Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:20

Bəxtiyar Hacıyev təcridxanada sənədlərinin əlindən alındığını deyir


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, saxlandığı Bakı İstintaq Təcridxanasında hüquqları pozulur. Onun sözlərinə görə, məhkəmədə qaldıracağı məsələlərlə bağlı vəsatətlər hazırlayıb, müxtəlif dövlət strukturlarına məktublar yazıb, ancaq hamısını məhkəməyə gələrkən, təcridxanada əlindən alıblar.

“Sənədlərimi əlimdən alıb, zorla məni maşına mindirib, məhkəməyə göndərdilər”, - B.Hacıyev mayın 10-da öz məhkəməsində belə deyib.

“Məhkəmə məhkəmə olsaydı...”

İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. B.Hacıyev məhkəmədə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar ciddi müayinəyə ehtiyacı olduğundan, bu və başqa məsələlərlə bağlı ayrı-ayrı dövlət qurumlarına müraciətlər yazıb:

“MRT olunmalıyam. Bununla bağlı Penitensiar Xidmətə, Ombudsmana, dostum Rail Abbasovun qanunsuz həbsilə əlaqədar Birinci xanıma müraciətlərim vardı. Məhkəmədə vəsatətlər verəcəkdim. Qeydlərimin hamısını məhkəməyə gələndə əlimdən aldılar. Buna görə çox əsəbiyəm”.

O, yaşananlara görə təcridxana rəisinin müavinini ittiham edib, onun sənədləri əlindən aldığını söyləyib.

Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət olunacaq?

Daha öncə də bir neçə dəfə belə halların baş verdiyini deyən B.Hacıyev məhkəməni onun müdafiə hüququnun pozulmasına biganəlikdə də günahlandırıb:

“Məhkəmə məhkəmə olsaydı, indi mən heç burada olmazdım. Bir həftəlik balalarınızı göndərin yanıma, onda bilərsiniz ki, günahsız insanlar şərlənib həbs olunanda nələr çəkirlər”.

Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov bildirib ki, mütləq Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət olunacaq:

“Bu, şəxsin müdafiə hüququdur. Müdafiə hüququna əngəl ola bilməz”.

Ardından hakim B.Hacıyevin işində zərərçəkmiş qismində tanınan bloqer Ülviyyə Muradovanın (Alovlunun) dindirilməsini davam etdirmək istəsə də, ictimai fəalla vəkilləri buna etiraz ediblər.

Cinayət işində iddia olunur ki, 2021-ci ilin oktyabrında Yasamal rayon Məhkəməsində tərəflər arasında məhkəmə çəkişməsi zamanı B.Hacıyev Ü.Alovlunu və onları ayırmağa çalışan icra məmuru - Orxan Abdullayevi vurub.

“31 aydır 31 saniyəlik görüntülərə görə cinayət işi var”

Ü.Alovlu ötən məhkəmə iclaslarından birində ifadə verəndə B.Hacıyevin onu təhqir etdiyini və vurduğunu təsdiqləyib. Bu üzdən, B.Hacıyev tələb edir ki, blogerin dindirilməsi cinayət işinin içində olan videogörüntülərə baxmaqla paralel aparılsın.

Söhbət sözügedən dava vaxtı məhkəmə zalındakı kameranın qeydə aldığı görüntülərdən gedir. İctimai fəalın sözlərinə görə, ən obyektiv sübut həmin görüntülərdir və onlara öncə məhkəmədə baxılmalıdır ki, Ü.Alovluya onun ifadəsilə videodakı ziddiyyətlər haqda sual verə bilsinlər. Axı qanun məhkəmədə hələ tədqiq olunmayan sənəd, baxılmayan video barədə sual verməyi qadağan edir.

“31 aydır 31 saniyəlik görüntülərə görə cinayət işi var. 15 aydır yalan ifadələr əsasında həbsdəyəm. Niyə gizlədirsiniz görüntüləri? Əgər yalanın üzə çıxmasından qorxmursunuzsa, o zaman niyə imkan vermirsiniz o görüntülərə məhkəmədə baxılsın, suallarımızı verək? Mən artıq doymuşam kukla teatrından...”, - B.Hacıyevin sözləridir.

Hakim deyib ki, öncə Ü.Alovlu dindirilsin, onun istintaqdakı ifadələri elan olunsun, sonra videoya baxıb-baxmamaq məsələsi müzakirəyə çıxarılıb, qərar veriləcək. B.Hacıyev və müdafiəçiləri bununla razılaşmayıblar.

İctimai fəalın məhkəməsi mayın 17-də davam edəcək.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunarkən, ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla Ü.Alovlu arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən B. Hacıyev bütün bu ittihamların əsassız olduğunu deyir. O, daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə elə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG