Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 04:35

Niyə bir partiyanın hər şeyi var, başqa bir partiyanınsa heç nəyi?


YAP-dan bildirirlər ki, partiyanın mərkəzi qərargahı da, rayon şöbələrinin binaları da özəlləşdirilib
YAP-dan bildirirlər ki, partiyanın mərkəzi qərargahı da, rayon şöbələrinin binaları da özəlləşdirilib

Siyasi partiyaların imkanları ilə bağlı məsələni araşdırırkən birinci Azərbaycan Xalq Cəbhəsi Partiyasından başlamaq yerinə düşər. İndi bu partiyanın əmlakının bir hissəsi Keşlə qəsəbəsinin «Məktəblilər» küçəsindəki təmirsiz binaya atılıb qalıb. Ötən həftənin cümə günü 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə «Xəqani-33» ünvanda «Azadlıq» qəzetinə məxsus bina boşaldığından orada 1993-cü ildən bəri sığınacaq tapan AXCP qərargahsız qalıb. Düzdür, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Xəqani-33» ünvandakı binanın boşaldılması ilə bağlı iddia qaldırarkən «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyi kimi həmin partiyaya da yeni qərargah təklif etmişdi. Bina boşaldılarkən isə AXCP-nin əmlakının bir hissəsini polis məcburi qaydada Keşlə qəsəbəsindəki 3 mərtəbəli binanın ikinci mərtəbəsində aparıb.


Ancaq, partiyanın sədri Əli Kərimli deyir ki, onlara verilən yer, fəaliyyət üçün əlverişli olmadığından başqa qərargah axtarmağa məcburdurlar. Əli Kərimli yada salır ki, hələ 1993-cü ildə Üzeyir Hacıbəyov küçəsində onlara məxsus bina əllərindən alınıb. Bunun ardınca da onların əksər rayon şöbələri məcburi şəkildə boşaldılıb, həmin yerlər o zaman hakimiyyətə yeni gəlmiş Yeni Azərbaycan Partiyasının rayon şöbələrinə verilib. Əli Kərimli deyir ki, indi hakim partiyaya şəhərin mərkəzində çoxmərtəbəli, geniş bir bina verildiyi halda onların əmlakının küçəyə atılması Azərbaycanda demokratik rəqabət üçün heç bir şəraitin olmadığının göstəricisidir: «Artıq bütün dünya bilir ki, demokratiya İlham Əliyev hakimiyyətinə heç imitasiya üçün də lazım deyil…»


«Azadlıq» qəzeti və AXCP-dən sonra ADP və «Hürriyyət» qəzeti də eyni aqibətlə üzləşə bilərlər. Partiyanın baş katibi Sərdar Cəlaloğlu deyir ki, dəfələrlə müraciət etsələr də Əmlak Komitəsi 1993-cü ildən fəaliyyət göstərdikləri binanın icarə müqaviləsinin müddətini uzatmaq istəmir
Yeni Azərbaycan Partiyasının (YAP) yerləşdiyi «Sahil» bağının yaxınlığında 3 mərtəbəli binada əvvəllər Ədliyyə Nazirliyi yerləşirdi. Hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyir ki, həmin binanı 2002-ci ildə onlar özəlləşdiriblər. Yeni Azərbaycan Partiyasının tək mərkəzi aparatının yox, hər bir rayon şöbəsinin də ayrılıqda qərargahı və bu qərargahların həyətyanı sahələri var. Hüseyn Paşayev deyir ki, həmin qərargahlar da partiyanın daxili imkanları hesabına tikilib: «Bizim rayon şöbələri əvvəllər icarə müqaviləsi əsasında bəzi binalarda fəaliyyət göstərirdilər. Sonralar imkan artdıqca onlar icra strukturlarından torpaq sahələri alaraq öz hesablarına özlərinə qərargahlar tikiblər. Həmin qərargahlar da YAP-ın əmlakı hesab edilir…»


Hüseyn Paşayev deyir ki, YAP son illər Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə çalıb. Onun sözlərinə görə, seçkilərdə bir qayda olaraq uduzan xırda partiyalarla müqayisədə onların daha geniş imkanlara malik olması təəccüblə qarşılanmamalıdır.


YAP-ın opponentləri isə hesab edirlər ki, Azərbaycanda hələ tam azad və ədalətli seçkilər keçirilmədiyindən kimin daha çox elektorata malik olduğunu iddia etmək düzgün deyil. Üstəlik müxalifət partiyaları hesab edirlər ki, iş adamlarının da onlara kömək göstərməsinə imkan verilməməsi siyasi partiyalar arasında qeyri-bərabərliyi şərtləndirən amillərdəndir.


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, əgər müxalifət müqavimətdən əl çəkib hakimiyyətin apardığı siyasətlə barışarsa maddi baxımdan vəziyyətini bir qədər yaxşılaşdıra bilər. Rauf Mirqədirov 1998-ci il prezident seçkilərindən sonra Azərbaycan Milli İstiqlal Partiyasının qərargahının əlindən alınmasını yada salır. Onun sözlərinə görə, əgər Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov o vaxt prezident seçkilərinin nəticələrini tanıyıb, etiraz aksiyalarına başlamasaydı bu partiyanın qərargahı alınmazdı. Rauf Mirqədirov deyir ki, 2003-cü il prezident seçkilərində də məhz Müsavat başqanı İsa Qəmbər nəticələri tanımadığından bu partiya da qərargahından çıxarıldı. O, hesab edir ki, 2005-ci il parlament seçkilərində də müxalifətin müqavimət ağırlığı əsasən AXCP-nin üzərinə düşdüyündən «Azadlıq» qəzetinin binasının boşaldılması başa düşüləndir. Ancaq, Rauf Mirqədirov deyir ki, bu heç də ölkənin demokratik dəyərlərə əsasən idarə edilməsindən xəbər vermir: «Yəni hakimiyyət hesab etmir ki, seçki yolu ilə xalqdan müvəqqəti mandat alıb. Hakimiyyət hesab edir ki, bu dövlət onunkudur və bu ölkədə hamı onunla hesablaşmalıdır».


Deyəsən «Azadlıq» qəzeti və AXCP-dən sonra Azərbaycan Demokrat Partiyası (ADP) və «Hürriyyət» qəzeti də eyni aqibətlə üzləşə bilərlər. ADP-nin baş katibi Sərdar Cəlaloğlu deyir ki, dəfələrlə müraciət etsələr də Əmlak Komitəsi 1993-cü ildən fəaliyyət göstərdikləri binanın icarə müqaviləsinin müddətini uzatmaq istəmir. Sərdar Cəlaloğlu deyir ki, 1994-cü ildə ADP-nin qeydiyyatı ləğv edildiyindən, Ələşrəf Əlizadə küçəsində yerləşən həmin binanın icarə müqaviləsi Əmlak Komitəsi ilə partiyanın orqanı olan «Hürriyyət» qəzeti arasında bağlanmışdı. Onun sözlərinə görə bu 13 ildə həmin binanın təmir işlərinə 100 min dollardan çox xərc çəkiblər. İndi belə çıxır ki, həmin xərcləri də bata bilər. Ancaq, Əmlak Komitəsində isə «Hürriyyət» qəzeti ilə yeni müqavilə bağlanmamasını onların icarə haqqını gecikdirmələri ilə izah edirlər. Komitənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qulu Xəlilov deyir ki, onlar «Hürriyyət» qəzetinin binasının boşaldılması ilə də bağlı İqtisad Məhkəməsi qarşısında iddia qaldırıblar və məsələlərin sonrakı gedişi də məhkəmənin hökmündən asılı olacaq.


XS
SM
MD
LG