NMR-də miqrasiya prosesi beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Bölgədə fəaliyyət göstərən Miqrasiya İnformasiya Mərkəzinin koordinatoru Könül Babayeva deyir ki, xaricə gedənlərin qanuni miqrasiyası üçün onlara müəyyən məsləhətlər verirlər.
Muxtar Respublika rəhbərliyi isə bölgədə miqrasiya prosesinin o qədər də yüksək olmadığını düşünür. Səbəb kimi isə son illər xeyli sayda yeni iş yerlərinin açılmasını göstərir. Bir də deyirlər ki, əslində, başqa ölkələrlə çox yaxın sərhəddə yerləşən hər bir bölgədə miqrasiyanın olması təbiidir. Ona qalsa, Türkiyədən də Naxçıvana işləməyə gələnlər az deyil. MR Ali Məclisinin sədri Vasif Talıbovun sözlərinə görə, hazırda burada 500-ə yaxın türkiyəli işçi çalışır. Son zamanlar türk iş adamlarının da Naxçıvana maraqları artıb. İndi 17 türk iş adamı bölgədə fəaliyyət göstərir. Onların açdıqları müəssisələrdə onlarla yerli vətəndaş çalışır. Naxçıvana yatırılan xarici investisiyanın elə 40 faizi də Türkiyənin payına düşür.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan verilən məlumata görə, ötən illərlə müqayisədə 2006-cı ildə viza alanların sayı nisbətən azalıb. Ötən il bu rəqəm 60 minə yaxın olub.