YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, Müsavat namizəd verməkdən imtina etdikdən sonra qalan yerlərin necə tutulacağı müzakirələrin gedişindən asılı olacaq. Ancaq, o nəzəri baxımdan bu məsələnin həllində hər hansı bir problem görmür: «Əgər belə davam etsə, yəni Müsavat öz namizədini verməsə onda bu yer də digər azlıqda qalan partiyalar arasında razılıq əsasında tutulacaq».
Arif Hacılı deyir ki, komissiyaların paritet əsasda formalaşması ilə bağlı təkliflərini hələ bu ilin əvvəllərində parlament rəhbərliyinə göndərsələr də bir cavab almayıblar. Ancaq, onun sözlərinə görə, bu ara parlament rəhbərliyi ilə müəyyən şifahi danışıqlar da aparıblar. Arif Haclının sözlərinə görə hətta Müsavat partiyasından olan millət vəkilləri vasitəsilə onlara parlament rəhbərliyi adından müəyyən təkliflər də çatdırılıb. Yəni bildirilib ki, əgər Müsavat komissiyaların işinə qatılırsa onlara iki yer də verilə bilər. Müsavatın ayrı-ayrı funksionerləri onlara parlament rəhbərliyindən bu tip təkliflərin gəlməsiylə bağlı qəzet səhifələrində də müxtəlif bəyanatlar versələr də, qarşı tərəf indiyə qədər deyilənləri nə təkzib, nə də təsdiq edib. Arif Hacılı deyir ki, həmin təklifin rədd edilməsindən sonra hakimiyyətin MSK-da boş qalan yerlərlə bağlı məqsədi onlara məlum deyil. Ancaq nəzərə alsaq ki, Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi Partiyası artıq öz namizədlərinin adını Milli Məclisə göndəriblər onda Müsavata cəmi 1 yerin qaldığı məlum olur. Çünki boş qalan 5 yerdən biri bitərəflərə məxsusdur.
Arif Hacılı deyir ki, hakimiyyət Müsavatı da MSK-ya gətirməklə bu qurumun başlıca müxalifət partiyalarının iştirakı ilə formalaşdığını beynəlxalq birliyin nəzərinə çatdırmaq istəyirdi. Ancaq, onun sözlərinə görə Müsavat hakimiyyətin bu siyasətinin iştirakçısına çevrilmək istəmir.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, Müsavat ilə parlament arasında yaranan bu problemə onlar qarışmaq istəmirlər. İqbal Ağazadənin sözlərinə görə, MSK-nın işinə qatılmamaq haqda müxalifət partiyaları arasında vahid qərar olmadığından Milli Məclisə öz namizədlərinin adını verdiklərinə görə onları heç kim qınaya bilməz: «Bütün müxalifət partiyaları birgə mübarizə ilə bağlı vahid bir sənəd ortalığa qoysunlar, bizdə MSK-dan imtina edək».
Azərbaycan hökuməti seçki komissiyaları ilə bağlı Avropa Şurasının Venesiya komissiyası ilə də danışıqlar aparır. Venesiya komissiyasının Azərbaycan hökumətinə ünvanlanan təkliflərində həm komissiyaların paritet əsasda formalaşması, həm də komissiyaların işində daha çox peşəkarlara üstünlük verilməsi tövsiyə edilirdi. Azərbaycan hökumətinin təmsilçiləri isə dəfələrlə bildiriblər ki, onlar komissiyaların paritet əsasda formalaşması təkliflərini ədalətli saymırlar. Hətta prezident bildirib ki, komissiyalar bərabər əsasda formalaşsa, bu vəziyyət komissiyanın işləməsi mümkün olmayacaq.
Ancaq, Azərbaycanın Venesiya komissiyasındakı nümayəndəsi Lətif Hüseynov isə deyir ki, hazırkı danışıqlar pozitiv məcrada davam edir. Ancaq, komissiyaların paritet əsasda formalaşmasıyla bağlı Azərbaycan hakimiyyətinin mövqeyində hansısa dəyişikliyin olması indilikdə məlum deyil.