Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 05:45

Paşinyan: 'Azərbaycanın mövqeyini Rusiya da bölüşmür'


Nikol Paşinyan (solda) görüş zamanı
Nikol Paşinyan (solda) görüş zamanı

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Vladivostokda erməni icmasının təmsilçiləri ilə görüşüb. Paşinyan Rusiyaya iqtisadi forumda iştirak üçün gedib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə 31 avqust Brüssel görüşü haqda deyib ki, həmin görüşdə "bizi narahat edən“ ən vacib məsələlər üzrə ümumi mövqeyə gəlmək mümkün olmayıb.

Hamı sülh istəyir, amma...

“Özəlliklə, məsələ Qarabağ problemindədir. Hər ikimiz, Azərbaycan və Ermənistan sülhə nail olmağa çalışırıq. Hamı istisnasız sülh istəyir. Digər tərəfdən, sülh barədə danışanda hər kəs onu öz bildiyi kimi qəbul edir, hərənin öz şərtləri, öz formulu, öz nəticələri, özünün sülh mühiti var və konfliktlər də buradan yaranır.

Azərbaycanın mövqeyi nədir? Onlar deyirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və müzakirə etməyə bir şey qalmayıb. Bizim və beynəlxalq ictimaiyyətin aşkar mövqeyi Bakının mövqeyilə üst-üstə düşmür. Xüsusilə Rusiya Azərbaycanın mövqeyini bölüşmür”, – Paşinyan deyib.

“Rusiya problemin olduğunu təsdiqləyir”

Baş nazir qeyd edib ki, apreldə Rusiya Prezidenti Vladimir Putinlə imzalanmış bəyanatda onların Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə əməkdaşlıq etməli olması qeyd olunub.

“Yəni, Rusiya problemin olduğunu təsdiqləyir və bu, məntiqidir. Problem olmasaydı, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmazdı”, – Paşinyan vurğulayıb.

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arman Yeqoyan da bugünlərdə deyib ki, Brüsseldə əsas maddələr üzrə razılaşma əldə olunmayıb. Onun sözlərinə görə, Ermənistan Qarabağ məsələsinə Azərbaycanla münasibətlərin tənzimlənməsi çərçivəsində baxılıb-baxılmamasını müzakirə etmək istəyir. Azərbaycan isə hesab edir ki, bu məsələyə baxılmamalıdır.

Paşinyan: '...hesab edirlər ki, Rusiyanın başı Ukraynaya qarışıb, bundan istifadə etmək olar'
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Xatırlatma

Avqustun 31-də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda Laçın şəhəri və iki kənd də Azərbaycanın nəzarətinə qaytarılıb.

Hərbi əməliyyatlar bitəndən sonra Prezidenti Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Ancaq son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib. Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

XS
SM
MD
LG