Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

Ruhaninin müttəfiqləri seçkiyə buraxılmadı


İbrahim Rəisi
İbrahim Rəisi

İranın Qəyyumlar Şurası gələn ay keçiriləcək prezident seçkisinə yeddi namizədi buraxıb, vəzifədən gedəcək Prezident Həsən Ruhaninin müttəfiqlərinin namizədliyini təsdiqləməyib.

Seçkiyə İbrahim Rəisi, Möhsün Rezai, Səid Cəlili, Əmirhüseyn Qazizadə-Haşimi, Əbdülnasir Hümməti, Möhsün MehralızadəƏlirza Zakani buraxılıb. Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.

Qəyyumlar Şurası tanınmış siyasətçilərin siyahıdan çıxarılmasını izah etməyib. Beləliklə də, İran ədliyyəsinin başçısı, sərt xətt tərəfdarı olan Rəisi 18 iyun seçkisində dominant mövqeyə keçib.

***

İranın sərt xətt tərəfdarı olan konstitusiyaya nəzarət qurumu gələn ay keçiriləcək prezident seçkisinə yeddi namizədi buraxır. Bir sıra tanınmış şəxslərin namizədliyinin qeydə alınmadığı bildirilir.

Dövlət televiziyası mayın 25-də Qəyyumlar Şurasının sözçüsünə istinadla xəbər verib ki, namizədlik üçün sənəd vermiş 590 nəfərdən yeddisinin namizədliyi təsdiqlənib. Şuraya Ali dini lider Ayətulla Əli Xameneyi nəzarət edir.

Tanınmış siyasətçilər seçkiyə buraxılmır

Sözçü Abbas Əli Kadxodai namizədliyi təsdiqlənənlərin adlarını çəkməyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi siyahını elan edəcək və 18 iyun seçkisinə start veriləcək.

Mötədil Prezident Həsən Ruhani iki müddətdən artıq namizəd ola bilməz.

Qəyyumlar Şurası əvvəlki seçkilərdə bir sıra mötədil siyasətçilərin namizədliyini təsdiqləməyib.

İran ədliyyəsinin rəhbəri İbrahim Rəisi seçkidə ən güclü namizəd sayılır. O, 2017-ci il seçkisində Ruhaniylə mübarizə aparıb, Xameneyi ilə sıx əlaqələri var.

Yarırəsmi Fars xəbər agentliyinin mayın 24-də axşam yazmasına görə, Qəyyumlar Şurası tanınmış mühafizəkar, parlamentin keçmiş spikeri Əli Laricaninin namizədliyini qeydə almayıb. O, Ruhaninin müttəfiqi sayılır.

Fars “məlumatlı mənbələrə” istinadla indiki Vitse-prezident Eşaq Cahangirinin və keçmiş prezident Mahmud Əhmədinejatın da seçkiyə buraxılmadığını yazıb.

İqtisadi durum

Nisbətən mötədil sayılan Ruhani hökuməti hazırda İranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltmək məqsədi güdən danışıqlarda iştirak edir.

Əhalinin prezident seçkisilə bağlı entuziazmı elə də güclü deyil, ölkədə sürətli bahalanma gedib, işsizlik artıb.

Üç il öncə ABŞ İranla nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu.

Tehran da bun cavab olaraq nüvə sazişi öhdəliklərindən tədricən çəkilməyə başlayıb. İran nüvə proqramının dinc məqsəd daşıdığını, atom bombası hazırlamaq niyyətinin olmadığını bildirir.

İranla Birləşmiş Ştatlar apreldən Vyanada nüvə sazişinin bərpası üzrə danışıqlar aparırlar.

XS
SM
MD
LG