Mayın 26-da ABŞ-ın Kaliforniya ştatındakı San Xose şəhərinin dəmir yolu qovşaqlarından birində bir işçinin odlu silahdan atəş açması nəticəsində 8 nəfər ölüb.
Hakimiyyət orqanları bildirilər ki, hadisəni törədən şəxs özünü də öldürüb.
Sözü gedən nəqliyyat qovşağı Santa Klara rayonunun avtobus, tramvay və başqa nəqliyyat xidmətlərinə nəzarət edir.
Hakimiyyət orqanları yerli vaxtla səhər saat 6:30-da baş vermiş hadisənin motivləri barədə hələki məlumat verməyib.
Santa Klara polisinin verdiyi məlumata görə ərazidə azı bir partladıcı qurğu aşkar edildiyinə görə hadisə yerinə bomba zərərsizləşdirən qrup göndərilib.
Pandemiya dövrünün “qəhrəmanı”
Polis rəisi Rasl Deyvis mətbuat konfransında deyib ki, atışma nəticəsində 8 öləndən başqa yaralananlar da var.
Polis habelə bu hadisədən az əvvəl bir evdə baş vermiş yanğını araşdırır. Evin atəş açan şəxsə məxsus olduğuna inanılır.
Hadisənin baş verdiyi qoşvaqda tranzit nəzarət mərkəzi, vaqonlar üçün park və inzibati sahə var.
Atəş açanın 57 yaşlı Sem Kassidi olduğu xəbər verilir. O bu qovşaqda xidmət işçilərindən biri idi.
Santa Klara regionunun rəsmiləri bidlirirlər ki, Sem Kassidi pandemiya dövrünün “qəhrəmanlarından” biri kimi tanınırdı.
O epidemiyanın şiddətli günlərində avtobus və qatarların fasiləsiz işləməsinə nəzarət edirdi.
Xəbər verilir ki, bu hadisə pandemiya sonrası ABŞ-da kütləvi qətllərin artmaqda olduğu bir vaxtda baş verib.
Prezident Co Bayden Ağ Evdə bayrağın endirilməsinə göstəriş verib və Konqresi silah zorakılığına qarşı mübarizə qanunvericiliyi üzərində işləməyə çağırıb.