Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:59

«Məmurlar şirkət yaradıb, tikinti şirkətlərini ölkədən didərgin salıblar» 


Azərbaycan-Astara-İran yolu 18 Sentyabr 2018
Azərbaycan-Astara-İran yolu 18 Sentyabr 2018

İyulun 12-də Prezident İlham Əliyev Nəsimi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayrılıb.

İlin əvvəlindən artıq bir neçə dəfədir yolların təmiri və yenidən qurulmasına pullar ayrıldığı bildirilir. Bəzi ekspertlər isə düşünür ki, yolların keyfiyyəti ayrılan vəsaitə uyğun deyil.

Hələ 2019-cu il oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən bildirib ki, ölkədə hər il min kilometr yeni yol çəkilir.Onun deməsinə görə, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir : «Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir».

Ölkə başçısı vurğulayıb ki, investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb .

Məşdağa Bilgəh yolunun açılışı
Məşdağa Bilgəh yolunun açılışı

«Yollarının yalnız 35,8 faizi... »

«Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında» hesabatında isə qeyd edilir ki, Avtomobil Yolları Dövlət Agentliyin balansında olan yollarının yalnız 35,8 faizi (I, II və III dərəcəli yol örtüyünə malik) keyfiyyətli yol örtüyünə malikdir.

Hesabatda qeyd olunur ki, avtomobil yollarının uzunluğu, illik saxlanma xərci və digər göstəricilər barədə Agentliyin təqdim etdiyi hesabatla Dövlət Statistika Komitəsinin məlumatları arasında uyğunsuzluqlar mövcuddur: «Bu uyğunsuzluqlar ölkə üzrə avtomobil yolları barədə (uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər) məlumatların və hesabatların real vəziyyəti tam əks etdirməməsi ilə nəticələnir...»

Sənəddə vurğulanır ki, 2019-cu ildə «Avtomobil yolları» Məqsədli Büdcə Fondunun vəsaitinin 70 milyon 364 min 294 manatı və ya 23 faizi əvvəllər alınmış kreditlərin qaytarılmasına yönəldilib. Əlavə edildiyinə görə, bu da Fondda avtomobil yollarının saxlanılması və istismarı üçün vəsait çatışmazlığına, vəsaitlərin xərc istiqaməti üzrə təyinat dəyişikliklərinə gətirib çıxarıb :

«Yanacaq xərcləri cari təmir xərclərindən çox olan təşkilatlarda...»

«İl ərzində əməkhaqqı xərclərinə Fonddan ayrılan vəsaitin 70 faizindən çoxunu xərcləyən təşkilatlar cari təmirə lazımi vəsait yönəldə bilməyib. Bəzi təşkilatlar isə cari təmir və mal-material alışına ümumi vəsaitin 10 faizdən az vəsait yönəldilib və yanacaq xərcləri cari təmir xərclərindən çox olan təşkilatlarda adekvatlıq pozulub, vəsaitin xərclənməsində risklər yaranıb…»

AAYDA-dan isə «Turan» Agentliyinə bildirilib ki, 2020-ci il ərzində 1385,3 kilometr uzunluğunda avtomobil yolları, prospektlər, küçələr salınıb, yenidən qurulub və təmir olunub : «O cümlədən respublika əhəmiyyətli 254,6 kilometr, yerli əhəmiyyətli 767,2 kilometr, Bakı şəhərində 342,1 kilometr, Sumqayıt şəhərində 21,4 kilometr yol salınıb. Cənab Prezidentinin daimi diqqət və qayğısının nəticəsidir ki, Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən, Azərbaycan MDB məkanında 1-ci, Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb».

Qurumdan qeyd olunub ki, 2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü, 2 avtomabil tuneli tikilib, 3 körpü təmir edilib.Habelə bildirildiyinə görə, bir yeni metal dəmir yolu yol ötürücüsü, 9 piyada keçidi tikilib: «Ötən ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması, əsaslı təmiri işləri davam etdirilib. Bu layihələrdən 27 avtomobil yolu, 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb».

«Prezident İlham Əliyev 2020-ci ildə 35 dəfə... »

Əlavə olunub ki, 12,3 kilometr respublika əhəmiyyətli, 50,9 kilometr kəndlərarası avtomobil yolu layihəsi, habelə 84,7 kilometr Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib: «Prezident İlham Əliyev ümumilikdə 2020-ci il ərzində 35 dəfə avtomobil yolu, yol qurğularının açılışı və təqdimatı mərasimlərində iştirak edib...»

Qurumudan bildirilib ki, 2020-ci ildə Bakı şəhərində ümumi uzunluğu 342,1 kilometr olan şəhər və qəsəbədaxili avtomobil yolları yenidən qurulub, təmir olunub: « İnvestisiya vəsaiti və Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında müxtəlif mənbələrdən ayrılmış vəsait hesabına 257,4 kilometr, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondu vəsaiti hesabına isə 84,7 kilometr yol yenidən qurulub».

AAYDA-dan vurğulanıb ki, ötən il yol təsərrüfatına 637 min 47 manat maddi ziyan dəyib, bundan 431 539 manatı ödənilib.

«Çox ciddi problemlər var»

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə «Turan» Agentliyə bildirib ki, Azərbaycanda yol təsərrüfatı ilə bağlı çox ciddi problemlər var : «Ölkə rəhbərliyi yolların tikilməsinə, təmirinə kifayət qədər böyük məbləğdə pullar ayrır. O, pullarla normal hesablama aparanda baxıb görürsən ki, dünyada ən komfortlu yolları salmaq mümkündür».

Azərbaycan-Abşeron yolu - 02 avqust 2017
Azərbaycan-Abşeron yolu - 02 avqust 2017

Ekspert qeyd edib ki, Azərbaycanda isə başdansovdu yanaşmalar özünü göstərir.O, hesab edir ki, yol salınmasını özəl şirkətlərə həvalə etmək lazımdır : «Bu özəl şirkətlər şəffaf tenderdə qalib gələrək yol salıb, uzun illər bu yola cavabdeh olmalıdır. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba yolunu salanda demişdi ki, bu yol 30 il istismar olunacaq, amma 3 ildən sonra həmin yol dağıldı və təmir xərclərini yenə dövlət ödədi ».

«Ortada bəzi məmurların marağı var »

Ekspertin sözlərinə görə, məmurlar özlərinə şirkət yaradıb və Azərbaycan iş adamlarının yaratdığı tikinti şirkətlərini ölkədən didərgin salıblar: «Necə olur ki, o şirkətlər Qazaxıstanda, Rusiyada, Ukraynada yol çəkir və hamı da bundan razıdır, Azərbaycanda isə o şirkətlərə yer yoxdur. Çünki ortada bəzi məmurların marağı var ».

İqtisadçı Toğrul Vəliyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda yol infrastrukturu üçün ayrılmış vəsaitin böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilir : «Onun illik büdcəsi 1 milyard manata kimidir. Problem isə ondan ibarətdir ki, burada qeyri-şəffaflıq var və ayrılmış vəsaitin xərclənməsinə dair bizdə heç bir məlumat yoxdur».

XS
SM
MD
LG