Hər iki partiyadan Ukraynaya hərbi yardımların davam etdirilməsini istəyən ABŞ senatorları ən yaxın müddətdə Kiyevə 50 milyard dollardan 100 milyard dollaradək illik yardım paketinin qəbul edilməsinə nail olmaq niyyətlərini bildiriblər.
The Wall Street Journal qəzeti yazır ki, ukraynayönlü senatorların yardım paketi prezident Co Baydenin avqust ayında istədiyi yardımdan xeyli böyük məbləğdədir və 2024-cü il ABŞ prezidenti seçkilərinədək olan müddəti nəzərdə tutur.
Qəzet xatırladır ki, Bayden ötən yay Ukrayna üçün 24 milyard dollarlıq yardım paketinin təsdiqini istəyəndə, bir çox respublikaçıların müqaviməti və narazılığı ilə üzləşmişdi.
Məqalədə deyilir ki, bu, həm də müharibə xərclərindən narazı seçicilərin Respublikaçı Partiyaya artan təzyiqləri ilə bağlıdır.
Həmasın hücumu konqresmenlərin mövqeyinə necə təsir göstərəcək?
Amma bir çox senatorlar bu qənaətdədirlər ki, Kiyevə Rusiya təcavüzünü dəf etməsi üçün böyük yardım paketinin təsdiqi başqa ölkələr üçün də güclü siqnal olardı. Bu ölkələr əmin olardılar ki, Nümayəndələr Palatasında yaranmış xaos ABŞ-ın Ukrayna qarşısındakı öhdəliyini təsirləndirməyəcək.
Ukraynaya yardım tərəfdarlarının fikrincə bir neçə xırda paketin təsdiqinə çalışmaqdansa, bir böyük yardım paketinin təsdiqinə nail olmaq daha asandır.
Oktyabrın əvvəllərində bir qrup mühafizəkar respublikaçı öz partiyalarından olan spiker Kevin Makkartini bu vəzifədən uzaqlaşdıra bilib.
Ölkənin tarixində ilk olan bu səsvermə Konqres 45 günlük büdcəni təsdiqləyəndən bir neçə gün sonra yer almışdı. Həmin büdcədə Ukraynaya yardım nəzərdə tutulmayıb. Sağ təmayüllü respublikaçılar Makkartini Kiyevə yardım göstərilməsi üçün Baydenlə sövdələşmədə ittiham etmişdilər.
The Wall Street Journal yazır ki, Həmasın İsrail üzərinə qəfil hücumunun və onun nəticələrinin konqresmenlərin Ukraynaya yardıma dair mövqeyinə necə təsir göstərəcəyi hələ məlum deyil.
Həmasın bu genişmiqyaslı hücumu Vaşinqtonda şok effekti yaratmışdı.