Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Dövlət Departamenti Azərbaycanda din azadlığından nə deyir


Bakıda Aşura, 2016-cı il
Bakıda Aşura, 2016-cı il

Hesabatda deyilir ki, hakimiyyət ekstremist qrup hesab etdiyi, qeydiyyata almadığı Müsəlman Birliyi Hərəkatına bağlı fərdlərə qarşı hüquqi tədbirləri davam etdirib.

Azərbaycan insan haqları qruplarının fikrincə, hökumət dini fəallara qarşı fiziki zorakılıq, həbsdən istifadə edir, onları həbsə atır. 2020-ci ilin sonunadək həbsdə 41-48 dini fəalın saxlandığı bildirilir, onların bir qismi siyasi məhbus hesab olunur. ABŞ Dövlət Departamenti mayın 12-də “2020-ci ildə Beynəlxalq Din Azadlığı Hesabatı”nı təqdim edib.

Gəncə işi

Hesabatın Azərbaycana aid hissəsində ötən il ölkənin məhkəmə instansiyalarının 2018-ci ildə Gəncənin ovaxtkı icra başçısına hücum, daha sonra iki polis zabitinin öldürülməsi işinə, apellyasiya şikayətlərinə baxdığı vurğulanır. Hakimiyyət təqsirli bilinənləri şiə “ekstremist sui-qəsd”in tərkib hissəsi sayır, onların konstitusion quruluşu devirmək istədiklərini bildirir. Vətəndaş cəmiyyəti fəalları isə hökmlərin böyük hissəsini siyasi motivli hesab edirlər. Onlar Gəncə hadisələri ilə əlaqədar ilin sonunadək 43 nəfərin həbsdə olduğunu bildirir.

Hesabatda deyilir ki, hakimiyyət ekstremist qrup hesab etdiyi, qeydiyyata almadığı Müsəlman Birliyi Hərəkatına bağlı fərdlərə qarşı hüquqi tədbirləri davam etdirib. Vətəndaş cəmiyyəti və insan haqları fəalları isə hərəkat üzvlərinin həbsini siyasi motivli sayırlar.

Sənəddə dini icmaların qeydiyyat probleminə də toxunulur. Üzv sayı 50-dən az olan icmaların qeydiyyatına icazə verilmədiyi qeyd olunur. Hökumətin mövqeyincə, minimum sayı 50-dən aşağı salmaq ekstremizmin təşviqinə xidmət edər.

“Hökumət dini materialların idxalı, yayılması və satışına nəzarəti əlində saxlayıb. İyunda Cinayət Məcəlləsinə dəyişiklik olunub, “azadlığın məhdudlaşdırılması” cəza növlərinə əlavə edilib. Daha öncəki cəza növlərində hökumətin icazəsi olmadan dini kontentin dərci, yaxud yayılması üçün cərimə və həbs nəzərdə tutulurdu”, – hesabatda vurğulanır.

ABŞ tərəfi Azərbaycanla işləyir

Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, vətəndaşlar azlıqda olan, tarixən ölkədə mövcud olmuş “ənənəvi” dini qruplara dözümlü yanaşır, bəzən maliyyə dəstəyi göstərir. Bu sıraya yəhudilər, rus pravoslavlar, katoliklər daxildir. “Qeyri-ənənəvi” qruplara isə adətən şübhə və inamsızlıqla baxırlar.

Hesabatda o da qeyd olunur ki, Bakıdakı ABŞ səfiri və səfirliyin əməkdaşları QHT-lərin dini baxışlarına görə həbs olunduqlarını dediyi şəxslərin buraxılması üçün hökumət rəsmiləri ilə işləyirlər. Səfir və səfirlik əməkdaşları hökumət rəsmilərini daha kiçik dini icmaların qeydiyyatı ilə bağlı çoxdan mövcud olan məsələləri həll etməyə çağırırlar.

Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) bir müddət öncə Azərbaycan və Türkiyəni “din azadlıqlarının zorakı pozuntusuna” görə xüsusi nəzarət siyahısına daxil edib.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu deyirlər. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır.

Dünyadakı vəziyyət

Hesabatda Çin müsəlman uyğurlara və digər dini azlıqlara qarşı “soyqırımı” törətməkdə ittiham olunur.

Sənədi təqdim edən Dövlət katibi Entoni Blinken deyib ki, Çin, İran, Birma (Myanma), Rusiya, Nigeriya və Səudiyyə Ərəbistanı din azadlığını ən çox pozan ölkələrdir.

“Rusiya hakimiyyəti ekstremizmlə mübarizə bəhanəsi altında Yehova Şahidlərinin, eləcə də müsəlman azlıq qruplarının üzvlərini təqib edir, saxlayır, mülkiyyətini ələ keçirir”, – Blinken deyib.

İranda da dini azlıqların – Bəhailərin, xristianların, yəhudilərin, zərdüştilərin, sünnilərin və sufi müsəlmanların təzyiqlərə məruz qaldığı vurğulanır.

Dövlət Departamenti Çinin Sintzyan vilayətində 2 milyonadək uyğurun və digər müsəlman azlıq üzvlərinin həbs düşərgələrində saxlandığını bildirir. Çin isə ittihamları rədd edir, həmin mərkəzlərin təlim düşərgələri olduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG