Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:11

Makron: ‘Napoleon bizim bir parçamızdır’


Napoleonun məqbərəsində yadetmə mərasimi
Napoleonun məqbərəsində yadetmə mərasimi

Prezident Emmanuel Makron mayın 5-də Napoleon Bonapartın vəfatının 200-cü ildönümündə onun məqbərəsinə əklil qoyub.

Napoleon Fransa tarixində hələ bərkiməmiş Respublikanı devirən və imperiyasını genişləndirmək üçün Avropa boyunca qanlı müharibələr aparan tarixi şəxsiyyət kimi tanınır.

Makrondan əvvəlki prezidentlərin əksəriyyəti Fransanın ən ixtilafçı liderlərindən biri olan Napoleonun xatirəsini yad etməkdən çəkiniblər.

Lakin Sena çayının sahilində əsası Napoleon tərəfindən qoyulmuş Fransa İnstitutunda etdiyi çıxışda Makron deyib ki, tarixlə üzləşməkdən çəkinmək lazım deyil.

Napoleon bəziləri üçün hərbin dahisi, yenilikçi və milli qəhrəmandır. Bir başqaları isə onu imperialist, cahangir və quldar hesab edirlər.

Makron deyib ki, bu ildönümü qeyd olunmaq üçün yox, “maarifləndirici yadetmə” üçündür.

Reuters agentliyi yazır ki, Fransa prezidenti Napoleonun quldarlığı bərpa etmək qərarını “xəyanət” adlandırsa da, onu müasir Fransanın təşəkkülünə kömək etmiş şəxsiyyət kimi təqdir edib:

"Əgər möhtəşəmlik tarixin aşılanmasına tab gətirirsə, bu ona görə baş verir ki, həyat bizim hər birimizdə onun mərhəm əks-sədasını yaşadır. Napoleon bizim bir parçamızdır”.

Napoleon Bonapart
Napoleon Bonapart

“Yaşasın Fransa, yaşasın imperator!”

Napoleon 1799-cu ildə, monarxiyanı yıxmış, lakin yetkinləşməmiş demokratiyanı çevriliş yolu ilə devirərək hakimiyyətə gəlib.

Döyüş meydanlarındakı qələbələr onun qüdrətini Avropa boyunca yayıb. Lakin o Vaterlo döyüşündə britaniyalılara məğlub olub.

Fransa və İngiltərə Karib hövzəsində şəkər ticarətinə nəzarət uğrunda döyüşdükləri bir əsnada, Napoleon öz ölkəsində qadın hüquqlarını və Fransa müstəmləkələrində quldarlığın qadağanını ləğv edib.

Lakin usta inzibatçı olan Napoleon Fransanın Cinayət Məcəlləsini və prefekturalardan ibarət inzibati-ərazi bölgüsünü yaradıb, habelə bugünədək fəaliyyət göstərən lisey tipli dövlət orta məktəb sisteminin əsasını qoyub.

Mayın 5-də Napoleonun məqbərəsi qarşısına yığılmış pərəstişkarları “Yaşasın Fransa, yaşasın imperator!” şüarlarını səsləndiriblər.

Napoleonun məğlub olduğu Vaterlo döyüşü
Napoleonun məğlub olduğu Vaterlo döyüşü

Bir uşağın Ayaççodan başlanan yolu...

Fransanın ən gənc prezidenti Makron daha sonra çıxışında deyib:

"Napoleonun həyatı siyasi iradəyə yazılmış odadır. Bir uşağın Ayaççodan (Korsika adasında şəhər - red) başlanıb Avropanın hökmdarlığına gedən yolu göstərir ki, şəxsiyyət tarixin gedişatını dəyişə bilər”.

Reuters yazır ki, bu ildönümünün qeyd edilməsi prezident seçkisinə bir il qaldığı bir vaxtda dərin siyasiləşmə yaradıb.

Fransanın ifrat sağçı lideri və qarşıdan gələn seçkidə Makronun rəqibi olacaq Marin Le Pen prezidenti “Fransanın əbədi qəhrəmanının” irsini rəsmən qeyd etmədiyinə görə tənqid atəşinə tutub.

Əksinə ifrat solçu millət vəkili Aleksis Korbier deyib ki, “tariximizin ilk respublika təcrübəsini torpağa gömən bir şəxsə ehtiram göstərilməməlidir”.

Napoleon 51 yaşında Atlantik okeanındakı Müqəddəs Yelena adasında, sürgündə vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG