Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Rusiya hərbçiləri sərhəddə yerləşdirilsə...? 


Azərbaycan-Ermənistan sərhəddi, 18 iyun 2021
Azərbaycan-Ermənistan sərhəddi, 18 iyun 2021

Ermənistan hökuməti istəyir ki, Ermənistan tərəfdən Azərbaycanla sərhəddə Rusiya sərhəd postları qurulsun. Bu məsələyə hələki Rusiyanın mövqeyi məlum deyil.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib ki, demarkasiya işləri aparmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiyanın sərhəd postlarını qurmaq lazımdır.

İyulun 29-da hökümətin iclasında o habelə qeyd edib ki, bu məsələni Rusiya tərəfi ilə müzakirə etməyə hazırlaşırlar. N.Paşinyan Azərbaycanı təcavüzkar ritorika və hərəkətlərdə, həmçinin vəziyyətin siyasi, davamlı şəkildə həlliylə bağlı beynəlxalq aləmin təkliflərini cavabsız qoymaqda günahlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı jurnalistlərə konkret heç nə deməyib. O, bildirib ki, Yerevanla təmaslar davam edir :

«Buna heç nə əlavə edə bilmərəm».

Bir müddət əvvəl N.Paşinyan sərhəd məntəqələrdən birində beynəlxalq müşahidəçilərin yerləşdirilməsini də təklif etmişdi.

Onun bu təkliflərinin reallaşdırılması nə dərəcədə mümkündür? Rusiya hərbçiləri sərhəddə yerləşdirilsə, bunun nəticələri nə olacaq? Görək Azərbaycanda bu sualar ətrafında nə düşünürlər?

«Əgər Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə,...»

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov «Turan» Agentliyinə bildirib ki, hər bir müstəqil dövlət öz sərhədini qorumalıdır :

«Azərbaycan buna qadirdir və öz sərhədlərini özü qoruyur. Əgər Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə, təbii ki, o bütün tarixdə olduğu kimi bu gün də kənardan köməyə ehtiyac duyur».

Elman Məmmədov, 2017
Elman Məmmədov, 2017

O, qeyd edib ki, Ermənistan ərazisində Sovet dövründən qalma Rusiya dövlətinin böyük hərbi bazası yerləşir :

«N.Paşinyan da Azərbaycanla sərhəddə hərbçilərinin yerləşdirilməsi üçün Rusiyaya bir neçə dəfə müraciət edib. Onsuz da bundan əvvəl də Rusiya qoruyurdu. Ermənistanın hava məkanında təhlükəsizliyin ərazisi onların nəzarətində idi».

Komitə üzvü hesab edir ki, indi Ermənistan buna daha çox ehtiyac duyur:

«Güya ki, Azərbaycan onların ərazisinə müdaxilə edə bilər, onlar təhlükə qarşısındadır və onların təhlükəsizliyini qorumaq lazımdır».

Onun sözlərinə görə, Ermənistan təkcə Rusiyadan yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da kömək istəyir :

«Ermənistan bu təşkilatın bir üzvü kimi onlardan xahiş edir ki, gəlin təhlükəsizliyimizi təmin edin. Güya ki, camaatın bunlara borcu var».

E.Məmmədov vurğulayıb ki, Ermənistan bununla da kifayətlənmir :

«Onlar hətta Rusiyadan başqa Minsk Qrupunun digər həmsədr dövlətlərini – Fransanı və ABŞ-ı dəvət edir ki, gəlin burada təhlükəsizliyimizi qoruyun. Yaxşı, özün- özünü müdafiə edə bilmirsənsə, gücünə uyğun hərəkətlər et».

«Ermənistan öz yersiz ərazi iddialarından əl çəkmir»

Deputat hesab edir ki, Ermənistan indi sülh sazişini imzalamalı, dinc qonşuluq şəraitində yaşamaq yolunu seçməli və Qarabağla bağlı əsassız iddialardan əl çəkməlidir.Onun vurğulamasına görə, bütün bunları Prezident İlham Əliyev Ermənistana təklif edib və edir :

«Azərbaycan bəyan edir ki, bölgədə dayanıqlı sülhün tərəfdarıdır və bunun üçün nə lazımdırsa edir. Ermənistana da sülh sazişinin imzalanması üçün öz təkliflərimizi göndərmişik. Ancaq Ermənistan öz yersiz ərazi iddialarından əl çəkmir».

«Ermənistanın suveren hüququdur»

Politoloq Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, N.Paşinyanın təklifi Rusiya hərbçilərinin Ermənistanla Azərbaycan arasında olan sərhəddə yerləşdirilməsindən ibarətdir :

«Amma Ermənistan olan tərəfdə. Söhbət Azərbaycan torpaqlarında Rusiya əsgərlərinin yerləşdirilməsindən getmir. Hər -hansı dövlətlə strateji müttəfiq olmaq, öz ərazidində başqa bir ölkənin hərbi kontingentinin görmək istəyi Ermənistanın suveren hüququdur».

Ekspert qeyd edib ki, problem Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində olan problemdir:

«İndi top Rusiya tərəfdədir»

«N.Paşinyan Rusiya hərbçilərini dəvət etməklə sanki topu Rusiya atır ki, baxın KTMT üzvü olan bir ölkənin – Ermənistanın hal- hazırda müəyyən bir problemi var, qonşu ölkə onun ərazisinə soxulmaq istəyir və Rusiyadan bura öz qoşunları yeritməyi xahiş edir. İndi top Rusiya tərəfdədir. Ya Rusiya bunu qəbul edib, öz hərbçilərini yerləşdirəcək, ya da ki, bunu etməyəcəklər»

Azər Qasımlı, arxiv foto
Azər Qasımlı, arxiv foto

A.Qasımlı hesab edir ki, Rusiya Ermənistanın təklifini qəbul etməsə, bu N.Paşinyanın müəyyən mənada Rusiyaya və KTMT-yə qarşı əl-qolunu açmış olacaq :

«Rusiya təklifini qəbul etsə, bu bir daha onu göstərəcək ki, bölgə tamamilə Rusiyanın təsiri altındadır. Əgər sabah həqiqətən də Azərbaycanla Ermənistan arasında Rusiya hərbi kontingenti olacaqsa, bu Rusiyanın əl-qolunu açacaq. O mənada ki, bu, Rusiyaya həm prosesi nəzarət altında saxlamaq, həm də müəyyən manipulyasiyalar etmək imkanları yaradacaq».

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaranıb. Ora Ermənistan və Rusiyadan başqa daha bir neçə keçmiş SSRİ respublikası daxildir.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG