Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyəti bərpa olunub


Şəhla Hümbətova 2020-ci ildə ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatına layiq görülüb (Arxiv fotosu)
Şəhla Hümbətova 2020-ci ildə ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatına layiq görülüb (Arxiv fotosu)

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Şəhla Hümbətovaİradə Cavadovanın vəkillik fəaliyyəti bərpa olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti adları çəkilən şəxslərin vəkillik fəaliyyətinin dayandırılmasıyla bağlı qərarını dəyişib. Onların vəkilliyinə xitam verilməsilə bağlı məhkəmələrdə qaldırılmış iddialarlar da imtina olunub.

AzadlıqRadiosu-nun əldə etdiyi bu məlumatı Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov da AzadlıqRadiosuna təsdiqləyib.

“Bu gün Rəyasət Heyətinin iclasında bir neçə məsələyə baxıldı. O cümlədən İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyətinə xitam verilməsi üçün qaldırılan iddialardan imtina olundu. Ramazan bayramı ərəfəsində humanizm prinsiplərini rəhbər tutaraq, bu üç vəkilin fəaliyyətinin bərpasına qərar verildi”.

Nə baş vermişdi?

İradə Cavadovanın vəkillik fəaliyyəti 2018-ci ilin iyununda dayandırılmışdı. Vəkillər Kollegiyası 2019-cu ilin noyabrında Şəhla Hümbətova ilə bağlı da eyni qərarı vermişdi.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti onların vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmişdi.

Bu ilin martında Bakı İnzibati Məhkəməsi iddianı təmin etmişdi. Hümbətova həmin qərardan apellyasiya şikayəti vermişdi.

Hələ apellyasiya instansiyasının yekun nəticəsi olmadığından Hümbətova haqqında qərar da qüvvəyə minməmişdi.

Fəaliyyəti bərpa olunan digər vəkillər haqqında da hələlik qüvvəyə minmiş məhkəmə qərarı yoxdur.

Hümbətova və Cavadova Nardaran və Gəncə hadisələrində həbs olunanlar, bloger Mehman Hüseynov, tənqidçi jurnalist Seymur Həzi və bir sıra başqa fəalların hüquqlarını müdafiə ediblər.

Blinkenin tviti

Son illərdə Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları Kollegiyadan uzaqlaşdırılıb.

Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah ediblər. Ancaq Kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.

ABŞ Dövlət katibi Entoni Blinken də 26 mart 2021-ci ildə Şəhla Hümbətova ilə bağlı bəyanat vermişdi.

“2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, – Blinken tvitində yazmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG