Dekabrın 1-dən qazsız qalan Bakının Yasamal və Nəsimi rayonlarına təbii qazın verilməsi artıq bərpa olunub. Ancaq Binəqədi rayonunda təmir işləri başa çatmadığından, paytaxtın bu hissəsi hələ də qazsız qalır.
Dekabrın 1-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən keçən yüksəktəzyiqli kəmərdə qaz sızması nəticəsində yanğın baş vermiş, şəhərin üçdə biri qazsız qalmışdı.
Bakı şəhər Baş Qaz İstehsalat Birliyindən «Azadlıq» radiosuna bildiriblər ki, təmir işləri dekabrın 3-ü, günün sonunadək başa çatmalıdır. «Bakqaz»ın məsul növbətçisi Eldəniz Abdulov:
«Binəqədidə təmir işləri bu gün başa çatır. Üç gündür təmir gedir. Kəmərin üstündə evlər tikildiyindən iş uzanırdı. Yoxsa bir günlük işdir…»