Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:47

Konqresmen Azərbaycandan rüşvət almaqda suçlanır


Henri Kuellar
Henri Kuellar

ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan üzvü Henri Kuellar və xanımı Mexikodakı bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunur. Onun özü günahsız olduğunu iddia edir.

Mayın 3-də Hyuston məhkəməsi onlara qarşı ittihamnaməni açıqlayıb.

54 səhifəlik sənəddə 68 yaşlı Kuellar və həyat yoldaşı 67 yaşlı İmelda Mexikoda yerləşən bir bankın və Azərbaycana məxsus bir enerji şirkətinin xeyrinə göstərdikləri səylərə görə rüşvətxorluq və pulyumada suçlanırlar.

Kuellar, ABŞ hökumət rəsmisi kimi, xidməti zamanı xarici qurumun agenti kimi fəaliyyət göstərməkdə də ittiham edilir.

"Bankın xeyrinə qanunvericilik fəaliyyətinə təsir göstərməyə razılaşıb"

Ədliyyə Departamenti cinayət şöbəsinin hüquqşünasları sənəddə yazırlar ki, 2014-2021-ci illərdəki ödəmələr Kuellara məxsus "qapaq" şirkətlərin yalançı konsaltinq müqavilələri vasitəsilə yuduğu pullardır. Sənəddə həmin şirkətlərin bu bağlaşmalar əsasında, demək olar, heç bir legitim iş ortaya qoymadığı vurğulanır.

Prokurorlar bildirirlər ki, Kuellar sözügedən bankın xeyrinə qanunvericilik fəaliyyətinə təsir göstərməyə və ABŞ icraedici hakimiyyətinin yüksək vəzifəli rəsmilərinə məsləhət verməyə və təzyiq etməyə razılaşıb.

Kuellar Nümayəndələr Palatasında ən mühafizəkar demokratlardan biri və palatada partiyanın abortlara qarşı çıxan tək üzvüdür. Bu ittihamlar Nyu-Cersi ştatını təmsil edən senator Robert Menendesə qarşı hazırlanan ittihamnaməyə bənzəyir. Menendes Misir şirkətlərindən rüşvət almaqda ittiham edilib.

İttihamnamədən öncə verdiyi açıqlamada Kuellar özünün günahsız olduğunu bildirib və Etika Komitəsində həyat yoldaşının işini çözdüyünü deyib. O, ittiham edilsə də, yenidən namizədliyini irəli sürməyə və qalib gəlməyə söz verib: "Mən açıq bildirmək istəyirəm ki, həm mən, həm də xanımım… günahsızıq. Konqresdə etdiyim hər şey Cənubi Texasa xidmət üçün edilib".

"Hər hansı addım atmazdan öncə Nümayəndələr Palatasının Etika Komitəsi ilə məsləhətləşmişəm. Komitə mənə birdən çox yazılı rəy və, üstəlik, bir milli hüquq şirkətindən rəy verib", - yenə Kuelların sözləridir.

"Günahsızlıq prezumpsiyası ona da aiddir"

Kuellar məsələyə öz baxışını əsaslandırmaq üçün Vaşinqtonda federal prokurorluqla görüşməyə çalışdığını, ancaq prokurorluğun görüş xahişini rədd etdiyini bildirib.

Federal Təhqiqat Bürosu (FBI) 2022-ci ildə Kuelların Laredodakı evində axtarış aparsa da, o, seçkidə daha proqressiv sayılan Cessika Sisnerosa qalib gəlib.

Nyu-York ştatını təmsil edən millət vəkili, Demokratlar fraksiyasının lideri Hakim Ceffris deyib ki, Kuellar ittihamlara cavab verdiyi müddətdə Milli Təhlükəsizlik Satınalmaları üzrə alt komitənin əsas demokrat üzvü kimi vəzifəsinə ara verəcək.

"Henri Kuellar öz karyerasını dövlət qulluğuna həsr edib və Nümayəndələr Palatasının demokratlar fraksiyasının dəyərli üzvüdür. Hər bir amerikalı kimi, konqresmen Kuelların da məhkəmədə izahat vermək haqqı var və qanuni araşdırma prosesi müddətində günahsızlıq prezumpsiyası ona da aiddir", - Ceffrisin sözçüsü Kristi Stefenson belə deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG