Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:43

Konqoda azı 55 nəfərin öldürüldüyü xəbər verilib


Konqodakı BMT sülhməramlıları (Arxiv fotosu)

Mayın 31-də Konqonun şərqindəki iki kəndə hücum zamanı azı 55 nəfər öldürülüb.

BMT bildirir ki, bu, son 4 ildə bu ərazidə baş vermiş ən ağır qətliamdır.

Ordu və yerli insan haqları qrupları Tçabi kəndinə və didərginlərin Boqa yaxınlığındakı düşərgəsinə hücumlara görə silahlı islamçı qruplaşma olan Müttəfiq Demokratik Qüvvələri (MDQ) ittiham ediblər.

Hər iki kənd Uqanda sərhədi yaxınlığında yerləşir.

BMT-nin bəyanatında deyilir ki, bu kəndlərdə evlər yandırılıb və sakinlər oğurlanıb.

Boqadakı insan haqları qrupunun rəhbəri Albert Basequ Reuters agentliyinə deyib ki, o hadisədən qonşunun evindən gələn qışqırıqlardan sonra xəbər tutub:

"Mən ora gedəndə onlar artıq anqlikan pastoru öldürmüşdülər və onun qızı ağır yaralı idi”.

Konqonun şərqindəki hadisələri monitorinq edən Kivu təşkilatı bildirir ki, ölənlərin arasında kənd icması başçısının arvadı da var.

850-dən çox qətl

BMT-nin məlumatına görə MDQ-nin 2020-ci il ərzində 850-dən çox insanı qətlə yetirdiyinə inanılır.

Təşkilatın hücumları ordu onların üzərinə bir neçə əməliyyat keçirdikdən sonra intensivləşib.

BMT mart ayında MDQ-ni xarici terrorçu qrup elan edib. Bu qrup keçmişdə İslam Dövləti ekstremist təşkilatı ilə müttəfiqliyini elan edib.

Lakin BMT qrupun başqa islamçı təşkilatlarla əlaqələrinə dair dəlillərin az olduğunu bildirir.

Prezidet Feliks Tşisekedi may ayında Konqonun Şimali Kivu və İturi vilayətlərində hərbi vəziyyət elan edib.

Uqanda bildirib ki, üsyançılara qarşı mübarizə üçün özündə olan kəşfiyyat məlumatlarını bölüşəcək, lakin Konqoya qoşun göndərmək niyyətində deyil.

Şərhlər

XS
SM
MD
LG