Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Siqaret çəkən kişilərin sayına görə, Ermənistan Şərqi Avropada liderdir


Ermənistanda kişilərin 63.7 faizi siqaret çəkir
Ermənistanda kişilərin 63.7 faizi siqaret çəkir

Rəsmi statistikaya görə, Ermənistanda əhalinin 28.4 faizi siqaret çəkir. Siqaret çəkən kişilərin sayına görə Ermənistan Şərqi Avropa ölkələri arasında liderdir-kişilərin 63.7 faizi siqaret çəkir. Siqaretdən ölənlərin sayına görə Ermənistan 22 faizlə Şərqi Avropada 3-cüdür. Birinci yerdə Moldova , 2-ci yerdə Macarıstandır. Ermənistanda qadınların 3%-i siqaret çəkir. Keçən ilin fevralından Ermənistanda tütünlə mübarizə üzrə Çərçivə Konvensiyası fəaliyyət göstərir. Üstəlik tütün məhsullarının istifadəsi, satışına məhdudiyyət qoyan qanun qüvvəyə minib. Qanunun müəllifi, parlamentin Elm, təhsil, gənclər və mədəniyyət məsələləri üzrə komissiyasının sədri Qranuş Akupyan hesab eləyir ki, tütünlə mübarizədə müəyyən nailiyyət nəzərə çarpır: «Mən qanun layihəsinin qəbulunu, Çərçivə konvensiyasını vacib bilirəm. Ən əlamətdar hadisə odur ki, oktyabrdan bu yana Yerevandakı bütün reklamlar yığışdırılıb. Bunu alqışlamaq lazımdır, çünki şəhər siqaret reklamıyla dolu idi».


Amma, Qranuş Akopyanın fikrincə, qanunun daha ciddi yanaşdığı sahələrdə-təhsil, tibb, mədəniyyət sahələrində heç bir dəyişiklik yoxdur: «Hesab edirəm ki, bu sahələrə nəzarət edən rəsmilər qanunun bütün tələblərinə əməl eləmədiklərinə görə məsuliyyət daşıyırlar».


Qanunun məqsədi, əsasən uşaqların siqaret çəkməyinə mane olmaqdır. Valideynlərə isə tütünü tərgitməyə kömək etmək, bununla da siqaretə dözməyənlərin hüququnu müdafiə etməkdir. Tütün məhsulları barədə qanunun 8-ci maddəsinə əsasən yaşı 18-ə çatmayanlar tütün alveri ilə məşğul ola bilməzlər. 11-ci maddə isə orta, ali təhsil məktəblərində, uşaq bağçalarında, nəqliyyatda siqaret çəkməyi qadağan edir. Amma, buna necə nəzarət olunacağını təsəvvür eləmək çətindir. Ermənistandakı ali təhsil məktəblərində müəllimlərin çoxu siqaret çəkir, auditoriyaya kül qabıyla girirlər. Nəqliyyatlarda isə sürücü özü siqaretdən istifadə edir.


Ermənistanda gənclər üçün siqaret çəkmək həyatda çox şey qazanmağın, xoşbəxtliyin əlamətidir. Gənclərin təsəvvüründə bəxti gətirən adam ən yaxşı maşını sürür, çox bahalı telefondan istifadə edir və bahalı siqaret, ya da siqar çəkir.
Ermənistan Səhiyyə nazirliyində Tütün əleyhinə proqramın koordinatoru Aleksandr Bazarçyan deyir ki, hökumət siqaretlə mübarizədə çox iş görüb: «Son 4-5 ildə Ermənistanda tütünlə mübarizədə demək olar ki, məqsədyönlü iş aparılıb. Tütün əleyhinə siyasətin istənilən dövrü öz nəticəsini verib». Bazarçyan hesab eləyir ki, bu sarıdan heç bir ölkə Ermənistana çata bilməz: «Əlbəttə, biz gərək nail olaq ki, Ermənistanda siqaretdən istifadə ildə 1,5-2% azalsın. Yaxşı nəticə budur. Bu gün onu deyə bilərik ki, son 5 ildə Ermənistanda tütündən istifadə edən kişilərin sayı artmır».



Amma Bazarçyan onu da deyir ki, statistika nikbinliyə əsas vermir. Ermənistanda ildə 2 minə qədər adam, 35-70 yaş arasında siqaretdən yaranan xəstəliklərdən ölür. Ölümcül xəstəliklərin 30%-i siqaretə görə əmələ gəlir. Məsələn, 2004-cü ildə Ermənistanda ciyərin xərçəngindən minə qədər adam əziyyət çəkdi. Amma, 1987-ci ildə ciyər xərçənginə tutulanların sayı 625 idi. İndi bu rəqəm artmaqdadır. Astmaya gəlincə, Səhiyyə nazirliyinin Tütün əleyhinə proqramının koordinatoru deyir ki, valideynləri siqaret çəkən uşaqlar arasında astmadan əziyyət çəkənlər 40% çoxdur.


Bu il ilk dəfə olaraq, Ermənistanın dövlət büdcəsində QHT-lərin tütün əleyhinə mübarizəsi üçün 100 milyon dram, yəni təxminən 263 min dollar ayrılıb. İctimai dialoq və inkişaf mərkəzinin direktoru Elinar bildirir ki, vəsaitin xərclənməsi üçün bu il 2 tender elan olunub, tütünlə mübarizə proqramlarını reallaşdırmaq üçün 22 QHT seçilib: «Proqramlar müxtəlif xarakterlidir.


Məktəbləri gəzmək, cürbəcür kompaniyalar aparmaq, nəqliyyat vasitələrində elanlar yapışdırmaq və s. Televiziya, radio vasitəsilə də kompaniya aparılır, telekliplər, radiokliplər yayımlanır, tok-şou keçirilir, tütün əleyhinə tibbi materiallar efirə verilir. İrəvanın küçələrində tütün əleyhinə reklamlar yapışdırılır».


Noyabrın 4-də Uşaq psixoloqları və psixiatrları təşkilatı Yerevanda aksiya təşkil edib. Mindən çox şagird, tələbə xüsusi paltarda «Azadlıq» meydanından «Respublika» meydanına qədər yürüş edib. İctimai Psixoloji Proqramların rəhbəri, Yerevan Tibb Universitetində psixologiya kürsü keçən Xaçik Qasparyan deyir ki, aksiyada əsas məqsəd, diqqəti siqaret çəkməyə hələ başlamayanlara yönəltmək idi. Psixoloqun dediyinə görə, Ermənistanda gənclər üçün siqaret çəkmək həyatda çox şey qazanmağın, xoşbəxtliyin əlamətidir. Gənclərin təsəvvüründə bəxti gətirən adam ən yaxşı maşını sürür, çox bahalı telefondan istifadə edir və bahalı siqaret, ya da siqar çəkir.


XS
SM
MD
LG