Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Məmməd İsmayıl. Bayat (2)


əvvəli

Dığa türkcə bilirdisə də danışmaq istəmirdi, istəmədiyindən də özünü zirzəmiyə vermişdi, yəni babam mənə sənin kəsərlərini deyib, daha bu türk dığasınınkını yox. Bunu bilməyə nə vardı ki?! Erməni dığasının bomboz üzü sözə ehtiyac yeri buraxmamışdı.
Kor-peşman geri qayıdırdılar, gələndə yol eniş olduğundanmı, yoxsa baltasını itilədə biləcəyindənmi qov kimi yüngül idi. Dönəndə işinin avand getmədiyindənmi, yoxsa kəsəri qoltuğunda küt qaldığındanmı, ya nədənsə yoxuşu çıxmaqda çətinlik çəkirdi.Yol sanki baltasının küt ağzı kimi yomrulmuşdu. Onun ta ilk uşaqlıq çağlarından gələcək hadisələrin içinə dalmağı vardı. Bir də görürdün səbəbini bilmədiyi bir hal onun əhvalını dəyişir, canı sıxılırdı. Səbəbini tapana qədər də beləcə davam edirdi. Bu hal onu hələ uzun zaman qarabaqara izləyəcəkdi... Kəndlərindən səhərin tülküdurmazından Çinara yola düşdükləri zaman da qanı qara idi. Yol boyu Məmmədəli kişi ayından-oyundan söz açıb onu danışdırmaq istəsə də, Bayat "hə", "hı" ilə canını qurtarmışdı. Halbuki, kəndin söz ustası Məmmədəli kişi ilə uzaq yola çıxmaq onun Allahından idi. Bəlkə girəvə tapıb ucundan-qulağından şeirdən, sənətdən də bir şey öyrənə bilərdi. Bu dünənki arzusu idi. Bu gün isə...
Hələ kəndin çıxacağına çatmamışdılar ki, qarşıdan üstünə ot şələlənmiş bir eşşək gəldiyini gördülər. Az keçmədən eşşəyin yükünün arxasından yosma boylu, 55-60 yaşlarında üz-başını çallaşmış tük basan bir adam göründü. Adam görünər-görünməz Məmmədəli kişi sanki canlandı:-Ay səni Mıkırtıç kirvə, adə evinə qonaq çağırıb özün də bizim Qurbanəli bəy kimi sıpxıb aradan çıxmısan, bizi əl boyda bir dığanın umuduna buraxırsan, adə, bə belə də iş olar?
Onların qənşərində ayaqları yerə mıxlanan eşşəyin burun pərləri açılıb-örtülməyə başladı, sanki qarşısına çıxanların kim olduqlarını qoxularından bilmək istəyirdi. Ağlı bir şey kəsmədiyindən, ya nədənsə, qarşısını kəsən bu iki qaraltıyla sahibinin başının söhbətə qarışdığını görüb fürsət bu fürsətti deyib, yük altında canı sıxılsa da, yolun kənarında ağac kimi böyümüş itburnu kollarının tikənli yarpaqlarının dodağını dalamağına əhəmiyyət vermədən, hardan gəldi ordan qırpıb həzmi-rabidən keçirməyində idi. Yeni biçilmiş ot ətri cecə qoxusuna qarışıb başqa bir ətir yayırdı. Mıkırtıç kişi onları görüb çaşmışdı, bilmirdi özünə necə bəraət qazandırsın, ikidə-bir əlini cod saqqalına çəkir, sanki bununla da qarşısındakılara verəcəyi cavabı fikirləşmək üçün vaxt qazanırdı. Və birdən Bayatın ağlına gəldi ki, yalnız qarşısında dayanan bu Mıkırtıç deyilən kişi deyil, indiyə qədər gördüyü bütün ermənilər saqqallı idi, elə bil hamısı yas içindədir, kiminsə yasını tuturlar. Doğrudur, Əsrikdə də saqqallı kişilər vardı, amma onlar daha çox gününü görüb, dövranını sürmüş ixtiyarlar, ya da yaslı olanlardı. Bayatı xəyaldan qarşısındakı saqqallının ciy-ciy səsi oyatdı:
- Ara, eli, man sani ahşama gözlüyordum, na tez geldin, bu dığa kimin, səninmi, öyünüzü dikəndə hiç gözümə dəyməmişti...
Məmmədəli kişi Mıkırtıçın sözünü ağzında qoydu:
- Arə, ay imansız, dinsiz erməni, arə, bə sənin Allahın, bəndən yoxmu, bir dığanı da bağlamısan yerinə, o da nə bəndə tanıyır, nə Allah.
- Arə, o bənim navəmdi dayna. Bə it küçüyünə eli, sənin gələcəyini söyləmiştim, demiştim işti, bir az gec kalaram gəlan kimi sanin işini görsün və man gələnə kadar da səni bırakmasın. İmdi bahdım patlanı, dəhrəni ülgüc kimi etmiş, daha nə istəyirsən eli, ha man, ha navəm. Ha o başka şey ki səni evdə tutmamış, imdi kulağını çəkəcəyəm o it küçügünün.
- Ara, sən mənim baltama, dəhrəmə baxma, bu, bizim qonşunun oğlu, onun baltasına bax. Yaradanı yanılmış nəvənin erməniliyi tutdu, itiləmədi uşağın kəsərini...
Mıkırtıç kişi:
- Vah, it küçüyü, vah, bir gör da onun başına nə uyun açacam.
Yenidən kepkası sökük çardağın altındaydılar. Mıkırtıç kişinin qışqırığından "it küçüyü" də yeraltı zirzəmidən gün işığına çıxmışdı. Mıkırtıç kişinin səsi kəndi başına götürmüşdü, öz dilində söyür-söyür söylənirdi. Erməni dığası matoru işə salmışdı, dodağının altında bir şeylər söyləyirdi: Türke dığa, türke dığa!



Bu dəfə də Mıkırtıç kişi başlamışdı, həm də Azərbaycan dilində:
- Qancıktan doğulan, nə "Türke dığa", "türke dığa" salmısan, o kəndin adamları olmasaydı, Osmanlıdan gələn əskərlər babanı da, dədəni də qurşuna düzərdi, onda sənin kimi it küçüyü də dünyaya gəlməzdi.
Yenə ermənicə bir şeylər söylüyürdü. Söyüşün biri bir qəpik olmuşdu. Sözlər adındakı samit cingiltiləri ilə lopa bığlarından görünməz olan çürük dişlərinin arasından çörək qırıntıları kimi ətrafa yayılırdı. Doğuşdan türklərə nifrət edən it küçüyü, deyəsən, babası Mıkırtıç kişinin söyüşlərindən sonra özünə gəldi. Dodağının altında zingildəyə-zingildəyə hirsli-hirsli Bayatın baltasını alıb fırlanan daşa toxundurdu. Daşla dəmirin toqquşmasından ətrafa qığılcımlar saçılmağa başladı. Heç Məmmədəli kişinin kəsərləri itilənərkən bir bu qədər qığılcımlar saçılmamışdı. Bəlkə də saçılmışdı, Bayat indi fərqinə varırdı. "Qancıktan doğulan nə "Türke dığa", "türke dığa" salmısan, o kəndin adamları olmasaydı Osmanlıdan gələn əsgərlər babanı da, dədəni də qurşuna düzərdi, onda sənin kimi it küçüyü də dünyaya gəlməzdi" sözlərinin anlamını hələ uşaq ağlı kəsməsə də Bayata elə gəldi ki, bu qığılcımlar daşla dəmirin toqquşmasından yox, erməni dığasının onlara olan nifrətindən, kinindən çıxır və alovlanmağa fürsət axtarır... Və bu səksəkə onun içinə on yaşından düşəcəkdi, içinə dolanların gerçəkləşməsini isə o, çoxdan sınamışdı...
O balta zaman içində korşalacaqdı... Amma Çinarda başına gələn hadisəni onun dəmir yaddaşı hər zaman capcanlı saxlayacaq və ona rahatlıq verməyəcəkdi... Buna səbəb bəlkə heç Bayatın yaddaşı da deyildi. Ermənilər özləri özlərini unutturmağa qoymurdular.
Orta məktəbdə oxuyurdu. Müəllimlər bir-birinin ağzına tüpürmüş kimi sadəcə dərs kitablarındakı mövzuları tutuquşu kimi əzbər söyləyir, şagirdlərə də əzbərlədirdilər... Sinifdəki şagirdlərin iç dünyası ilə maraqlanan kimdi? Bu yönüylə Bayat ağaclara, çiçəklərə, güllərə, onların ilahi yaşayışına həsəd aparırdı. İnsanlar arasında boğulan, əzbər dərslərdən canı sıxılan Bayat can rahatlığını bağlarda, meşələrdə tapırdı. Bağlar, meşələr ona başqa, Bayatın sirrinə vaqif ola bilmədiyi dünyalardan xəbər verirdi. Bəlkə Bayatın təbiətdən umacağı daha böyükdü, amma təbiət öz dilində ona çox şeylər söyləyirdi. Təbiət ona kitab yazası, sinif müəllimi olası deyildi ki? Kitablar susur, müəllimlər isə ya heç nə bilmir, ya da bildiklərini söyləmirdilər... Dərs kitabları da bir bu qədər cansıxıcı olarmı? Hələ üzərinə "Ana dili" yazılmış kitab?! Bir dəfə valideynlər iclasında müəllimlər ondan - Bayatdan anasına şikayət etmişdilər,- dərslərdə fikri dağınıq olur, ağlı sanki ovda-quşdadır, əvvəllər yaxşı oxuyurdu, son zamanlar buna nə oldu, birdən-birə zəiflədi, gerilədi... Bayat Çinarda başına gələn hadisədən bir xeyli sonra belə olmuşdu. Müəllimlər bu şikayətlərində haqsız da deyildilər. Bayat o "türke dığa" olayından sonra böhran içərisində idi, nə yediyini, nə içdiyini, nə yazıb-pozduğunu bilmirdi, ağlı başında deyildi. Erməni dığasındakı ona olan nifrətin səbəbi üstündə baş sındırır, bir cavab da ala bilmirdi. O hadisədən sonra Məmmədəli kişinin də ağzını bıçaq kəsmirdi, yenə ucundan-qulağından bir söz desəydi, dərd yarı idi. Bayat ha eləmişdi ki, kişidən bir şey qoparsın, heç nə alınmamışdı. Yaxşı, şeirdən, sənətdən söz açmır açmasın, bəs bu erməni məsələsindən niyə bir kəlmə kəsmir? Yoxsa Bayatı ağzı südlü uşaq sayır? Elə bil ermənilər kişinin dilini, ağzını bağlamışdılar. Yoxsa, kim olsa yola körpü salmaq üçün ermənilərin qarasına deyinər, içini tökərdi. Amma Bayat gözləsə də kişi sanki bir söz söyləməyəcəyinə, sirri açmayacağına and içdiyindən ağzına su alıb susacaqdı. Bayat üçün bu böyük sirr də açılmamış qalacaqdı. Amma daxmalarının yaxınlığında torpağa basdırılan başdaşı kimi ucalan daşları Dəlləkli kəndinin adamları qırıb ev tikməyə aparanda Məmmədəli kişi onların qarasına deyinmişdi:
- Qəbir daşlarını da qırarlarmı, ay tanrıtanımazlar. Başdaşından tikilən divar ayaqda qalarmı, vallah, günün birində çat verib dağılacaq. Erməni olanda nə olar, erməninin ruhu yoxdumu, ölülərin ruhunu dərbədər salırlar.
Bayat anasından o daşların nə daşları olduğunu soruşmuşdu. Anası da:
- Bə görməmişdinmi o daşların üzərində xaç çəkilmişdi. Deyirlər, vaxtiylə ora erməni qəbiristanlığı olub. Nə bilim, ay bala, kimin qəbiristanlığı olur-olsun, məzara əl vurarlarmı? Günahdı, vallah. Bizim adamlar günahın nə olduğunu bilmirlər ki? Bilsələr, heç elə qələt elərlərmi? Nolsun o qəbirlərin sahibi yoxdu, görmür, Allah kı, var. Bəs Allahın gözləri?! Onlardan haraya yayınacaqsan, onlar ki, hər əməlimizi görür. Allahın ayrıca xəbərçı mələkləri var, oğul, insan doğulandan onun başının üstə iki mələk də doğulur, xeyir və şər mələyi... Ta ölənəcən bizi qarabaqara izləyir, xeyir, şər, hər əməlimizi can dəftərinə yazır? Ölüm günündə hesab sormaq üçün; dünya boşuna deyil ki? Xeyir əməllilərin yeri cənnətdi, şər-şəbədə ilə ömrü keçirənlər cəhənnəm odunda yandırılacaqdır.
O zamandan Bayatın canına vəlvələ düşmüşdü. Deməli, onun da şər əməlləri ömür dəftərində yazılır. Şər deyəndə ki, kolxoz bağlarına şıldır yığmağa getməyindən, bir də Allahqulunun fitnəsinə uyub qara Mələyin qazını oğurlayıb Qızıl qayanın altında kabab çəkmələrindən başqa nə bəd əməli vardı ki?! Bunlar bəd əməl deyil məgər?! Tərs kimi qaz sahibinin adı da Mələkdi. Anası bu sözləri gərək ona lap uşaqlıqdan başa salaydı, iş işdən keçəndən, günaha batandan sonra yox. Amma günahın yarısından qayıtmaq da xeyirdir, demirlərmi? Özünə söz verəcəkdi ki, bir də heç zaman harama əl uzatmayacaq...
Bayat çox sonra biləcəkdi ki, - Dəlləklilərin qırıb ev tikdikləri daşlar erməni yox, alban qəbir daşları imiş və Dəlləklilər də çöldə-bayırda sürü kimi yatışan daşları qoyub, qəbir daşlarını elə üzərindəki xaça görə - izi itirmək üçün sındırmışdılar. Amma erməni ustalarının əliylə sınan qəbir daşlarının yerinə kənd evlərinin qapı və pəncərə tağları xaça çevrilirdi. Əsas qorxulası şey də bu olmalı idi... Amma gözləri yumulan kənd adamları nədənsə uzun müddət buna əhəmiyyət verməmişdilər. Həm də üzərində xaç olan qəbir daşları çox zaman elə erməni ustalarının gözü qabağında sındırılırdı, bu qəbiristanlıq ermənilərin olsaydı, çoxdan ona sahib çıxmaq istəyərdilər! Amma Bayat özünü hələ o daşlar qırılarkən və o daşların ermənilərə aid olduğunu öyrənərkən dərbədər ruhların bir gün qısas alacağına inandırmışdı. Bəlkə, elə o "Türke dığa" kini də o daşların qisası idi, kim bilir? Bayat istəmişdi ki, müəllimlər onun ürəyindən keçən suallara o soruşmadan cavab versinlər. Bu erməni-müsəlman davası nədir, osmanlılar kimdir və onlar nə zaman buralara gəliblər və Əsrik kəndinin adamları nə təhər erməniləri osmanlıların qəzəbindən qurtara bilib? Türk kəndində erməni qəbiristanlığının nə işi var? Varsa, dəlləklilər niyə qəbir daşlarını sındırırdılar, qəbir daşına da əl qaldırılarmı? Niyə bu mövzularda kimsə heç nə demir? Niyə Azərbaycanın çiçəklənməsi haqqında hər gün şuarlar deyilir, amma Çinarda su-elektrik stansiyası var və gecələr ermənilərin kəndləri çil-çırağban olur, onlarınkı yox? Niyə orada balta və dəhrələri itiləyən sex var, onlarda yox, niyə onların evlərini erməni ustaları tikir? Niyə? Niyə? Yenə atası olsa idi nə vardı, yeri gələndə bu sualları ona verərdi, atası çoxdan ölmüşdü, hardasa Bayatın dörd yaşı olanda. Bayat atasının üzünü, qalan yeganə şəklinə baxaraq çətinliklə xatırlayır. Dörd yaşlı uşağın yadında nə qalasıydı ki, bundan artıq. Bayat evin, ev yox ey, qozbel daxmanın yeganə övladı idi. Yenə özündən böyük bacı, qardaşı olsaydı, dərdini onlarla bölüşərdi. Bir anası vardı. Gücü ona çatırdı...
"Qancıktan doğulan, nə "Türke dığa", "türke dığa" salmısan, o kəndin adamları olmasaydı, Osmanlıdan gələn əsgərlər babanı da, dədəni də qurşuna düzərdi və onda sənin kimi bir it küçüyü də dünyaya gəlməzdi." Bu sözlər qayalara dəyib qayıdan səda kimi qulaqlarından beyninə dolur, onu haldan-hala salırdı...
İndi valideynlər iclasından sonra anası onun üstünə düşüb:
- A yaradanın yanılsın, səni mala-qoyuna göndərmirəm, yer əkdirib su sulatmıram, başqa uşaqlar kimi oduna da getmirsən, peşəyin adı nədir, pis oxuyursan, hə?
Sualı sual üstən verəndə Bayat çaşıb-eləməmişdi:
- O kitabda yazılanları yaxşı başa düşmürəm, belə birtəhər yazılıb ey,- deyə dodaqaltı mızıldanmışdı...
- Nəyini başa düşmürsən? Bu da sənə fizika, kimya, cəbrdi, nədi, başa düşməyəsən? Mən də səni başa sala bilməyəm. Belə, səndən əvvəllər bu dərslərə görə şikayət edirdilər, indi ədəbiyyat müəllimi də şikayət edir. Buna sözün nədi, hay?
Bayatın əlinə firsət düşmüşdü:
- Azz, bax, bu "Ana dili" kitabıdır, hə, bax, bax nejə olur ki, sənin- anamın dediyi sözləri başa düşüm, amma "Ana dili" kitabında yazılanları yox. Belə qağamın canı üçün, bu kitabın dili ilə sənin danışdığın dil eyni deyil, bunun daha harası "ana dilidir", mən ki ondan heç nə anlamıram. - Bilərəkdən belə deyirdi, əslində isə Bayat sinifin yaxşı oxuyanları arasında idi.
Anasının dilini anlayan, "Ana dili" kitabının dilini anlamayan Bayat çox şeylərin dilini anlamadığını hələ çox sonralar biləcəkdi və bunun səbəbləri qarşısında baş sındıracaqdı...
Yaşı on yeddiyə çatıb orta məktəbi bitirəndə Bakıya oxumağa gedəcəkdi... Və ona elə gələcəkdi ki, qatardan günəş pilləkənləri ilə enəndə Bakı onun ayaqları altına xalı döşəyəcək. Bəs necə, elə o bəyənmədiyi "Ana dili" və "Ədəbiyyat" kitablarında Azərbaycanın paytaxtı Bakı haqqında, sahilində qərar tutduğu Xəzər haqqında nə təriflər oxumamışdı ki? "Xəzər bizim dənizimizdir, Bakı bizim paytaxtımızdır" Bu beş-altı sözdə ürəyə ilham, arzuya qanad verən elə böyük işıqlı vədlər vardı ki... Bayat on yeddi il uzun qış gecələri aranın ilğımlı yolundan fit səslərini eşitdiyi qatara minib Bakıya getməyi nə qədər xəyal etmişdi. Aran yollarıyla Bakıdan Tiflisə keçən qatarlar gözəgörünməz xoruz buraxan kal səsləri ilə onu harayasa bitib-tükənməyən uzaq bir genişliyə səsləmişdi. Xəyalında bəlkə min dəfə getmişdi də... Amma dağ havasından nəsibini alan ciyərlərinə o qatarın "obşi" vaqonunun üçüncü qatının boğazına yad bir oxlov kimi girən boğanaqdan qan-tər içində boğulanda özünə də nifrət edəcəkdi, getdiyi Bakıya da, görəcəyi "mavi Xəzər"ə də. Bəlkə başqaları kimi o da "plaskartda", "kupedə" getsəydi, gedə bilsəydi, heç o "obşi" vaqonun cəhənnəm istisini görməz, Bakıya da, "mavi Xəzərə" də nifrət etməzdi... Bəlkə elə "obşi" vaqonlar ona görə icad olunmuşdu ki, imkansızların Bakı arzusunu gözündə qoysun, xəyalını yerlə bir etsin.Yoxsa hər yerindən duran Bakıya rahatca gəlsə və Bakı da ona ana kimi qucaq açsa, onda Bakıda Bakılıq qalmazdı ki?!
Bakı da, "mavi Xəzər" də onu yad kimi qarşılayacaqdı.Yolda-izdə, küçədə, meydanda bir doğmalıq işığı axtaracaqdı. Əvəzində hər yandan ona yad baxışlar dikiləcəkdi. Və burada o, kənddə oxuduğu "Ana dili" kitablarının dilinə də şükür oxuyacaqdı. Çünki Bakı onunla onun dilində danışmaq istəmirdi. Küçələrdə onun dilində danışan birinə rast gəlmək müşkül işdi. Hələ idarələrin qarşısındakı rusca yazılan yazılar... Qəbul olmaq istədiyi məktəbin ünvanını güc-bəla ilə tapacaqdı. Amma imtahanların hamısını versə də qəbul olunmayacaqdı. Kəndlərindən gələn uşaqların çoxu kəsilib getmişdi, axıra qalan bir-iki nəfərdən biri də Bayat idi... Hamı elə bilirdi ki, o da qəbul olunacaq, Ələkbərdən başqa. Hər imtahana girdikcə və biletinə bildiyi suallar düşdüyünə sevinsə də tanrıtanımaz müəllimlər sualı sual üstündən yağdırıb onu çaşdırmağa çalışacaq və axırda da hay-küyünə, çığır-bağırına məhəl qoymayıb:
- Nə haqq, ədalət deyirsən, al bu da sənə tramvay altda qalan bir üç yazırıq, çəm-xəm eləsən onu da yazmarıq, Allahına şükür elə ki, onu da veririk ki, kəsilən, gözü çıxan qardaşlarını görmürsən, çıx bayıra, sürüş buradan, - deyə onu imtahan otağından qovurdular. Elə Ələkbər də öz təcrübəsinə dayanaraq bunu deyirdi:
- Əyə, ay Allah evini yıxsın, əyə, sən nə qanmaz adamsan, hələ də qəbul olacağına inanırsan. Öyün yıxılsın, boşuna gözünü kor etmə, qəbul olmaq üçün rüşvət vermisən? Yox! Pulsuz kimsə səni bu inistuta yaxın buraxmaz, bildin? Keçən il öz başıma gəlib, ondan bilirəm. Bu il lələşin bu ittərin ağzına tula payını atıb, bə görmürsən necə dördləri, beşləri nəqqaş kimi yan-yana düzüblər. Keçən il imtahanlara bundan on dəfə yaxşı hazırlaşmışdım, "bilmirsən" deyib çıxarırdılar bayıra. Bu il isə heç birinci sualı oxumamış, deyirlər keç ikinci suala. Anası ölsün pulun, bə nə bilmişdin, loxma boğmadır, demirlərmi? Hələ sən Allahına şükür elə ki, elə birinci imtahandan bir yağlı iki alıb kənddə biyabır olmadın.

* * *

"Hörmətli, istəkli, mənimçün hər şeydən əziz olan qardaşım Oqtaya məktub!"
Bu onun Bakıdan kəndə ilk məktubu idi. Əslində, heç məktub yazmağın qaydasını da düz-əməlli bilmirdi. Ona məktub yazmağı kimi öyrətmişdi ki, o da öyrənəydi. Amma içini dağıdan dərdi, bir Allah bəndəsi ilə bölüşməli idi. Uşaqlıq dostu Oqtaydan yaxşı bir Allah bəndəsini hardan tapası idi ?! Bəlkə heç məktub yazmağa da ehtiyac yoxdu, onsuz da üç-beş günə kəndə qayıdasıydı. Amma beş-üç günə səbri çatanı mənə göstər deyirdi öz-özünə.Və məktubuna davam edirdi:
"Qardaşım, məlumun olsun ki, dörd imtahandan 14 bal topladım, iki üç aldım, iki dörd! Üçləri tarix və rus dilindən, dördləri isə ədəbiyyat yazı və şifahidən. Kaş mənim barmaqlarım sınaydı, o üçləri almayaydım, kaş mən öləydim, ədəbiyyat yazı və şifahidən dörd almayaydım. Nə isə qardaş, insanın­kı gətirməyəndə gətirmir... İndi mən qarşıma çıxan haqsızlığın öhdəsindən gələ bilmədim. Lakin bir şeyin, yalnız bir şeyin öhdəsindən gələ bilməyəcəyəmmi? Öz gələcəyimə də mənim gücüm çatmayacaqmı? Çatacaq! Ya namusla, vicdanla, şərəflə yaşayacaq, elm, sənət yollarında saçlarımı ağardacağam, canımı bu yolda fəda edəcəyəm, ya da...Yox, yazmıram. Yox qardaşım, cavabsız məhəbbətim də, gənclik qüruruma toxunan və qələmlə yazmaq mümkün olmayan, ürək ağrıdan hisslər də, bütün həyat, gözəllər... qardaşım hamısı, hamısı mənə "Oxu!", "Oxu!", "Sənətkar ol" deyə səslənirlər. Olmalıyam! Olmalıyam! Həyat sinəmə dağ çəkdi, mən də həyata dağ çəkəcəyəm, ölməsəm... Ölməyəcəyəm!!! Yaşayacağam, öz yerimi tutacağam!..
Qardaşım Oqtay! Sənə yazdığım bu məktub kimi indi öz şəxsi həyatım da ziddiyyətlidir. Lakin "rədd olsun tərəddüd!" Mən inkişaf etməliyəm!

Bizi istəyənlərin hamısına salam de. Tezliklə görüşənədək. Hörmətlə, qardaşın Bayat. "Sən Allah, bu sayıqlamaları lovğalıq əlaməti sayma. Həyat məni yandırıb kül edibdir..."

* * *

Ələkbərin dedikləri düz çıxacaqdı. Avqustun sonlarına doğru Bakının asfaltı muma döndərən cırhacırında "konkursa düşəcək" və kəndə anasının yanına əli ətəyindən uzun qayıdacaqdı. Kənddə onu yaxşı bir şey gözləməsə də dönəcəkdi. Suyu süzülə-süzülə anasının yanına, kəndə qayıdacaqdı. Yazıq arva­dın üzünə necə baxacaqdı? Bir aydı Bakıdan kəndə gedənlər onu ümidlən­dirmişdilər:
- Bayat, maşallah, imtahanları bir-bir verir, inşallah, qəbul olunacaq.
Anası bir ayı ümidlə, dualar edərək gözləmişdi. Kaş elə birinci imtahandan hamı kimi o da kəsiləydi, nə anasını boşuna ümidləndirəydi, nə də onun sələmə borc aldığı pulu boşuna küləyə sovuraydı, nə də havasından alov yağan Bakının köhnə dalanlarının birində, içində qarafatmalar vız vuran pəncərəsiz otağın cəhənnəm xəfəsində beş adamla birlikdə səhəri diri gözlə açaydı. Belə gecələrdən sonra insan ayaqda güclə dayanır, o ki qalsın gedib imtahandan beş almaq ola. Asfaltı əriyib muma dönən şəhərin neft, mazut, tər, zir-zibilqarışıq qoxusu Bayatın burun pərələrindən boğazını dalaya-dalaya içinə dolur, sərin dağ havasına öyrəncəli ciyərini yaxıb yandırırdı. O zaman Bayatın ağlına da gəlməzdi ki, bu universitet, inistut deyilən xəyanət yuvalarında əkəbəkə professorlar nəfslərinə görə necə millətin gələcəyini kor qoyurlar. O, sonra biləcəkdi ki, ali məktəblərə qəbul olanların yox ey, olunanların yüzdə doxsanı ya rüşvətlə, ya da böyük-böyük vəzifələrdə çalışan dayılarının hesabına daxil olunurmuşlar... Arada-sırada təsadüfən qəbul olunanlar isə bu çıxılmaz tordan təsadüfən çıxa bilənlərdi... Elə o zaman onun gənc və təcrübəsiz ağlına bir fikir də gəlmişdi: Bizim toplum min ildi nəfsinə imtahan verir və hər dəfəsində də kəsilir... ona görə də bir yana çıxa bilmir. Avqustun sonlarına doğru adını instituta qəbul olunanların siyahısında görməyib suyu süzülə-süzülə anasının yanına - kəndə qayıdacaqdı. Amma onun bir ay əvvəl böyük ümidlərlə qoyub gəldiyi kənd heç elə bil o kənd deyildi... Dünənə qədər qarlarla örtülən yamaclar bir gecənin içində boz ayın ilıq nəfəsindən əriyib yox olduğu, qar altından qar bənövşələrinin çıxdığı, danaqıranların boy göstərdiyi yazın gəlişini insanlara xəbər verdiyi günlərə bənzəyirdi bu dəyişim. Onda bu dəyişim "kasıb dostu" yazın insanlara gətirdiyi bəxtiyarlıqla yadda qalırdısa, indi onda suyu soğulmuş dəyirmanın hüznü vardı. Sanki bu kənddə gözəl nə vardısa boz ayın ilıq boz çalpoyundan buxarlanan qar kimi buxarlanmışdı. Bəlkə də belə deyildi, ona-Bayata belə gəlirdi. Allah, o, bu yerlərdən nələri xəyal edib getməmişdi. Doğrudur, onun o romantik xəyalları kəndin nasiranəliyi ilə uyuşmurdu. Əslində kəndin nasiranəliyi demək, heç də doğru deyil, kənd adamlarının desək, bəlkə daha doğru olardı. Kənd isə Qızıl qayası, Kəmərilə, çayı, bulağı, gülü, çiçəyi ilə elə həmin kənddi. Onun romantik xəyallarına əngəl olan ondan min qat təcrübəli, bic və hiyləgər dünyanın insanlar vasitəsi ilə qarşısına çıxması idi. Hər insan, hətta pis ata və anadan doğulanlar da dünyaya pak və təmiz gəlir və nə yazıq ki, gəldiyi dünya onu olduğu kimi qarşılamağa, yaşatmağa qadir deyil. Bayat da bu yönü ilə gəlib getmiş milyardlardan biri idi. Kənd sovetindən yaşadığı yer haqqında arayış alana qədər, onunku ona dəymişdi, arayışı vermirdilər, vermək istəmirdilər, get, sonra gələrsən deyirdilər. Bayat bunların səbəbini sonra biləcəkdi. Kənd sovetində işləyənlər 4-5 sinif oxumuş adamlardı, istəmirdilər ki, kənddən kimsə gedib Bakıda oxuya bilsin. Oxuyub qurtarandan sonra onların yerinə göz dikəcəkdilər. İkinci gizli bir səbəb isə yuxarıdan onlara tapşırılmışdı ki, hər yetənə pasport almağa arayış verməyin, hamı oxusa, kolxozda kim işləyəcək? Sonra o, zorla aldığı arayışla birlikdə rayon mərkə­zinə pasport almağa gedəcəkdi. Anası kənd sovetində katib işləyən qohumundan xahiş edəcəkdi ki:
- Əmisi, Bayata rayonda pasport almağa kömək edərsən. - Kənd sovetinin katibi də Bayatı pasport şöbəsinin qapısı ağzında buraxacaq - gözlə, içəridə adam var, çıxan kimi gir, sənədlərini təqdim et, onsuz da pasportu həmən yazıb vermirlər, bir də hazır olanda gəlməli olacaqsan,-deyib Bayatın cavabını gözləmədən çıxıb getmişdi.
Bayat otağın önündə içəridəki adamın çıxmasını gözləmişdi, amma adamın biri çıxmamış, o biri girmiş, heç Bayata məhəl də qoymamışdılar, dili tutub deyə də bilməmişdi ki, ay əmilər, dayılar, axı, növbə mənimdir. Aradan yarım saatmı, bir saatmı keçmişdi, kənd sovetinin katibi geri qayıtmış və Bayatı otağın önündə görəndə əsəbiləşmişdi:
- Ayə , ay öyü yıxılmışın oğlu, hələ girməmisənmi?
Bayat:
- Yox! Mən neyliyim ki, adamın biri girir, biri çıxır, - deyə dodaqaltı mızıldanmışdı. Kənd sovetinin katibi:
- Ayə, bə sənin dilini pişikmi yiyib, bə deyəmmirsənmi növbə mənimdir. Ağzı ottu heyvansan, vallah, - deyib sənədləri Bayatın əlindən alıb tüstü kimi içəri təpilmişdi... Kənd sovetinin katibi kəndə qayıtdıqlarında elə Bayatın yanındaca anasına:
- Ay evi tikilənin qızı, bu nə uşaqdı böyütmüsən, bu ki, ağzı ottu heyvandı, bunun nəyini Bakıya göndərirsən, gedib orda əl-ayaq altda qalacaq. Onsuz da lütün birisən, havayı yerə borc-xarc eləyib bunu oxumağa-zada göndərmə, mən ölü, sən qalı, bundan heç nə çıxmayacaq, ara yerdə sələmə aldığın pulların batacaq, - demişdi. Amma anası gözünün ağı, qarası bircə balasını nəyin bahasına olursa-olsun oxutmaq istəyirdi. Bəlkə on adamdan sələminə pul alıb onu Bakıya arzularının arxasınca elə böyük ümidlərlə göndərmişdi ki... Və o, Bayat bu Bakı deyilən, yeddi dərənin suyunun qarışdığı qurdlar şəhərindən onun ucbatından saçının birini ağ, birin qara edən, gənc ömrünü şam kimi əridib çürüdən anasının üstünə nə üzlə qayıdacaqdı? Qayıda biləcəkdimi? Qayıtmayıb nə edəsi idi ki? Gedəcək başqa bir yerimi vardı? Yenə o biri uşaqlar kimi elə ilk imtahandanca kəsilib qayıtsaydı, nə vardı. Düz bir ay dəmirçi körüyü kimi közərən Bakı avqustunun qorabişirənində qalmaz, təsadüfi bir "Allah kərimə" ümid bağlamaz, anasının yüz and-minnətlə yığdığı sələm pullarını sağa-sola xərcləməzdi. Sağa-sola xərcləməzdi deyəndə ki, əslində bu pulun çoxu suya gedirdi. Bura kəndləri deyildi ki, hər daşın altından bir bulaq qaynayaydı.Burda hər tində, köşədə su satılırdı, həm də od qiymətinə satılan buz kimi soyuq su.Yox, bu, kəndlərindəki diş donduran bulaq suyu deyildi, buzla soyudulan su idi. Bayat da hamı kimi bu buzlu, süni şəkildə soyudulmuş sudan içmək məcburiyyətində idi. Onun buna öyrəşməyən mədəsi nə qədər alışmaq istəsə də bir şey çıxmır, halı pərişan olurdu... İndi, avqustun sonunda bütün bunların boşuna olduğunu hiss etdikcə içi od tutub yanırdı. Amma elə, ya belə geriyə dönmək zorundaydı: Şöhrət cığırları şəhərdən keçər, ehtiyac yolları dönər kəndlərə! O da geri dönməyib nə edəsi idi ki? Onu böyük ümid və sevgi ilə Bakıya yola salanlar indi ona gəlin otağından baxtı bağlanıb çıxan bəyə baxan kimi baxırdılar. Və sanki o, heç orta məktəbdə də yaxşı oxumamışdı, attestatındakı qiymətlər də onun deyil, bir başqasınındı. Anası elə o qiymətlərə görə müəllimlərlə dava da eləmişdi:
- Niyə mənim balamı yetim görüb qiymətini kəsirsiniz, mənim balam sinfin ən yaxşı oxuyanlarındandır. - İndi az qala anası da attestatında olan qiymətlərə şübhə ilə baxırdı. Bəlkə ürəyində müəllimlərlə boşuna dava etdiyinə indi peşman idi... Sevdiyi, gözaltı elədiyi, amma rədd cavabı aldığı qıza da yaxınlaşa bilmirdi... Nə üzlə yaxınlaşaydı ki?! Əslində elə o qızın acığına ali məktəbə qəbul olunmaq istəmirdimi? Ali məktəbə qəbul olunacaq və özünün necə sevib sevilməyə layiq olduğunu o, özünübəyənmiş qıza və onun pulgir ailəsinə sübut edəcəkdi. Edə bildimi? Arzuları ilə imkanları üst-üstə düşməzliyin faciəsi idi bu!
Borclular qapıya dirənmişdi. Uşaqlıqda təpədən toplayıb dığarladıqları qar, aşağı endikcə qalınlaşdığı kimi, anasının gün keçdikcə borcları da artırdı. İndi, indi fikirləşirdi ki, anasına sələmə borc pul almağa imkan verməməli idi. Axı, anası nəyə arxayın olub bir o qədər borcun altına girmişdi? Bu qədər borcu nəyi satıb geri qaytaracaqdı?Anasını da qınamaq olmazdı, gözünün ağı, qarası bircə oğlunu da oxutmayıb, kimi oxudası, onun yolunda da borca girməyib kimin yolunda borca girəsi idi? Anası yəqin ilahi qüdrətin köməyi ilə oğlunun mütləq instituta qəbul olunacağına inanırdı. Oğlunu o boyda instituta qəbul olmağa kömək edən gözəgörünməz qüvvə onun yolunda edilən borcun ödənilməsinə də bir yolla kömək edəcəkdi. Yoxsa, o boyda borcun altına girərdimi? Bu xasiyyət anasından ona da keçmişdi, bir işi görməyə bütün can-dillə əlləşirdi, alınmasa onun mütləq gözəgörünməz qüvvə tərəfindən alınacağına özünə inanan kimi inanırdı. Və çox zaman elə belə də olurdu...
Amma bu dəfə anasının düşündüyü kimi olmamışdı, oğlu sələmə alınan pul­ları Bakının küçələrində yelə sovurmuş, kəndə əli ətəyindən uzun qayıtmışdı... İndi boynuburuq qaldığı kənddə yenidən anasına yük ola bilməzdi...
Bayat anasından xəlvət fəhlə toplayan idarəyə müraciət etmişdi, vaxtı çatan kimi Bakıya işləməyə gedəcəkdi. Bir il Bakıda fəhlə işləyəcək, həm özünü dolandıracaq, həm də borc içində boğulan anasına pul göndərəcəkdi... Ələk­bərin institut müəllimləri haqqında dediyi sözlərə nə baxırsan, dünya elə pis adamlardan ibarət deyil ki? Bəlkə bu dəfə qarşısına insaflı müəllimlər çıxacaq? İçindən keçən bu düşüncələr hərdən onu elə riqqətə gətirirdi ki, sevincdən uçum-uçum uçunurdu. Yenidən hazırlaşacaq, sənədlərini bu dəfə də universitetə verəcəkdi...Tanımadığı, bilmədiyi həyatın bomboz üzüylə hər dəfə qarşı - qarşıya gəlib məğlub olsa da, ümidini heç zaman itirməyəcəkdi, məchul gələcəyə elə böyük ümidləri vardı ki?! Yaşın onsəkkizi ona yeni kəşflər də gətirmişdi. Çevrəsində nə vardısa onunçün doğma və əziz idi. Bəzən bir qönçənin açımına, ya da deyək ki, tanımadığı bir qızın uzaqdan yerişinə durub dalmağı vardı. Doğan günəşdə, yağan yağışda, üfüqlərin açılan, ya da tökülən qaşqabağında elə bir şairanəlik vardı ki, bu şairanəlikdən ruhu riqqətə gələr, vücudu titim-titim titrəyər, içinə dolan mənbəyini bilmədiyi həzdən bədəni böyük bir ürəyə dönüb döyüm-döyüm döyünər, əsim-əsim əsərdi. Özünü və dünyanı dərk etdiyi, kainatın şairanəliyini hiss etməyə başladığı zamanda Bakıya yol görünmüşdü.
Dostu Oqtaydan üç manat borc pul alıb özü kimi Bakıya ümidin arxasınca gedən on-on beş cavanla birlikdə qatarın qulpundan yapışıb Bakıya gedəcəkdi. Bakının o yay kəsafətinin qorxusu canından çıxmamışdı, yenə nə üzlə gedirdi oraya? Amma indi yay deyildi, payızdı, kənddə olduğu kimi, yəqin Bakıda da sərin küləklər daşı-divarı yalamağa başlamışdı. Onunla fəhləliyə gedənlərin heç birisini tanımırdı. Tanısa da fərqi yoxdu, hər kəs öz xəyalında, öz can hayında idi. Gecənin sükutunu aşağıda dəmir relslərə nələrsə pıçıldayan təkərlərin taqqıltısı, içində isə ürəyinin döyüntüsü pozur, onu yatmağa qoymurdu. İstəyirdi ki, o təkərlərin taqqıltısına qulaq versin, bəlkə o təkərlər onun taleyindən də bir şeylər söyləyirdi polad relslərə? Ya bəlkə düşdüyü bu sevdanın, getdiyi bu yolun dönüşü olmadığını öz polad diliylə qoynunda ümidinə sığınıb məchul gələcəyə can atan bu gəncə nəsə söyləmək istəyirdi? Demək istəyirdi ki, qəzetlərin birinci səhifələrini dolduran, dərs kitablarının ilk səhifələrindən gözünə çarpan, qulaqlarının radiolardan döşürdüyü şuarların hamısı boş şeydi, o şüarlarla bu yaşadığın həyatın arasında hər hansı bir əlaqə yoxdur, olsa, olsa o şüarlar səni kimi yetim oğlanları aldadar. Aldanma, bala, aldanma! Bakının necə paytaxt olduğunu kor olmuş gözlərin görmədimi? Yenə ona ümid bəsləyirsən? Ümid ancaq yerdə özünə, göydə Allaha qalıb... İçindəki döyüntü­lər buraya bir "anana" sözünü də artırmaq istəyirdi, amma Bayatın fikrindən keçənlər dilinə gələ bilməzdi. Ümidi anasına qalsaydı, elə kənddə anasının yanında qalıb yaşayar, ona həyan olardı. Ali məktəbə qəbul olmaq ümidini gələn ilə bağlayar, imtahanlara hazırlaşardı.Və yenicə canbir olduğu, hər ağacında - daşında bir ilham qaynağı gördüyü kəndin şairanəliyində gününü gün edərdi. Heç boz üzünü daş görmüş Bakıya da getməzdi. Kənd də uzaqdan-uzağa şirin olur, bunu Bakıda qorabişirən ayın üz-gözünü qarsıyan bürküsündə hiss etmişdi. (İçində yaşayıb qarında, palçığında ümidsizliyin girdabında çırpınanda isə kəndin üzünü görmə...)
Onsuz da anası borc içində boğulurdu. Sələmə aldığı pulu necə, nəynən qaytaracaqdı? Kənddə qalıb ona yük olmaqdansa, gedib şəhərdə başını girləmək daha yaxşı olmazdımı? Heç olmasa dərdini, yetimliyini bəlkə şəhər tünlüyündə azıda bilərdi. Kənddə qalıb nə edəsi idi ki? Boynuna döyüb kolxoz işinə aparacaqdılar. Anası bircə balasını kolxozda yox, heç öz məhəllələrində işləməyə qoymazdı. Başqa uşaqlar analarının, atalarının yerinə kolxoz işinə gedəndə anası buna imkan verməzdi, - "Ölərəm, bircə balamı kolxozda quru muzda işləməyə qoymaram, - deyərdi. Mən işlədim, əlim bala batdı, indi də oğlum işləyə əli yağa bata."
Kənddə hətta məhəllələrində anasına kömək etməyi, yer belləməyi özünə ar bilən Bayat, Bakıda şəhər qarqaşasında fəhlə işləməyi, işləyə bilməyi toy-bayram kimi düşünürdü. Bütün bunları düşündüyündən, Allahdan, bəndədən tək sığınacağı anasına fəhlə işləməyə gedəcəyini deməmişdi, yazıq arvad evə gəlmədiyini görüb dəliyə dönəcəkdi. Yaxşı ki, Oqtaya demişdi, elə üç manat borcu da ondan almışdı. Oqtay hərdən yağlı cevizlərindən poçt yolunun (nədənsə rayondan gələn tozlu-torpaqlı el yolunu kənddə çoxları belə adlandırardı) qırağında satdığı qəpik-quruş yığdığı pulu dostuna peşkəş etmişdi:
- Sən elədiyini mən eləyəmmərəm, Bayat, halaldı sənə, get, özünə gün ağlaya bilsən, məni də unutma, bu üç manat da sənə peşkəşdir, mən nə də olsa kənddəyəm, yenə yağlı cevizdən satıb özümə əyin-baş ala bilərəm, bu pul sənə daha çox lazımdır, qərib ellərə gedirsən, - demişdi. Oqtaya tapşırmışdı:
- Qoyma anam nigaran qalsın, sabah məsələni ona de, mən də Bakıya çatıb yerbəyer olduqdan sonra məktub yazacam.
Bayat indi qatar təkərlərinin aramsız taqqıltısında və ürəyinin döyüntü səsləri altında bütün bunları fikirləşirdi. Bakıda isə onu məchul bir gələcək gözləyirdi. Amma Bayat o məchulluqdan qorxub eləmirdi, ilan vuran ala çatıdan qorxmaz ki...



Onsuz da günün birində anasından ayrılmalı idi. Başqa bir səs isə - buna anasından ayrılmaq yox, qaçmaq demək olar, adam anasından beləmi ayrılar? - deyirdi. Elə ya belə, artıq ayrılmışdı və istəsə də geriyə dönə bilməzdi. Bundan sonra hər şey bambaşqa olacaqdı, bambaşqa. Səhəri Bakıda idilər. Fəhlə toplayan idarədən onları Bakıda Bayatın tanımadığı bir yerə gətirmişdilər. Burada onları ayrı-ayrı sahələrə işə göndərəcəkdilər... Kənddə deyilən "qoyunu qoyun, keçini keçi ayağına" deyimi burada başına gəlirdi. Gözü eynəkli adam, Öksürüklü Qara demişkən, gələnlərin bir "bazburutuna", bir də sənədinə baxıb qarşısındakı kağıza qeydlər edirdi. Kimi Neft daşlarına, kimi Keşlə maşınqayırma zavoduna göndərilirdi... Ən sona onu - Bayatı saxlamışdılar, əslində belə də olmalı idi. Çünki gələnlər arasında ən çəlimsizi, "canı cibində" olan Bayatdı. Nəhayət, onun da çalışacağı yer bəlli oldu. Bayatı Bakı Baş Tikinti İdarəsinin 6 saylı tikinti idarəsinə göndərdilər. Bayat o zamankı Lenin adına stadionun idman kompleksinin tikintisində fəhləliyə başlamışdı.Yataqxanaları Səməd Vurğun küçəsiylə tramvay yolunun kəsişdiyi yerdə idi. Bir otaqda 4 kişi idilər. İkisi azərbaycanlı, üçüncüsü isə "Derbatya" dedikləri yaşlı bir rusdu.
Xam atın əhliləşdirilməsi nədirsə, onun da ilk fəhləlik günü elə başlamışdı. İş görməmiş, işləməmiş əlləri, ayaqları zoqqum-zoqqum zoqquldayırdı. Qarnı ac olmasaydı, bəlkə işləmək onu bir bu qədər üzüb əldən salmazdı... Heç çörək almağa belə pulu yoxdu, ac qarınla təcrübəsiz bədən necə belə, öyrəşmədiyi, ağır işə davam gətirəydi? Həm də çoxdan işin istisinə, soyuğuna öyrəncəli fəhlələr zəif, nərmənazik bədəninə baxıb onunla məzələnirdilər. Dağıstandan mövsümlük işləməyə gəlmiş boylu-buxunlu ləzgilər xərəyə bəzən iki yerinə 4-5 mişar daşı yükləyib sərt nərdivanlarla yuxarı mərtəbələrə daş daşıyırdılar. Həm də xərəyin ön tərəfini ona verirdilər. İki günün içində əlləri qabar bağlamışdı. Bir söz demirdi, canını dişinə tutub işləyirdi.Yenilmək onun adəti deyildi. Nə deyə bilərdi ki. Desəydi nə çıxasıydı. Deməzdilərmi biz sənə daşı təkmi daşıdırıq? Bir tərəfindən sən tutursan, o biri tərəfindən birimiz, daha nə çəm-xəm edirsən? Hətta kəndə anasına məktub yazmağa da həvəsi yoxdu. Amma Oqtaya məktub yazacaqdı. Həm də burda iş yerində başına gələnlərdən kəlmə kəsmədən:
"Hörmətli qardaşım Oqtay, sənə küləklər şəhərindən, onun "Qız qalasından", ürəklərə öz söz sənətləri ilə yol tapmış Füzulinin, Vurğunun tunc heykəl­lərin­dən, ən nəhayət, sənin səmimi qardaşın olan Bayatdan külli miqdarda salamlar! Qabarlı əllərin - fəhlə sinfinin, kirli-tərli paltarların, lakin nə də olsa, şirin arzuların, fikirli insanların atəşli salamlarını qəbul et.
Mənim qəlbimdə uşaqlıqdan bir sirr var... Bu sirri hətta mən səndən də gizli saxlamışam. Yetimlik, nökərçilik, fəhləllik bu sirri qəlbimdən çıxara bilmədi. Onsuz da sən həssas qəlbə maliksən, bu sirri mən sənə deməsəm də, sən bilirsən. Hətta bir dəfə sən mənə dedin: "Sən ucalmaq arzusu ilə yaşayan adamsan". Bəli, mən ucalmaq arzusuyla yaşayan adamam. Lakin siyasi sahədə yox! Yalnız və yalnız sənətkarlıq sahəsində. Amma bilmirdim hansı sənət sahəsində. Uşaqlığımın yetimlik çağlarında kənddə toylara "çağrılanda" gözəl çalğı aləti olan saz mənim qəlbimə yol tapırdı. Gizlinə çəkilib ağlayırdım... Nə üçün? Oqtay! Oqtay! Sən duyğusal adamsan. Biz uşaqlıqda da dərdli olmuşuq. Bəlkə də dərin fikirlərə görə indikindən daha bilikli olmuşuq...! Qardaşım, mənim əlim yer tutmayıb. Bəlkə də tutacaqdır. Bu iş tarixindir. Yaşayacağıq, görəcəyik. Anam amanatdı. Tez-tez onun yanına get, onu mənə görə dərd çəkməyə qoyma. Cavab yazmağı unutma. Mənim dilimə gəlməyib ürəyimin dərinliyində olandan da yaz.
Hamıya səmimi salamlarımı yetir.
Hörmətlə, qardaşın Bayat”.
Məktubda ümidli sözlər yazsa da, həyatda çəkilməz dərdlər içində boğula-boğula qalmışdı, doğulduğu, dünyaya gəldiyi günə nifrət edirdi. Kənddən anasından xəbərsiz Bakıya fəhləliyə gəldiyinə görə it kimi peşman olmuşdu... əlinə bir bəhanə düşsəydi, arxasına baxmadan kəndə qayıdardı. Tüpürdüyünü necə yalayaydı? Hətta əlinə bəhanə düşsə də, qayıda bilməzdi, nə ilə, necə qayıdaydı, cibində pul yerinə siçanlar oynaşırdı... Qalan sonuncu qəpiklərlə çay-çörək yeyəcəkdi, sabaha Allah kərimdi. Çayçıdan şirin çay istədi. Armudu stəkanın içinə iki qənd atıb qarışdırmağa başladı.Ya çay soyuq idi, ya qənd bərkdi, ərimək bilmirdi. Çay qaşığının arxası ilə zorla da olsa qəndi əritmək istədi. Qənd əriməsə bunun nəyi şirinçay olasıdır. Belə düşünürdü ki, qaşığın arxası stəkanı qırıb çölə çıxdı. Bir güc-bəla ilə əritdiyi şirin çay da nəlbəkiyə tökülüb şüşəqarışıq zəhər oldu. Bayat bu gözlənilməz hadisə qarşısında nə edəcəyini bilmədi. Süfrədəki pendir-çörəyə əlini vurmadan cibindəki son iyirmi qəpiyi stolun üstünə atıb tüstü kimi bayıra çıxmağı bir oldu...
İşdən sonra bəlkə tanış birini görüb borc alaram - düşüncəsiylə tanıdığı bazarları ələk-vələk etsə də, ümidi boşa çıxacaqdı.
İşləməyə gəldiyi vaxtdan hələ bir ay keçməmişdi ki, ona aylıq verəydilər. Alacağı aylıq da bir aylıq olmayacaqdı. Çünki iş yerində fəhlələrin "usta" dedikləri birisi vardı ki, Bayata göz verib, işıq vermirdi, bir an olsun belə, boş dayanmağa qoymurdu, gah o işə buyururdu, gah bu işə. Həm də çəlimsizin biri idi, boyu, buxunu Bayatdan da zəif idi. Bir dəfə əhəng söndürən adam işə çıxmamışdı. Usta Bayatı çağırıb:
- Bu gün əhəngi sən söndürəcəksən,- dedi. Bayat bu işin heç də asan bir iş olmadığını bilirdi. Gərək geyməyə çəkmən, əlcəyin olaydı. Bayatın isə nə çəkməsi vardı, nə əlcəyi. Yadına düşdü ki, belə yerdə Öksürüklü Qara: - Goru varmı, kəfəni də olsun, - deyərdi. Bayat ustaya - mənim nə çəkməm var, nə əlcəklərim, bu işi görə bilmərəm, - cavabını verdi.
Belə deyirlər ki, boyu qısa adamlar gündə yüz kərə Allahdan allahlıq umur. Usta da belələrindəndi:
- Alə, məə nə var, çəkmən, əlcəyin yoxdur, dedim bu işi sən görəcəksən, deməli görəcəksən, müftəxorun birisən, bir aydı burdasan, hələ fərri-başlı bir iş də görməmisən. Ya bu işi gör, ya da maaş görsən, budu bax, bu dirsəyimin ardını görərsən.

davamı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG