Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:54

Tərəflər yeni bəyanat imzalayıblar


11 yanvar görüşü
11 yanvar görüşü

Noyabrın 26-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bəyanat imzalayıblar.

AZƏRTAC-ın xəbərinə görə, sənəddə vurğulanır ki, liderlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması haqqında ötən il noyabrın 9-da (10-da) , həmçinin regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin bərpası barədə bu il yanvarın 11-də imzalanan bəyanatların yerinə yetirilməsi gedişini müzakirə ediblər.

Qeyd edilib ki, onlar həmin bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər. Habelə, onlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəliblər.

Sənəddə həmçinin, regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsi də qeyd edilir:

“Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.”

Bəyanatda yazılıb ki, habelə Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin, Rusiya hökumətinin sədr müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirirlər:

“Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq”.

Bəyanatın sonunda deyilir:

“Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və Erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.”

Soçidə üçtərəfli görüş başa çatıb

Noyabrın 26-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Vladimir Putin: “Bu müddətdə həqiqətən az iş görülməyib”

AZƏRTAC-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin deyib ki, onlar artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmanı təsdiq ediblər:

“Bu müddətdə həqiqətən az iş görülməyib. Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var.”

Rusiya prezidentinin dediyinə görə, əslində onlar onun üçün toplaşıblar ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin:

“Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb.”

O, məqsədlərini belə gördüyünü vurğulayıb:

“... Yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır”.

İlham Əliyev: “...Sülh müqaviləsi üzərində işə başlayaq.”

Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir:

“Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim”.

O, qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək:

“Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk”.

O, vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib:

“...Delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.”

Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması…”

Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır:

“Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub.”

O, daha sonra deyib:

“Mən Azərbaycan prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib.”

O deyib ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var:

“Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır.”

Onun sözlərinə görə, bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılma mövzusu onlar üçün də çox vacibdir:

“Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır”.

Sonda isə Rusiya prezidenti Vladimir Putin deyib:

“Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq.”

Xatırlatma

ATƏT-in Minsk Qrupu uzun müddət bu münaqişənin həlli üçün vasitəçilik edib. Rusiya, ABŞ və Fransa qurumda həmsədrlərdir.

Putin, Əliyev və Paşinyan görüşür

Noyabrın 26-da Soçidə Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Görüşün mediaya açıq hissəsində prezident Əliyev Rusiya sülhməramlı fəaliyyətinin son bir ildəki fəaliyyəti dövründə ciddi insident, qarşıdurma qeydə alınmadığını bildirib. 16 noyabr toqquşmalarının baş verdiyi Ermənistanla sərhədin isə sülhməramlıların məsuliyyət zonasına daxil olmadığını vurğulayıb.

Əliyev Putinə bu məsələdə şəxsi roluna, eləcə də Rusiya sülhməramlılarına Qarabağda sülhün qorunmasındakı roluna görə təşəkkür edib. "Ümid edirik ki, gələn il bu işlər davam etdiriləcək, yaxşı nəticələr əldə olunacaq", – o bildirib.

Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm sülhməramlıların, həm də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətini qeyd edib: "Problemlər, insidentlər baş verir. Təəssüf ki, hələ də qurbanlar verilir. Elə buna görə də yığışmışıq ki, bütün bunların baş verməməsi, vəziyyətin sakitləşməsi, regionun inkişafı üçün nə edildiyini, nə etmək lazım gəldiyini müzakirə edək".

Bu gün hər iki liderin Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü, daha sonra Putin-Paşinyan görüşü gözlənir.

Rus dili

Vladimir Putin ikitərəfli strateji tərəfdaşlığın uğurlu olduğunu qeyd edib. O, Rusiyanın 900 şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini, Azərbaycana 4.5 milyard dollarlıq birbaşa sərmayə qoyulduğunu vurğulayıb.

Putin Əliyevə Azərbaycanda rus dilinin inkişafına görə xüsusi təşəkkürünü bildirib. "Azərbaycanda məktəblilərin 34 faizi bu və digər şəkildə rus dilində təhsil alır, yaxud bu dili öyrənirlər. Bu, yaxşı göstəricidir. Bu, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının sıx münasibətlər saxlamaq istəyini göstərir", – o deyib.

İ.Əliyev isə azərbaycanlı gənclərə Rusiyada təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkür edib: "Hazırda 15 mindən çox azərbaycanlı Rusiyanın ali təhsil müəssisələrində təhsil alır. Bu, bir təhsil ocağı deməkdir".

Azərbaycan prezidenti Soçiyə gedib

Noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkənin Soçi şəhərinə işgüzar səfər edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bir neçə saat əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın da Soçiyə işgüzar səfəri barədə məlumat yayılmışdı.

Noyabrın 26-da Soçidə üçtərəfli görüşü gözlənir. Kremlin mətbuat xidməti bildirib ki, görüş ötən il Qarabağ müharibəsindən sonra noyabrın 9-da (10-da) imzalanan üçtərəfli razılaşmanın ildönümü məqsədilə Rusiya prezidentinin təşəbbüsü ilə keçirilir.

Nikol Paşinyan Qarabağla sərhəd məsələlərini bir-birindən ayrımağa çalışır
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Açıqlamaya görə, görüşdə üçtərəfli razılaşmanın gedişatı, regionda bundan sonra sabitliyin gücləndirilməsi və sülhün bərpası məsələləri müzakirə olunacaq. Məlumatda o da vurğulanır ki, görüşdə iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri əsas diqqət mərkəzində olacaq.

Bildirildiyinə görə, V.Putinin İ.Əliyev və N.Paşinyan ilə təkbətək görüşü də nəzərdə tutulur.

Bundan əvvəl oktyabrın sonlarında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmamışdı.

Daha sonra dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünün gerçəkləşəcəyi açıqlandı. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq.

De Vaal: 'Ölümlərin şahidi olduq... Tərəflər özlərinə sual versin: Bacarırıqmı?'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Xatırlatma

2020-ci ildə 44-günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG