Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Prokurorluqdan verilən məlumata görə, Müdafiə Nazirliyinin ehtiyatda olan kapitanı Pyotr Mocalov Rusiya xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Artıq Pyotr Mocalovun işi üzrə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə hazırlıq iclası keçirilib və məhkəmə dekabrın 15-ə təyin edilib.
İstintaqın məlumatına görə 1992-ci ildə Naxçıvandakı hərbi hissələrdən birində qərargah rəisinin köməkçisi olan zabit Mocalov 1998-ci ildə kapitan rütbəsində ehtiyata buraxılıb. 1997-ci ildə isə onu Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ələ alıb. İttihamda həmin şəxsin «İqor» ləqəbilə Rusiyaya Azərbaycanın hərbi potensialı ilə bağlı dövlət sirrini ötürdüyü bildirilir.
Zabit bu ilin oktyabrında həbs edilib. Məhkəmə dekabrın 15-də qapalı keçiriləcək. Pyotr Mocalovun vəkili və ya Rusiya tərəfi ilə əlaqə saxlamaq mümkün olmayıb. Bundan başqa, Hərbi Prokurorluq və Müdafiə Nazirliyi də məhkəmə qapalı olduğundan ətraflı məlumat vermir.