdilər. Damların altında axşam-axşam yalnızbaşına qalmaqdan bağrı yarılan Bayat artıq bu səslərə, it hürüşmələrinə adət etmişdi, əslində bu səslərə sevinirdi də. Bu səslər ona anasının artıq evlərinə yaxınlaşmaqda olduğunu xəbər verirdi: Qorxma, bir az da döz, bir azdan anan yanında olacaq. Tənha qəlbi bu axşam da həmişəki kimi təskinlik tapırdı. Bax, indicə tüccar Qaranın səlvərinin quyu dibindən çıxan ölü zingiltisi eşidiləcək, sonra Saqqallı Sadığın Bozdarı haray qoparacaq və Bayat biləcək ki, anası Güllü çökəyin döngəsini burulur. Dartınıb göyə zəncir salan isə Hasan Hasanoğlunun qanıxmış köpəyidir. Sahibi kimi harın köpəyin səsi hər dəfəkindən daha qəzəbli səslənirdi. Bayat köpəyin səsindən hiss etmişdi ki, irəli, geri gedir, atılıb düşür, zənciri gəmirir, bağından qopub, gecənin bu vaxtı şirin mürgüsünə haram qatan yolçunu basmarlayıb altına almaq istəyirdi... Bəlkə, elə bu həyasızlığına, sərtliyinə, atlını atdan saldığına görə də onu həmişə zəncirdə saxlayırdılar. Uzaqdan-uzağa dartınan sanki köpək deyil, səs idi, eləcə alçalıb, ucalır, kəndi başına götürürdü. Bu qərib payız gecəsində də köpək əvvəlki vərdişindən qalmırdı. Bayat bir anda hiss etdi ki, köpəyin səsi bağlandığı yerdən yox, həyət qapısından bir xeyli yuxarıdan, Güllü təpənin çökəyindən gəlir, görünür, zəncirini qırmışdı ya da onu qəsdən açıb buraxmışdılar. Mal sahibinə oxşamasa haramdır, demirlərmi? Bəlkə də təkcə gəlin ocağa gəlmir, itlər də ocağa gəlir...Hasan Hasanoğlunun hərdənbir qonum-qonşulardan hansısınınsa pisliyinin əvəzini çıxmaq, gözlərinin odunu almaq üçün köpəyi açıb buraxmağı, iş işdən keçəndən sonra da yalandan, - vallah, gözünə quduz dəymiş, özü zəncirini qırıb mən neylim,- deyə yalan danışmağı vardı. Deyəsən, bu dəfə də belə olmuşdu. Bayat, bəlkə, bir az buna görə toxtamışdı, Hasan Hasanoğlunun bizimlə nə qəsdi-qərəzliyi ola bilər? Yəqin, yoldan keçən başqa adamdı. İtin yol qırağında çatmağı ilə səsinin xırıp kəsilməsi bir oldu... Elə bil ürəyinə nəsə damdı... Birdən, Allah eləməmiş, anam olar. Qəlbinə damanın başına gəldiyi az olmamışdı. Və bir göz qırpımında çölə fırladı. Özgə vaxt olsaydı, qorxusundan ətini də kəssən təkbaşına gecənin bu vədəsində ayağını bir addım da çölə atmazdı. Amma indi qorxumu yada düşürdü?! Ayaqyalın, başıaçıq səs gələn, əslində, kəsilən tərəfə qaçırdı. Ürəyinə daman başına gəlmişdi. Ayın Kəmər qayasının arxasından macal tapıb tuşlandığı yerdə qəribə bir mənzərə vardı. Köpəklə əlbəyaxa olan ana qanıxmış köpəklə birlikdə yolun ortasına düşüb qalmışdı. Amma yerə-göyə zəncir salan köpək də elə bil heç o qanıxmış köpək deyildi. O da sanki tutduğu işdən peşiman kimi başını ananın dizi üstə qoyub uzanmışdı. Bu kənardan görünən mənzərə idi, yaxına gəldikdə isə... Bayat qorxulu-qorxulu özünü anasının üstünə atdı. Nəyi görsə yaxşı idi? Anasını ürəkgetməsi tutmuşdu, ağzından köpük daşlanırdı... Əlləri kəlbətin kimi köpəyin boynunu sıxmaqdaydı... Anlaşılan o idi ki, anası üstünə cuman köpəyin boğazından iki əllə qamarlamış və beləcə də bayılmışdı... Bayat anası özündən gedəndə çox görmüşdü, dişləri və əlləri bir-birinə kilidlənirdi. Onu öyrətmişdilər, - elə ki, gördün özündən gedir, qoyma dişi ilə dilini kəssin. Özündən getdimi kilidlənən əlini və çənəsini ayırmağa beş adamın gücü yetməzdi. Bu dəfə də belə olmuşdu. Qorxulu-qorxulu köpəyin boynundan necə yapışmışdısa, kənddə ad çıxaran qanıx köpək ananın kəlbətin əlləri arasında ölümlə əlləşirdi. Bayatın ani qışqırığı kəndi başına götürmüşdü. Səsə qonşular tökülüşüb gəlmişdilər, hamı ananın hayında idi, köpəyin öldüsü-qaldısı ilə maraqlanan belə yoxdu. Amma qanıx köpək ölməmişdi. Su gətirmişdilər, kimi ananın üzünə su səpir, kimi əllərini, qollarını ovuşdururdu. Ana özünə gələndən, əlləri boşalandan sonra köpək birtəhər sürünə-sürünə qaratikan çəpərinin altından özünü tanış həyətə təpmişdi.
O zamandan sonra kimsə qanıx köpəyin səsini eşitmədi...



* * *

...Bayatın kəndə dönüşü anası üçün toy-bayram oldu. Sən demə, neçə vaxt imiş xəstə yatırmış, Bayatın gəldiyini eşidən kimi sıçrayıb ayağa qalxmış, sapsağlam olmuşdu... Neçə vaxtdır ocaq qalanmadığından mürgüləyən buxarı nəfəsini alıb verməyə başlamışdı. Bir azdan qurumlu bacalarından kəndə anasının məşhur əriştəli plovunun ətri yayılacaqdı. Qonşu arvadları Xatınla Tamam anaya gözaydınlığı verməyə gəlmişdilər. Aradabir Bayata da sataşırdılar:
- Bayat bala, sən elə oxumamışdan doxtur oldun, vallah, billah, anan elə xəstə idi ki, az qala əlimizi üzüb bu dəfə doğrudan da sənə tel vurduracaqdıq ki, başını Bakıda istad, kənddə qırxdır. Yaxşı ki gəldin, bu günü qara gəlməmiş elə bil heç o dünənki yolu oyanlıq olan adam deyil. Gəldiyini eşidən kimi dimdik ayağa qalxdı, səndən yaxşı doxtur olar. Anası da cavabı gecikdirməmişdi:
- Neylim, ay qızlar, vallah, canım gədiyə bağlıdır, onu gördüm, dərdim, ağrım gəldiyi kimi də yox olub getdi. Allah da məni belə yaradıb, neylim?
Təklikdə qaldıqlarında anası:
- Anan ölsün, neçə günlüyünə gəlmisən, xeyirdirmi, çoxmu qalacaqsan? -deyəndə:
- Ana, daha birdəfəlik gəldim yanına, bir də Bakıda fəhləlik eləməyəcəyəm, daha səni tək buraxan deyiləm. Muştuluğumu ver, sənə şad xəbər gətirmişəm, -cavabını verdi.
- Muştuluq məndən, dərdin alım, yetər ki, Allah sənin işini avand gətirsin, di söylə görüm nədi elə o muştuluqluq olanə - Anası Bayatın ali məktəbə girməsini ağlına belə gətirməzdi. Çünki hələ ali məktəblərə qəbula iki ay qalırdı. Kənddə qəbul imtahanlarının vaxtını bilməyənmi vardı?! Hər il, hər evdən də olmasa, kənddə nə qədər uşaq Bakıya imtahan verməyə getdiyindən bu tarixi böyüklü- kiçikli hamı bilirdi. Həm də gilasın, tutun sitib töküldüyü, dəydiyi zaman arıqıran quşlarının bir gün mütləq gəlib yetişmiş meyvələrin yediyini yeyib, yemədiklərini yerlə bir edəcəklərini bildikləri kimi bilirdilər...Qiyabi təhsil yayğınlaşmamışdı, həm də olsa-olsa yaşlı adamlar işləyə-işləyə qiyabi oxuyurdular. Daha ağzından süd iyi gələn işsiz-gücsüz Bayat kimi birisinin qiyabi ali məktəbə qəbul olunacağına kim inanardı. Bəlkə, anası da buna görə:
- Anan ölsün, yoxsa məktəbə qəbul olmusan? - sözünü anında söyləyərdi. Amma söyləmədi. Nəydi bu muştuluqluq xəbər? Ananın vücudu əslində indi bu sual idi. Bayat:
- Ana, - dedi, - daha rahat ola bilər, kəndin içində başıyuxarı gəzə bilərsən, oğlun məktəbə qəbul olundu, özü də universitetə!
Ana çaşbaş qalmışdı. Bu xəbərə sevinsinmi, sevinməsinmi? Amma içindəki ani tərəddüd sevincini üstələyirdi: Bu nə vaxtın məktəbə qəbul olunmağıdır. Yoxsa oğlu ona yalan danışırdı? Kənddə ağzına yalan gətirməzdi, mən onu elə böyütməmişdim, yoxsa, o, ağzıyanmış şəhər, mənim bircə balama da yalan danışmağı öyrətdi?
Amma içindən keçənləri dilinə gətirmədi:
- Bıy, anan gözünə qurban, ay oğul, Allaha min şükür, sonunda dualarım müstəcəb oldu. Allah, sana fəda olum, axırda səsimi eşitdin, eləmi?
Ana əvvəlcə oğlunu bağrına basdı, sonra da əllərini göyə dirək edib dualarına başladı. Bayat anasının yazı-pozusunun olmadığını bilə-bilə yenə qəbul kağızını anasına göstərdi. Ana kağızı alıb dodaqlarına sürtdü, sonra dua kimi öpüb, gözünün üstə qoydu...
Sentyabrın gəlməsinə az qalırdı... Kənddən ali məktəbə qəbul olan bir neçə uşağı çoxdan Bakıya pay-pülüş və sevinc göz yaşlarıyla yola salmışdılar... Amma Bayat hələ kənddə idi. Anası arada bunun səbəbini soruşanda:
- Ana, mən, sən tək qalmayasan deyə qiyabi qəbul olundum, inşallah, ya kənddə, ya da rayonda bir iş tapıb işləyəcək, həm də işləyə-işləyə oxuyacağam, -cavabını vermişdi. Ana oğlunun bu sözlərinə bəlkə də inanmışdı, amma inanmayanlar inanmamışdı. Sentyabrın ilk həftəsində qulağına dəyən sözlər ananın əlini çaşdırmışdı. Tamam arvad idi, qonşusu Xatınla dərdləşirdi, həm də guya qeybət qırırdı. Amma bu qeybəti elə qırırdı ki, sədası ucundan, qulağından gəlib Bayatın anasının qulağına da çatsın:
- Azz, bə mən sana deməmişdimmi o Bayatdı, boyatdı nədi, yazıq arvada yalan danışır, məktəbə-zada qəbul olunmuyub, gördün, dediyim doğru çıxdı, qəbul olsaydı, o da Dıvır İbişin oğlu kimi çoxdan Bakıda olardı, görmürsən, o hələ də buralarda veyillənir? Görmədin, keçən il yazığ arvadın sələmə aldığı pulu necə yelə verdi, indi də belə yalan danışır...
Ana bircə balasına inanır, inanmaq istəyirdi, amma qayanı dələn damlalar kimi qonşu arvadların dedi-qoduları da yavaş-yavaş işini görməkdəydi...
Amma Bayat ali məktəbə bir zülüm-zillətlə qəbul olunmuşdu, həm də ürəyi istəməyən bir şöbəyə. Onun əlinin suyuna yaraşmayanlar daha yaxşı şöbələrdə oxuyur və bununla ona acıq da verirdilər. İçində hər zaman bir sual gəzib dolaşırdı: Axı, onların nəyi məndən artıqdır, niyə onlar məndən pis oxuya-oxuya daha yaxşı şöbələrə qəbul olunurlar, mən yox? Sirr nədədir? Sirrin cavabını çox sonra biləcəkdi. Bunlar bir yana qalsın, hələ bir kənddə onun ali məktəbə qəbul olmağına da inanmırlar...

* * *

Dədə-babadan qalma evləri (buna ev demək olardısa) əmisioğullarınkı ilə bi­ti­şik idi. Bu yanaşı otaqların qara yükünü iki kərən çəkirdi... Əmisioğlu maliyyə texnikumunu bitirib rayonların birində neçə il idi ki, mühasib işləyirdi... Məzuniyyətdən-məzuniyyətə kəndə gəlişlərində: "ev yola çox yaxındır, əvvəllər araba yolu idi, dərd yoxdu, çoxalan yol maşınlarının səs-küyündən, gurultusundan, ələlxüsus da toz-torpağından evə girmək olmur, - deyirdi, həm də təzə yol çəkilir, elə ya belə, onsuz da evimizi sökəcəklər, hökumətlə hökumətlik eləyəsi ha deyilik, yaxşısı budur, onlar buldozerin ağzına verib dağıtmamış, özümüz üzüsulu evlərimizi aşağıya- yoldan aralıya köçürək".
Nəsillər dəyişdikcə bu kənddə evlərin yeri də dəyişirdi. Bunu ora-bura səpələnən kalafa-köhnə ev yerlərindən də görmək olardı, hələ, Allah bilir, bundan sonra da neçə yol bu yurd yerləri yenidən dəyişəcəkdi...Dəyişməyən nəsil şəcərəsinin çay yatağı kimi sağa, sola burula-burula davam etməsi idi... Bayata nisbətən yaşlı olan əmisioğlu bilməli idi ki, hökumət yol çəkirdisə, evləri plana düşürdüsə, bu evlərin müqabilində onlara pul da ödənməli idi. Amma nədənsə əmisioğlu buna inanmır: - "eh, kimdi bizə pul verən, anası ölmüşdü sovet hökumətinin, dovşanı araba ilə tutur, indi durub bizəmi pul verəcək? On-onbeş günlük məzuniyyətə gəlmişəm, gərək bu müddətdə anama bir kümə qaraldıb gedəm", - deyirdi. Və evin onlara aid olan hissəni sökdürüb bir az aşağıda bir tövlə qaraltmışdı... Bayatgilin daxması isə bir qanadı qırılmış qarğa kimi yol qırağında əsə-əsə qalmışdı... Artıq orada qalmaq olmazdı, adicə bir təkandan quzulayıb başlarına uça bilərdi... Onların daxması əvvəllər arı damı olmuşdu, ehtiyac bir-bir arıların axırına çıxdıqdan sonra əmisi damın üstündən işıqlıq adına bir baca açmış və hardansa da qalın bir şüşə tapıb bacanı qapatmışdı. Gündüzlər bu bacadan üstlərinə günəş, gecələr ay işığı düşərdi və Bayatın gen dünya ilə ünsiyyəti bu bacadan və bacanın üstünə düşən işıqdan başlayardı. O, çəpəki düşən bu şüaları tutub işıqlı dünyaya çıxmaq istəmişdi, çıxmışdı da... İndi o bacanın işığı birdəfəlik kəsiləcəkdi... Bayata elə gəlirdi ki, o bacanın işığı kəsildikdən sonra işi düz gətirməyəcəkdi, o bacadan düşən işıq adi işıq deyildi, Allahınmı, gözəgörünməzlərinmi nurlu baxışı idi, Bayatın üstünə sayə salır, uğurunu xeyir edirdi. O baca ilə, o bacanın olduğu daxma ilə Bayatın o qədər xatirələri vardı ki... Bəlkə buna görə də heç cür onun yıxılmasını istəmirdi... Ana-bala ayqaranlıq gecələrdə az o daxmanın başına qurbanlıq qoyun kimi dörd dolanmamışdılar. Dillərinin duası evlərinin tilsiminə çevrilərdi:

Bəndi bənd Allah,
Bəndi Qulf Allah,
Qulf Allah açar olsun,
Dörd yanı çəpər olsun,
Qıfılı Həzrət Abbas,
Açarı Allah olsun!

Və bu duanı oxuduqdan sonra əmin-arxayın şirin yuxularına baş qoyub yatardılar, bilərdilər ki, oxuduqları bu dua onları daxmalarıqarışıq bəd nəzərdən, qurddan-quşdan qoruyacaq. Elə gecələr olurdu ki, Bayat yuxularında evlərinin ətrafına gümüşü rəngli bir həlqənin dolandığını görürdü, əslində, bu həlqə deyil, gümüşü ülgücdü, önünə çıxanı biçib doğrayırdı. İndi o daxmanın xarabaya çevrilən sınıq quş qanadını xatırladan görüntüsü yadına nələri salmırdı ki?

* * *

...Əmisigil hörülmüş ocağının gündöyən tərəfinə evin qapağı deyərdilər, elə doqqazları da bu qapağa açılardı. Yazda, payızda deyil, hətta qışda belə ilıq hənirtisi olduğundan çox zaman dərslərini də günəşdən isinmiş daşların üstə oturub hazırlayar və kolxoz işindən qayıdacaq analarının yolunu bu qapaqda gözləyərdilər. Qara qış başlayıb hər yanı qar bürüyəndə ilk öncə qarı əriyən də bu qapaq olurdu. Qapağın hörük daşlarına dəyən günəşin şəfəqləri yerə yansıyır, qar yavaş-yavaş divarın dibindən geriyə çəkilməyə başlayır və elə qapağın özü boyda yer açılırdı. Hərdən Bayata elə gəlirdi ki, açılan heç yer deyil, elə qapağın qara kölgəsi, ya da gözəgörünmək istəyən ruhudur. Evin önündə bir ağcaqayın, iki də dağdağan ağacı vardı. Sulanmadıqlarından, boyları dəyişməz qalırdı. Ağacların aran səmtində balaca bir bağça da gözə dəyərdi. Yazın burnu dəlinəndən qışın qara nəfəsi dəyənə qədər bu kiçik cənnət bağçasından göy-göyərti, yaşıllıq əskik olmazdı. Evlərinin yola dirənən yeri torpaqlıqdı. Torpağın yaratdığı yarğanda külfə düzəltmişdilər... Hərdənbir unun bollaşan vaxtlarında o külfədən çörək ətri aləmə yayılardı .Və anası "nəfsi keçər" deyərək yoldan keçənlərə mütləq o külfə çörəyindən pay verərdi. Elə külfədən qalxan ətirqarışıq tüstünün milləndiyi zirvəyə baxan olsa, orada gözünə ilk dəyən Kəmərin başındakı çörəyi daşdan çıxan tək dağdağan olacaqdı. O tək dağdağanla Bayatın arasında hələ uşaqlıqdan kimsənin anlayıb duya bilmədiyi gizli bir ünsiyyət vardı. Soruşsan, dürüst tarixini bəlkə özü də bilməz. Ağlının təzəcə kəsdiyi hansı ilin hansı ayındasa yetimlikdən, tənhalıqdan dünyada özünə yer tapa bilməyəndə, dərd-qəm torbasına dönüb qıvrıldığı qara günlərin birində gözü qaya başındakı tək dağdağana sataşmışdı. Başının üstündə ildırımlar şaxıyır, atlı burulğanlar oynaşırdı. Ayağı daşda, başı savaşda olan o ağaca baxdıqca, sanki elə o ağacın ucalığından içinə bir şeylər damırdı:
- Zalım oğlu, nə olub, nə dərd edirsən, bir başını yuxarı qaldır, Kəmərin başındakı ayağı daşda, başı savaşda olan tək dağdağana bax. Sənin əlin, ayağın var, heç olmasa, keyfin istəyən zaman istədiyin yerə gedə, dərdini istədiyin adamla bölüşə bilirsən, bəs ayağı qayadan, başı fırtınadan nəm çəkən o ağac neyləsin?
Bu səs nə səsdi, ilahidən gəlirdi, ya elə öz içinin səsi idi?! Bayat bunu kəs­di­rə bilməyəcəkdi. Amma həqiqət bu idi ki, içinə bu mübhəm hisslərin dolduğu vaxt­dan Bayatın həyatında çox şey dəyişmişdi. Ömrünə düzən gəlmiş, əmin-arxa­yınlıq başlamışdı. Allah onun nigaran hisslərinə cavab vermişdi, daha nə istəməli idi ki?!
Amma artıq o daxma da, o daxmanın altındakı xatirələr də o yıxılan daxmanın altında qalacaqdı, özü özünün məzarına çevriləcəkdi. Bayatın gözü görə -görə hər şey sıyrılıb əldən çıxırdı, o, müqavimət göstərsə də, bir şey alınan deyildi. Bu, dönüşü olmayan bir gedişdi.

* * *

Başqa əlac da yoxdu. Ciblərində pulları, ürəklərində umudları olmasa da, ana-bala, bu daxmanı öz əlləri ilə dağıtmaq məcburiyyətində idilər. Görünür, yalnız insanların deyil, daxmaların da ömrü var və zamanı gələndə onlar da ölürlər. Kolxoz sədri də, partkom da yardım edəcəklərinə, kolxozun hesabına (anası qabaqcıl kolxozçu idi) onlara bir koma qaraldacaqlarına söz verirdilər, amma söz söz olaraq qalırdı. Bu sözə arxayın olan, inanan ana-bala bir müddət bir-iki dəst yorğan-döşəyi, qab-qacağı, var-dövlət adına olan-qalanı bir çadırın altına yığıb gözləyirdilər. Amma yetimə ürək verən çox, çörək verən az olduğunu da bilirdilər. Bayat bunun belə getməyəcəyini, payız yellərinin çadırın içini şadaraşavaş etdiyini görəndə özünə kümə qurmağa qərar verdi. O da əmisi oğlu kimi ilk əvvəl tövlə tikəcək, inəkləri ilə bir yerdə yaşayacaqdılar, sonrasına da Allah kərimdir.Və ilk dəfə, anası demiş, "kişi qırığı" kimi ilk yurdunun xımını qazmağa başladı. Hətta xım qazmadan öncə içindəki dörd misra da kağıza köçməyə hazırlaşırdı:

Mənə ev tikirdik o ilin yazı,
Gecəni qalırdıq soyuq dəyədə.
Bizim içimizdə səhər dünyası,
Ümidlə baxırdıq gələcəyə də...

Sonralar hələ neçə dəfə ona yeni evin xımını qazmaq nəsib olacaqdı... Hələ ki, uşaqlıqdan, yeniyetməlikdən yenicə ayrılan gənclik ömrünün ən ağır və müstəqil işini görməyə başlamışdı. Doğrudur, onun az da olsa Bakıdan fəhləlik təcrübəsi vardı, amma bu, acı təcrübə idi, burda nə qədər işə yaraya bilərdi, özü də bilmirdi. Xəyalında nəyəsə, kiməsə elə böyük ümidi vardı ki. Bu ümid olmasa, o, yalnızbaşına nə edə bilərdi ki?! Həyatında yüz cür çilələrdən keçmiş, kirpiyi ilə od götürmüş ana, könülsüz olmaqda haqlı idi, köməksiz, kəsəksiz bu işi necə görə biləcəkdilər? Amma Bayatın ümidli inadkarlığı, deyəsən, ananı da hərəkətə gətirmişdi. İşin ağırı tövlənin torpağını qazmaq idi. Kənd yerində tövlənin daş-divarını torpaq əvəz edir. Buna görə də tövlənin xımı elə dərin qazılmalıdır ki, kövəri atıldıqdan sonra qazılan yer daşı-divarı əvəz edə bilsin. Yəni bunun üçün tövlənin xımı ən azı bir adam boyu qazılmalı idi. Xım kvadrat şəklində qazılır, ortada isə dördkünc torpaq sahəsi qalırdı. Qazılan divarların üstünə kərən, kərənin üstünə pərdi qoyulandan, pərdinin üstünə isə şax-budaq düzüləndən sonra, orta bacadan kəvər deyilən o dördkünc torpaq tövlənin üstünə atılmalı idi. Bu isə təkin işi deyildi. Kəvər atmaq elin işi idi. Elbirliyi, əlbirliyi kəvəratmada özünü göstərərdi. Kənddə kimin ev tikdiyi, kümə qaraltdığı hamıya məlum olardı. Hər iş bir yana, kəvər atmağa təklif-filan gözlənilməzdi. Axşamlar hər kəs ya kolxoz sahəsində, ya da öz bağ-bağatında işlərini görüb qurtarandan sonra kəvər atmağa yığışardılar. Xım qazmaq ev ya da tövlə qaraldanın öz işi idi, bu yükü onun özü təkbaşına çəkməli idi. Dünya və yaşamaq növbəsi çatmışdı, indi bu yükü Bayatın özü çəkirdi... Amma ürəyində səbəbi məlum olmayan elə bir səksəkə vardı ki?! - Birdən, Allah eləməmiş, gördüyüm iş yarımçıq qalar...
Allahdan tövlənin kəvəri sarı torpağa çıxmışdı, işdi, daşa-qayaya çıxsaydı, onda axır-günləri nə olardı? Məhsul verməyə üzüqara olan sarı torpaq xım qazımında üzüyolaydı. Və yaxşı ki, vaxtın, zamanın üzü kimi torpağın üzü bərk deyildi, rahat qazılırdı. Ana-bala xım qazdıqları çiskinli payız günlərinin birində açıq olan aran tərəfdən gələn yolda Bayat ürəyinə damanın baş verdiyini görəcəkdi. Yol yoxuşunda görünən vergi agenti Musa idi. Bayata içinə çökən mənbəyi məchul hissdən bu gün xoşa gəlməyən bir şeylər olduğunu anlamışdı, indi ürəyinə çökən o bəd hissin nə olduğunu görürdü. Anladı ki, kişi elə-belə piyada gəlmir, istəsə yol maşınlarının birinin tərkində çoxdan çıxıb getmiş olardı, piyada gəlirsə və ikidəbir onlara tərəf boylanırsa, deməli, bu gəlişdə nəsə xoşagəlməyən bir bəd xəbər də var. Həm də bu bəd xəbər mütləq onunla bağlıdır. Çünki birinci, kənddə hamı Musa kişinin nə yuvanın quşu olduğunu yaxşı bilirdi, peşəsi vergi yığmaq ya da əsgərliyə gedənlərə povestka- yəni çağırış vərəqəsi daşımaq idi. Gəlişi xoşbəxtlik yox, bədbəxtlik gətirərdi. Əslində, onu da qınamaq doğru olmazdı. Hərə balalarını bir cür dolandırırdı. Musanın da qismətinə belə bir vəzifə düşmüşdü. Bir də, kəndin aran tərəfi onsuz da gözü kölgəli idi. Ta ikinci dünya müharibəsindən bu yana ər, qardaş, oğul, ata yolu gözləyən neçə-neçə gözü kor qoymuşdu bu dolanbac aran yolları. Adamlar yox, Bayata elə gəlirdi ki, hətta kəndin ağacları da aran yoluna tərəf əyilmişdi. İndi bu yol Bayatımı sevindirəcəkdi? Başına döndüyüm ağsuyun yolu, gələndə boş gəlir gedəndə dolu... İndi də həmin tərəfdən üzü ana-balaya tərəf Musa kişinin dilində yağlana-ballana bir bəd xəbər gəlirdi... Bayatın aran yoluna baxdığını görən anası da o tərəfə göz qoydu:
- Nə oldu, nəyə baxırsan?
- O gələni görürsənmi, bilirsənmi kimdir?
Ana təfərinc elədi:
- Belə, bu bizim vergi agenti Musa kişi döyülmü?
- Özüdür ki, var.
- Gəlsin də.
- Xeyirliyə gəlmir.
- Xeyirliyə gəlməyib nə edəcək? Son vergini keçən həftə ödəmişəm.
- Vergi məsələsi deyil.
- Bə nə məsələsidir?
- Belə mənə çağırış vərəqəsi gətirir.
- Pavıskamı?
- Hə, poveska.
- Nə poveskası? Bə demerdinmi instituta qəbul olubsan.
- Yalan ha demirdim. Olunmuşam, amma qiyabidən əsgər aparırlar.
- Ə, ağzını xeyirliyə aç, hələ sənin nə yaşındır ki, əsgərə də çağırsınlar.
- Mən ürəyimə damanı deyirəm. Bax, düz çıxmasa onda mənə nə deyirsən de.
Musa kişi qırğı kimi başlarının üstünü almışdı:
- İşiniz avand olsun,-dedi Musa kişi.Və başladı çantasından bir qalaq kağız çıxarıb araşdırmağa.
- Sağ ol,- dedi, ana.
Bayat dodağının altından:
- Sən qoysan işimiz avand olar,- deyə mızıldandı.
Musa qulağı ağır eşidən adam kimi:
- Hay, - dedi.
Sanki heç bir şey eşitməmişdi. Amma Bayat adına əmin olan kimi əmin idi ki, Musa kişi eşidib, amma özünü eşitməməzliyə vurur. Kağızı Bayata tərəf uzatdı, ayın iyirmi ikisində vayenkomatda olmalısan, saat doqquzda, gecikmə, məndən deməkdi... Sonra üzünü anaya tutub:
- Narahat olma, ay bacı, hələlik əsgərlik-zad yoxdur, eləcə şota salacaqlar,-deyib dabanına tüpürdü.
- Və onlar beləcə yenicə tikdikləri tövlənin yox, dərdin içinə yığışdılar. Bayat anasının tək övladı olduğundan, qanuna görə əsgərliyə aparılmamalı idi. Amma qanuna baxan kim idi. Hələ neçə yol onu oraya-buraya sürüyəcək, çək-çevirə salacaqdılar, anasından aldillə rüşvət istəyəcəkdilər, anası da ondan xəbərsiz onun yolunda quzusundan, qoyunundan olacaqdı. Bayat bundan gec xəbər tutacaq və anasına üsyan edəcəkdi:- A yaradanın yanılmasın, niyə belə edirsən, axı mən kimin tırtıxlı oğlundan əskiyəm, niyə qoymursan gedib əsgərliyimi çəkib gələm, nəyin var bu it-qurda yem edirsən, onsuz da görürsən bu xarabada mənə iş də verən yoxdur, yenə gedib əsgərlikdə rus dilindən-zaddan öyrənərdim.
Anası:
- Bə oxumağın nə olacaq, ay anan ölsün?
- Oxumağım da sənin sağlığın, gələndə dalını davam etdirəjəm.
- Heç olmasa, ağzıyanmışlar səni yaxınlara salsalar nə vardı ki?! Mən ondan qorxuram ki, səni uçurumun dibinə salalar.
Ana da qınanılası deyildi. Ərinin yadigarı əlində-ovcunda qalan tək övladını, kor tutduğunu buraxmadığı kimi gözündən uzağa buraxmaq istəmirdi, itirə-itirə gəl­mişdi, tək tapdığı təsəlli yeri Bayat idi. İndi onu əlindən "ərəseyin" hansı dağıl­mışınasa gözü görə-görə buraxası ha deyildi. Ən azından sonradan özünü yeyib-tökməsin deyə, nəyi bacarırdısa onu da edirdi ki, oğlunu əsgər apar­ma­sınlar. İçində gizlənmiş bir duyğu da vardı ki, heç olmasa, axırda heç nə alın­masa, "neylim, anası ölmüşün yolunda nəyim var tökdüm, amma yenə apardılar" - deyə bilsin.
Qəfil gələn ümidsiz qara xəbərdən bir az da qatılaşan o dumanlı-çiskinli payız günlərinin birində Tanrının kəraməti ilə çətin də olsa, ata yurdunda özbaşına bir kümə qaralda bilmişdi. Elliklə damın kəvəri atılmış, damı qaralmışdı. O ağır zəhmətdən əllərinin qabarı və yamacda qaralan ümid və qürur yeri daxma qalmışdı. Amma bu daxma Bayat üçün ağ saraylardan daha önəmli idi. Bunu edən onu da edə bilərdi. Yəni, Allahın köməyi ilə günəşli günlərin birində elə bu şahid qara damın yanında mütləq bir ağ imarət də qurduracaqdı. Həm də onu başqaları kimi erməni ustalarına tikdirməyəcəkdi. "Arım arı olsa, balı Bağdaddan gələr" misalı o günlər içinə işıq salır, güzgü tuturdu. Nə çoxdu öz ustalarımız, pul olduqdan sonra lap dünyanın o başından gətirdə bilərəm. Bu qaraltdığı daxma onda gələcəyə böyük ümidlər oyandırmışdı: Böyük arzulara ümid oyanar, kiçik arzulara çata biləndə... İş görülüb qurtarıldıqdan, toyuğu, cücəni, qoyunu, keçini qara daxmanın qanadları altına yığdıqdan sonra özünə inamı artmış, əsgərlik - filan gözünə belə görünmürdü. Özünütəsdiqin nə demək olduğunu Bayat yaşda böhran keçirənlər yaxşı bilir. Əsas olan o idi ki, görülən işə Allahın şərik olduğunu anlamışdı, kənd sovetinin sədrinə, partkoma, kolxoz sədrinə qalsa anasını yarıuçuq damın altında qoyub gedəcəkdi. Amma içinə elə bir hiss və inam doldurulmuşdu ki, Bayat yox yerdən bu uşaq deyiləcək yaşında özünə kümə qaralda bilmişdi. Su gələn yerdən bir də gəlmişdi, ata-baba yurdu boş qalmamışdı.Tikilən hisli-paslı bir daxma olsa da!.. Amma mütləq bu qara daxmanın yanında bir imarət tikdirəcəkdi, mütləq.
Bu inam yerdən çıxmamışdı, göydən enmişdi və içinə damanların sonralar mütləq həqiqət olacağına o, artıq özünə inanan kimi inanmağa başlamışdı... Bu düşüncəni həyat yollarında təcrübədən hələ çox keçirəcəkdi.
Sonunda isə əsgərliyin yolu görünəcək, ananın ürəyinə damanlar olacaq, həm də dünyanın o başına, yolların bitdiyi yerə əsgərə gedəcəkdi. Bayat əsgərliyini Vladivostokda - "uçurumun dibində" keçirəcəkdi... Sıxıntılı iki illik əsgərlik həyatından "qazancı" rus dilini öyrənmək və rus balası Sergeylə dostluğu olacaqdı. Bayata baxanda Sergey şanslı idi... Çox da uzağa düşməmişdi, əsgərliyə Sibirdən-İrkutsk vilayətindən gəlmişdi...



Əsgərlik həyatı Bayata çox şeyi öyrətdi, çox şeyi... Hərdən fikirləşirdi ki, onun- Bayatın buraya, Sibirin bu ucqar küncünə düşməyi də təsadüfi deyil. Burdakı yer adlarının dostdoğma türk kəlmələri olduğunun yeni-yeni fərqinə varırdı. Və ağlına belə bir fikir də gəlmişdi ki, tale dədələrimizin bir vaxt buraxıb getdiyi yerlərə onu elə-belə atmayıb. Atıb ki, uzun illər kimsənin bilməsinə imkan verilməyən həqiqətləri o, Bayat öz gözləri ilə görüb dərk etsin, fərqinə varsın, ən azından hansı millətə mənsub olduğunu və bu millətin millətlər içindəki yerini dərk etsin. Beləcə əsgərlik illərində keçmişi, yaşadığı günü, daha çox da gələcəyi uzun-uzadı düşünməyi özünə iş-peşə eləmişdi...
Özündən yüz il əvvəl yaşayanların ruhunu söyürdü, niyə aciz olub bir ovuc erməninin önündə geri çəkiliblər? Niyə Naxçıvanla Azərbaycanın arasında olan torpaq­ları ermənilərə veriblər? O torpaqlar ermənilərə verilməsəydi və erməni­lər aranı ərəbzəngi kimi kəsməsəydilər, Türkiyədən ta Tanrı dağlarına, yəni Sibirə, hətta Kamçatkaya qədər bütün türk dünyasının qan damarları fasiləsiz işləyər, quzeylə güneyin türk vadisində bambaşqa bir gəlişmə olardı. Xəyanətin bundan böyüyü olurmu? Dağlıq Qarabağ hadisələri başlayanda Azərbaycanı idarə edən qanı pozulmuş rusbaşlılar silahlanmaq yerinə Moskvanın əmri, erməninin hiyləsi ilə Azərbaycanda başı qarışdırılan adamların evlərindən ov tüfəngini də yığışdırtdılar. Bu az imiş kimi Bakıdan Mərkəzi komitədən, Nazirlər sovetindən Ermənistanla sərhəd rayonlarına o sərhəd rayonlarının ziyalıllarından təşkil olunmuş təbliğat briqadası göndərmişdilər... Onlara yerlərdə tarix boyu ermənilərlə qardaş kimi yaşanıldığının və bundan sonra da yaşamaq lazım gəldiyinin təbliğatını aparmaq tapşırılmışdı. Həm də elə bir zamanda ki, artıq ox yaydan çıxmış, ermənilər qanıxmış dişlərini Azərbaycan torpaqlarına qıcamışdılar...
Təbliğat briqadası Bayatgilin kəndinə də gəlmişdi. Natiqlər bir-bir söz alıb ermənilərlə azərbaycanlıların tarixi dostluqlarından danışdılar. Hətta kənd ağsaqqalları Bakıdan gələnlərdən daha yerli-yataqlı danışmağa başlamışdılar:
- Bizim uşaqların çoxusunun kirvəsi Çinarlı ermənilərdir.
- Kənddəki evlərin çoxusunu erməni ustaları tikib, onlarla aramız pozulsa, bu işi kim görəcək?
- Yenə bizdə undan, qənddən qıtlıq olanda, sağ olsunlar dükan-bazarlarına gedir, əskiyimizi tamamlayırıq. Bayat bu yaranmaları eşidib Amerika ata sözünü xatırlamışdı:Təmiz su tapmadan kirli suyu atma, təmiz su tapıldıqan sonra kirli suyu mütləq at və ikisinin birləşməsinə imkan vermə. Bizim toplumda nə yazıq ki, bu ikisi birləşdi, indi hansının təmiz, hansının kirli olduğunu bəlkə Allahın özü də müəyyən edə bilməz. Bunları düşünə-düşünə öz-özünə giley eləyirdi:
- Allahım, yoxsa bu gördüklərimin hamısı bir yuxudu, biri dümsükləyib oyadacaq məni... Bu necə iclasdı, Allahım? Bu necə milli ziyalılıqdır, a sənə fəda olum? Biz bunamı layiqik? Bu necə vətən insanlarıdır, Tanrım? Oyat məni bu yuxudan, Allahım, oyat!
Bayat həm Bakıdan gələnləri, həm də, bu yerli ağsaqqalları yaxşı tanıyırdı, işinə yarayanın ağsaqqalı idi onlar. Dünyanın o başında yaşayan erməni dünyanın bu başında yaşayan erməninin səsinə səs verib müdafiə edəndə gör bizim ağsaqqallarımız nələrdən danışır? Dağlıq Qarabağda yaşayan azərbaycanlılar od-alovun içindədir, bunlar burada qardaşlıqdan dəm vurur. Həm də necə qardaşlıqdan. Bayat hələ uşaqlığında Məmmədəli kişi ilə birlikdə balta və dəhrəsini itilətməyə gedəndə görmüşdü erməni dığasının üzünü. Ona görə də yerində durmadı, söz alıb kürsüyə çıxdı. Adamların arasında çaxnaşma, pıçı-pıçı düşdü, -yenə sarsaqlayıb ədalətdən dəm vurub bizi qonaqların yanında rüsvay edəcək. Onların belə düşünməyə haqları da vardı. Çünki Bayat gah rayon qəzetində, gah da elə Bakıda çıxan qəzetlərdə kənd-kəsəyin əyər-əskiyindən, vəzifə sahiblərinin özbaşınalığından, rüşvətxorluğundan məqalələr yazırdı. Bu yazıların beşinin təsiri olmasa da, birininki olur və kimlərinsə başı ağrıyırdı. Aradan bu qədər zaman keçməsinə baxmayaraq, ona pasport almaq üçün arayış verməyən kənd soveti sədrinin kəmfürsətliyi yadından çıxmamışdı. Yaşı altmışı yaxalasa da hələ də oturduğu stoldan bərk yapışan bu kəmfürsətin əməllərini də qəzet səhifələrinə çıxarmışdı... Şişman qarnını kef məclislərində sevimli övladının başı kimi sığallayan və:
- Qadasını alım bunun, düşmən qaraltısıdır,- deyən, gödənini öyən bu adamın əməllərini gün işığına çıxartmışdı. Bu yazıdan sonra kənd soveti sədrinin atası Bayatın anasının yolda qabağını kəsib demişdi:
- Ay qız, küçüyünü baldırına bağla, qulağını aç, eşit, elə bilərəm doqquz oğlumdan biri yoxdur.
Bayatın anası da söz altında qalmamışdı:
- Kişi, hörmətini saxla, ağzını dağıtma, nə doqquz oğlum, doqquz oğlum var deyirsən, yüz qarğaya bir sapand daşı...
Bayat kənddə yüz qarğaya bir sapand daşı idi. Əlinin suyunu yaxşı bilirdilər, onu da bilirdilər ki, bildiyini Allaha da verməz. Ona görə də indi məclisdə söz alanda araya bir şuluqluq salacağını bildiklərindən xosunlaşır, amma cəsarətləri çatıb bir şey də deyə bilmirdilər.
Bayat kürsüdəydi:
- Bayaqdan fikir verirəm, Bakıdan gələn ziyalılar, nədi ey, o bir mahnı vardı hər gün radioda oxudulan. "Qardaş olub Hayastan, Azərbaycan" saxta şuarı ilə yenə başımızı qatmaq istəyirlər. Əskik olmasınlar, Bakıdan zəhmət çəkib biznən görüşə gəliblər. Amma bu sərhəddə biz yaşayacağıq, onlar yox, onlar bu gün burdadırlar, sabah çıxıb gedəcəklər. Mən bir şeyi anlamıram, əyər bu qardaşlıq həqiqətən də yaxşı şeydirsə, niyə ermənilər də bu qardaşlıqdan danışmırlar. Danışsaydılar biz də eşidərdik. Elə beynəlmiləlçilik bizə qalıb? Beynəlmiləlçilik yaxşı şeydirsə, qoy Bakı kimi Yerevan da beynəlmilləlçi şəhər olsun. Beynəl­mi­ləlçilikləri başlarına dəysin. Aqanbekyanlar Yerevandan deyil, Parisdən bizə dil uzadıb Dağlıq Qarabağın erməni torpağı olduğunu bəyan edir. Bəs bizimkilər nə edir? Bizimkilər də cavab vermək əvəzinə gəlib bizə qardaşlıqdan moizə oxuyurlar, necə deyərlər, səni sevəcəyəm sən sevməsən də. Ey mənim həmkəndlilərim, qulağınızı açıb eşidin, bir gün belə gecikmədən bax, odu ey Koxanəbinin sərhədində indidən səngər qazmağa başlayın, bax sonra deməyin ki, söyləmədi. Çox keçəməyəcək ki, ermənilər üstümüzə hücum edəcəklər. O kirvə, usta dedikləriniz dönüb yaraqlı olacaq, üstümüzə gələcəklər. Allaha şükür, kəndimizin dəlmə-deşiyini də əlləri ilə qoymuş kimi bizdən yaxşı tanıyırlar. O günü düşünün. Dediklərim olsa, heç olmasa zəhmət çəkib səngər qazmış olacaqsınız, daha bir də əziyyət çəkməzsiniz, elə məni diri-diri o səngərlərin birinə gömərsiniz. Məndən bu qədər...
Bayat kürsüdən endikdən sonra salon bir-birinə dəymişdi... Kənd sovetinin sədri qoçubəylərinə him eləmişdi. Bayatı süpürləyib bayıra atmışdılar. Bayatın çıxışından bir gün sonra sahə müvəkkili onu rayon milis idarəsinə aparacaqdı. Başqa bir zaman olsaydı, ya da o çıxışı edən başqa birisi olsaydı, çoxdan boynundan vurub donuzluğa salarlardı, amma Bayatın qəzetlərdə çıxan tənqidi yazılarının nə olur, nə olmazıyla, başına "ağıl qoyub" buraxmışdılar. Aradan çox keçməmiş Bayatın dedikləri olacaqdı. Amma Bayat da Bayatdı, artıq kənddə özünümüdafiə dəstələrinin yaradılmasına başlamışdı... Çox keçməyəcəkdi ki, dünənə qədər kirvə kimi, usta kimi gələn ermənilər, özləri ağırlığında çörək­lə­rini yeyib, sularını içdikləri qonşu kəndin üzərinə topla, tüfənglə gələcəkdilər... Amma kəndi Bayatın sayəsində əliyalın yaxalaya bilməyəcəkdilər, aralarında yaralananlar olsa da düşməni geri oturdacaqdılar. Bayatgilin güclü müqaviməti ilə qarşılaşan çinarlılar bir daha Əsriyə yaxın düşə bilməyəcək, uzaqdan-uzağa qrad mərmiləri ilə gözlərini qorxutmağa çalışacaq, kəndə vahimə salacaqdılar. Və hərdənbir də erməni snayperləri yer sulayan, ot çalan adamlardan birini vuracaq və kənd beləcə qurbanlarını verəcək, şəhidlər qəbiristanlığını salacaqdı.
Özünümüdafiə dəstəsinə Bayat rəhbərlik edirdi. Və ürəyində təkrarladığı yalnız bir şey vardı, nə yaxşı ki, vaxtında əsgərliyə getmiş, həm də topçu alayına düşmüş, bir çox hərbi sirlərə yiyələnmişdi, savaşmasa da savaş manevrlərindən başı çıxırdı. Əgər anasının əl quzusu olub rüşvətlə əsgərlikdən qalsaydı, indi dişinə qədər silahlanmış ermənilərin qarşısında necə duruş gətirəcəkdi?.. Və bu qanlı günlərdə sovet ordularında oynanılan oyunların indi-indi fərqinə varırdı. Orduda xidmət edən azərbaycanlıları ya mətbəxdə, ya da inşaatda işlədirdilər. Əslində, günah elə bizim özümüzdə idi. İşin asanına qaçırdıq. Erməniləri isə hərbi işlərlə uğraşan bölüklərə göndərirdilər. Bayatın içini dağıdan o idi ki, ruslar heç, niyə komandirlər arasında çoxlu erməni, gürcü var, bizdən yox, bizim onlardan nəyimiz əskikdir? Bu yöndə baş sındırsa da o zaman bu qıfıla açar tapmaqda çətinlik çəkmişdi. Bayat uşaqlıqdan gözüaçıq böyümüş, türklüyünü vaxtında dərk etmişdi. Doğrudur, bu barədə ona nə evdə, nə də məktəbdə bir şey deyən olmamışdı, Allahdandı, bəndədəndi, nədəndisə bu qənaətə özü gəlmişdi. Həm də əsgərlikdə - uçurumun dibində bunu bir daha dərk etmişdi. Amma bir şeyi anlaya bilmirdi ki, hərbi hissədə əsgərlər arasında dava ruslarla ermənilər, gürcülər arasında düşmür, azərbaycanlılarla qırğızlar, özbəklər, türkmənlər, qazaxlar arasında düşürdü, yəni türklər arasında. Ağzından süd iyi gələn bu gənclər hələ türk olduqlarının fərqinə varmamışdılar, bəlkə heç sonra da varmayacaqdılar.
Bayat nə qədər əlləşsə də kənddə ağızbirliyi olmurdu, hərə bir tərəfə çəkirdi. Başda da, sovetlərin yıxılması bu gün - sabahlıq olsa da, hələ də stolunu buraxmayan, məlum kənd sovetinin sədri olmaqla varı, imkanı olan adamların kənd ilk şəhidini verməyə başlayanda, hamıdan əvvəl ev-eşiyini gizli şəkildə qabqardığını eşitmişdi, bir hay-küy olan kimi dabanlarına tüpürüb kəndi tərk edəcəkdilər... Bayat yalnız sərhədləri qorumurdu, o eyni zamanda kənd adam­larının inamını da qorumağa çalışırdı. Çoxları yır-yığış edəndə Bayat çoxdan arzusunda olduğu evi tikdirməyə, daxmalarının yanında ağ daşdan yeni bir ev ucaltmağa başlamışdı. Çoxları şayiə yayırdı ki, yəqin Bakıdan sərhədi qorumaq üçün silah-sursat üçün göndərilən pulu ev tikməyə xərcləyir. Yoxsa, yetimin biri o boyda evi nəynən tikdirəsi idi. Xım yeri qazarkən bir küp qızıl tapıb indi yavaş-yavaş həzmi-rabidən keçirir - deyə düşünənlər də yox deyildi. Bir Allah bilirdi ki, bu şayiələrin heç bir əsası yoxdu. Bayatın ömrü boyu ev tikdirməkdən, vaxtsız ölmüş atasının yurdunu şənləndirməkdən başqa arzusu olmamışdı. İllər boyu qazandığını qəpik-qəpik bu arzusunu həyata keçirmək üçün toplamışdı, yeməmişdi, içməmişdi, qarnından, boğazından, əynindən, başından kəsib günlərin birində bir kümə qaraldacağını düşünmüşdü... İndi nə yazıq ki, sanki dünyanın sonu gəlmiş, başlar ayaq, ayaqlar baş olmuş, aləm qarışmış, bütün dəyərlər qiymətdən düşmüşdü. Hərdən Bayat göylərə boylanıb sitəm edirdi:
- A şükür kərəminə, atamı əlimdən aldın, çəkilməz dərdlərlə böyüdüm, indi-indi əlim çörəyə çatırdı, bu nə tufandı çıxardın belə, gəncliyimi qara gətirdin. Elə hər dərdi çəkmək mənəmi qalıb? Niyə bir dərzi kimi bütün qəm libasını mənim əynimdə sınaqdan keçirib sonra sayını artırırsan? Niyə mən, niyə mənim gəncliyimə əslinə qalsa, yığdığı pul bir evi tikib başa çatdırmağa yetəsi deyildi, amma Bayat varlı, imkanlı adamların yüklərini qabqardığını duyunca, kasıbların çıxıl­maz vəziyyətdə qaldığını görüncə, kimsənin gözləmədiyi halda ev tikdirmə­yə başladı. Həm uşaqlıq arzularını yerinə yetirəcək, həm də kənddən başlayan köçün qabağını alacaqdı. Elə də oldu. Çeşidli şayiələr yayılsa da Bayat istəyinə nail olacaqdı. Doğrudur, qulağına çatan, canını sıxırdı. Bəziləri deyirdi ki, - kasıb çıxacağını bilsə geydiyi atlas olar, yetimin biridir, neyniyir evi? Hələ üstəlik sərhəd kəndində, sabahı məchul bir yerdə:
- Ayə, mən sizə demişdim dəlinin biridir, dəli olmasaydı, camaat bir ayağını kənddən qaçaq qoyub, bu isə ermənilərçün ev tikdirir, bu gün-sabah, Allah eləməmiş, düşmənlər kəndi işğal etsələr, o ev kimə qalacaq?
- Yox, canım, Bayatın, görünür, bir bildiyi var, yuxarılarla əlaqəlidir, kəndin işğal olunacağını bilə-bilə pulunu havayı yerə daşa-divara verərmi?

davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG