Latviya I Dünya Müharibəsi zamanı ermənilərin Osmanlı imperiyasında qətliam edilməsini “soyqırımı” kimi tanıyıb.
Baltik ölkələrindən biri olan Latviyanın parlamenti mayın 6-da bu barədə qətnamə qəbul edib.
Qətnamənin leyhinə 100 millət vəkilindən 58-i səs verib.
Türkiyənin Xarici İşlər Nazirliyi bu qərarı “tarixin siyasi motivlərlə yenidən yazılması üçün qanuni qüvvəsi olmayan cəhd” adlandırıb.
İndiyədək dünyanın 30-dək ölkəsində hökumətlər və ya parlamentlər “erməni soyqırımını” tanıyan qərarlar qəbul ediblər.
ABŞ prezidenti Co Bayden aprelin 24-də “Erməni Soyqırımının Anım Günündə” etdiyi çıxışında da ABŞ prezidentləri arasında ilk dəfə olaraq “soyqırım” sözünü işlədib.
Ermənilər iddia edirlər ki, I Dünya müharibəsi ərzində və ondan dərhal sonra 1.5 milyon erməni qətliam edilib.
Osmanlı imperiyasının varisi olan Türkiyə 1915-ci ildə çox sayda ermənin öldürüldüyünü və deportasiya olunduğunu qəbul etsə də, ölüm rəqəminin dəfələrlə şişirdildiyində israr edir.
Latviya öz işğalından danışanda…
Türkiyə Xarici İşlər Nazirliyi mayın 6-da Latviya parlamentinin qəbul etdiyi qətnaməni qətiyyətlə pisləyən bəyanatla çıxış edib.
Nazirliyin bəyantında deyilir ki, 1915-ci ildə baş vermiş hadisələr beynəlxalq qanunlar çərçivəsində qəbul edilmiş “soyqırım” cinayətinin təfsirinə uyğun gəlmir.
Türkiyə XİN yazılı bəyanatında bildirlir:
“Bu qərar Latviyanın özünün işğal olunmasının 80-ci ildönümü ilə bağlı və öz tarixinin hadisələri barədə verdiyi bəyanata ziddir və ikili standartlara söykənir. Latviya o vaxt bəyan etmişdi ki, tarixi hadisələrə düzgün və ədalətli tərzdə yanaşma beynəlxalq münasibətlərin ön şərti olmalıdır”.
Anadolu agentliyi bildirir ki, Türkiyə Latviya parlamentini tarixdən düşmənçilik yaratmaq üçün uistifadə edən dairələrə xidmət göstərmək əvəzinə qəbul etdiyi qərarındamn geri çəkilməyə çağırıb.
Hulusi Akar latviyalı həmkarına zəng edib
Ötən ay ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini “soyqırım” adlandıranda, Türkiyə prezidenti Recep Tayyip Erdoğan bunun “əsassız, ədalətsiz və yüz il əvvəl baş vermiş ağrılı hadisələr barədə faktlara zidd hərəkət” olduğunu bəyan etmişdi.
Türkiyənin rəsmi mövqeyi belədir ki, 1915-ci il hadisələri baş verəndə ermənilərin bir hissəsi silahlanaraq işğalçı Rusiya qoşunlarına dəstək vermiş və Osmanlı qüvvələrinə qarşı qiyam qaldırmışdı.
Türkiyə tərəfi bildirir ki, bütün bunlar sonrakı qanlı hadisələri şərtləndirib.
Ankara bildirir ki, bu hadisələr “soyqırım” yox, hər iki tərəfə ağır itkilər gətirən faciə olub.
Mayın 6-da habelə Türkiyənin Müdafiə Nazirliyi bəyanat verib və bildirib ki, “biz Latviya parlamentinin qərarını rədd edirik və tanımırıq”.
Anadolu agentliyi yazır ki, müdafiə naziri Hulusi Akar Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabrikslə videobağlıntı vasitəsilə danışıb.
Bu da bildirlir ki, videodanışıqlar zamanı ikitərəfli, regional, müdafiə və təhlükəsizlik münasibətləri, habelə NATO ilə bağlı məsələlər müzakirə olunub.