Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

Liberal dəyərlər Azərbaycan cəmiyyətinə nə dərəcədə hopub?


Niyazi Mehdi: «Düşüncə stereotiplərini dağıdıb-dəyişmək mümkündür»
Niyazi Mehdi: «Düşüncə stereotiplərini dağıdıb-dəyişmək mümkündür»
-Rafiq Tağının «Avropa və biz» adlı qalmaqallı məqaləsi, fikrimizcə, Azərbaycan cəmiyyətində «mədəniyyət və azadfikirlilik» mövzusunu aktuallaşdırır. «Niyə aktuallaşdırır?» sualının cavabını Sizdən eşitmək istərdik.

-Ən azı o məqalə təkcə onu oxuyanlar arasında yox, oxumayanlar arasında da elə əks-səda yaradıb ki, bunu danmaq olmaz. Aktual saymaq üçün yalnız bu səbəb yetərlidir, məncə.


-Niyazi bəy, mədəniyyətlər hansı yasaqları tanıyır və ya «azadfikirliliyin hədləri»ndən söz açsaq, mədəniyyətlərin ortaq məxrəcə gəldiyi hədlərdən danışmaq mümkündürmü?


-Avropa bəlli qaydaları tanıyır, yəni ictimai əxlaq baxımından çox həssas məsələlərdə, tutalım, dini etiqad məsələsində müəyyən məhdudiyyəti tövsiyə edir. Əlbəttə, «ictimai əxlaq» anlayışının özü dəqiqləşdirilməlidir və bu baxımdan aramsız müzakirə mövzusuna çevrilə bilər. Üstəlik, demokratik cəmiyyətlər hər hansı məhdudiyyəti xeyli yumşaq şəkildə gerçəkləşdirir və totalitar cəmiyyətlərdəki sərt qadağalara ehtiyac duymur, həmişə dəyiş-düyüşlərə, sapıntılara imkan saxlayır və hər hansı yasaq müzakirə mövzusu olarsa, bunun demokratik inkişaf, insan hüquq və azadlıqları baxımından zərurilik dərəcəsi diqqətlə götür-qoy edilir. Konkret davranışa gəlincə, hətta təhqir sayılacaq fikrə alternativ fikirlə cavab vermək tövsiyə olunur. Bax buna alışmalıyıq, çünki, ölüm hədələri utanc gətirən keyfiyyətdir.


-«Avropa və biz» məqaləsi çıxdı. Qalmaqal qopdu. İran mollalarından biri müəllifi öldürənə öz villasını bağışlayacağını dilə gətirdi. Rafiq Tağı həbs olundu. Ən sadədil, sadəlövh dinləyici üçün-Azərbaycan ucqarlarının sakini üçün «Nə baş verib?» sualını necə cavablardınız?


-Rafiq Tağı mətbuatda çıxan «Avropa və biz» məqaləsində mömin müsəlmanlara təhqir kimi görünən, İslam dininə və Məhəmməd peyğəmbərə ünvanlanan sayqısız ifadələrə yer verib. Möminlər belə sayır. Hərçənd, Rasim Musabəyov söyləyən kimi, müqəddəsləri təhqir etmək Günəşə ləkə yaxmağa bənzəyir. Günəşə ləkə yaxmaq mümkündürmü? Yox. Bir sözlə, azadfikirlilərlə dindarların baxışları haçalanır. Məsələn, azadfikirli alimlərin fikrincə, hətta ateistlər dinin inkişafına böyük xidmət göstəriblər və onlar olmasaydı, ilahiyyatçı alimlər dini dəyərləri təbliğ edən əsərlər yazmazdılar. Yəni sanki iblisə uyan ateistlər bu baxışdan yanaşanda, dinin inkişafına xidmət edən şəxslər sayıla bilər. Əlbəttə, bəlli ehtiyatlılıq, həssaslıq və ictimai əxlaq nümayiş etdirməklə.


-Çox mümkündür ki, Rafiq Tağı «Avropa və biz» müqayisəsini ictimai debata çevirmək istəyib. Onun qalmaqallı məqalədə göstərdiyi və bəlkə də ictimai etikadan kənar bəzi cümlələri arasında itib-batan arqumentlərdən hansıları Sizi təmin edir?


-Yazı ifadəlilik prinsipinə cavab verir və bu mənada istedadlı yazıdır. Hərçənd, sözügedən məqaləni istedadlı yazı saymaq onun məzmununu tərifləmək mənasına gəlmir. Fikrimcə, Rafiq Tağı da vaxtilə sanki Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, bəlli dərəcədə Əli bəy Hüseynzadə, daha qabarıq şəkildə isə Mirzə Cəlil və Sabir kimi vaxtı ötmüş və cəmiyyətin inkişafında əngələ çevrilən şeyləri pisləmək, aşağılamaq yolu ilə gedir. Adlarını sadaladıqlarım və çox sevimli saydığım böyük şəxsiyyətlər İslamın özünü yox, onun necə başa düşülməsini, qavranmasını kəskin tənqidə tutub və millətə utanc gətirən şeyləri kəsib-atmağa çağırıblar. Tənqidə tutulan, aşağılanan şeylərin işıqlı, müsbət tərəflərini göstərmədən ucdantutma kəsib-atmaq yolu bənzər qalmaqallar da yaradır və mədəniyyəti də birtərəfli inkişaf yoluna salır. Böyük qalmaqallara yol açıla, qarşıdurmalar yarana bilər. Bu baxımdan mən başqa metodologiyanın tərəfdarıyam-müsbət yönləri göstərməklə, hansı səbəbdən əngələ çevrildiyini əsaslandırmaqla düşüncə stereotiplərini dağıdıb-dəyişmək və nəticə etibarilə liberal-demokratik dəyərlərə daha münbit zəmin hazırlamaq mümkündür.


-Rafiq Tağının qalmaqallı yazısı orta statistik Azərbaycan vətəndaşının tolerantlıq-müxtəlifliyə dözümlülük dərəcəsi haqqında müəyyən qənaətə gəlməyə imkan verir, ya yox? Başqa sözlə, liberal-demokratiya dəyərləri bizim cəmiyyətə nə dərəcədə hopub?


-Ötən əsrin 70-ci illərinə baxanda, xeyli dərəcədə hopub. Ümumiyyətlə tolerantlığa gəlincə, hətta Qərbdə də dözümsüzlük problemi var. «Da Vinçinin kodu» filminə münasibəti misal göstərmək olar. Hərçənd, Qərb fikrə fikirlə, uzaqbaşı qəzəbli fikirlə cavab verir. Di gəl, indiki Azərbaycan cəmiyyəti qalmaqallı durum yarananda fikrə fikirlə cavab vermək əvəzinə, ölüm hədələrini, hətta yumruğu işə salmaq istəyir. Deməli, biz bu nöqsanı aradan qaldırmaq üçün çox ciddi səylər göstərməliyik.


XS
SM
MD
LG