ABŞ-ın böyük Colonial Pipeline kəmərinə kiberhücumun ardınca Birləşmiş Ştatların cənubundan tutmuş Vaşinqtonadək olan ərazidə benzin qıtlığı yaranıb.
ABŞ rəsmiləri bu hücumun Rusiyadan qaynaqlandığını deyirlər.
Kəmərin sahibi olan şirkət mayın 14-də bildirib ki, kiberhücumun nəticələri aradan qaldırılır və kəmər vasitəsilə benzin və başqa yanacağın tam təchizatı bərpa olunacaq.
Lakin şirkət təchizatın tam bərpası üçün hələ bir neçə gün vaxtın lazım gələcəyini bildirib.
Xəbər verilir ki, söhbət ABŞ-ın enerji infrastrukturu üzərinə ən pozucu kiberhücumdan gedir.
ABŞ paytaxtının yanacaqdoldurma məntəqələrində bundan bir gün əvvəl fasilələr 79 faizdən 88 faizə yüksəlmişdi.
Xəbər verilir ki, Şimali Karolinada yanacaqdoldurma məntəqlərinin 65 faizi benzinsiz qalıb, Virciniyada, Cənubi Karolina və Corciyada isə məntəqələrin 50 faizində benzin olmayıb.
Bayden bu hücumu Putinin nəzərinə çatdıracaq
Bu da bildirilir ki, bəzi yerlərdə benzinin panikalı alışı müşahidə edilib.
Colonial Pipeline mayın 13-də bildirmişdi ki, Texasın Karib körfəzindəki neft emalı zavodlarını ABŞ-ın şərq sahilindəki bazarlarla birləşdirən kəmər şəbəkəsini yenidən işə salıb.
Prezident Co Bayden demişdi ki, yanacaq təchizatı bu həftəsonu normala qayıdacaq.
Bayden bunu da əlavə edib ki, onun administrasiyası kiberhücumun arxasında duran rusdilli reket sindikatının “axırına çıxmaq” əzmindədir.
ABŞ prezidenti bildirib ki, o Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın reketçi kompüter kriminallarını himayə etməsi məsələsini qaldıracaq.
Bəzi məlumatlara görə reketçi proqramlarla hücumlar ötən il Qərb ölkələrinə on milyardlarla dollar ziyan vurub.
Reketçi hakerlərə pul ödəndiyi deyilir
“Qara internetdə” oturduğu düşünülən DarkSide haker qrupu hazırda internetdən çıxıb və kibercinayətkarların forumunda verilən məlumata görə sözü gedən sayt ümumiyyətlə bağlanacaq.
Associated Press agentliyinin yazdığına görə, bu ondan xəbər verə bilər ki, haker qrupu Qərbin hüquq-mühafizə orqanlarının şəbəkənin izinə düşə biləcəyindən narahatdır.
Reketçi kiberhücum zamanı hakerlər kompüter sistemlərini kilidləyir və onların yenidən işə salınması üçün lazım olan kodu satmağa çalışırlar.
ABŞ xəbər agentliklərinin verdiyi məlumata görə Colonial Pipeline şirkətinin şifrə açarı üçün kriptovalyuta ilə 5 milyon dollar ödədiyi ehtimal olunur.
Colonial Pipeline şirkəti hakerlərin nə qədər pul tələb etdiklərini açıqlamayıb.
Federal Təhqiqatlar Bürosu hakerlərə reket pulu ödənilməsini tövsiyə etmir, çünki bu, kriminalları gələcək hücumlara şirnikləndirə bilər.