Rusiyadan alınan qaz və elektrik enerjisi ilə bağlı problemlərin yarandığı bir vaxtda Yaponiyanın EBARA şirkəti Azərbaycanda zibildən enerji almağa imkan verən zavod tikmək niyyətindədir və bu məqsədlə hökumətə layihə də təklif ediblər. Amma, Azərbaycan Nazirlər Kabinetinin Texniki Yardım və Qrantlar Şöbəsinin müdiri Nail Fətəliyevin mediaya verdiyi açıqlamaya görə, layihə yapon mütəxəssislərlə birgə müzakirə edilib və bir sıra detalları yeniləmək üçün qaytarılıb. Yaponiyalı mütəxəssislər Azərbaycanda mövcud zibilxanaları ləğv eləməyi - zibil tullantılarının evbəev yığmağı-onları növlərə ayırıb-zavodda yandırmağı-tullantılardan elektrik enerjisi almağı və qalıqları isə yeni yaradılacaq zibil paleqonlarında basdırmağı təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin hesablamalarına görə, bir neçə ilə gerçəkləşdirilə biləcək bu layihənin dəyəri 350 milyon dollar ola bilər və ildə 510 min ton zibil yandırılması 12 megavat enerji almağa imkan verər.