Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:26

Navalnının müttəfiqləri seçkilərə buraxılmaya bilər


Moskvada Navalnıya dəstək yürüşü, 21 aprel, 2021-ci il
Moskvada Navalnıya dəstək yürüşü, 21 aprel, 2021-ci il

Sentyabrın 19-da seçki keçirilməlidir. Vahid Rusiyanın reytinqi tarixdə görünməmiş səviyyədə azalıb

Rusiyada bir qrup deputatın hazırladığı qanunvericilikdə “ekstremist, yaxud terrorçu” kimi tanınmış ictimai, dini qrup və təşkilatın üzvlərinin parlament seçkilərinə buraxılmaması təklif olunur.

Qanun layihəsi sentyabr seçkisi öncəsi parlamentin aşağı palatası olan Dövlət Dumasına təqdim olunub. Layihədə deyilir ki, belə təşkilatların sıravi üzvləri və liderləri məhkəmənin qadağanından öncə bir, yaxud üç il ərzində orada işləyiblərsə deputat seçilə bilməzlər.

Layihəyə görə, təşkilat qadağan olunmamışdan bir il müddətinə ona hər hansı formada yardım göstərmiş, maliyyə dəstəyi vermiş şəxslər üç il ərzində parlament seçkisinə buraxıla bilməz.

“Son bir ildə FBK-ya bircə qəpik vermisənsə...”

Bu günlərdə Moskvada prokurorlar həbsdə olan müxalifətçi Aleksey Navalnının Antikorrupsiya Fondunun (FBK), regional şəbəkəsinin və Vətəndaşların Hüquqlarını Müdafiə Fondunun (FZPQ) ekstremist təşkilatlar kimi tanınması üçün məhkəməyə müraciət ediblər. Moskva Şəhər Məhkəməsi mayın 17-də iddia üzrə qərar verməlidir.

Navalnının yaxın müttəfiqi Leonid Volkovun fikrincə, layihə məhz Kremlin tənqidçisinə, onun tərəfdarlarına, təşkilatlarının üzvlərinə qarşı hazırlanıb.

“Navalnıya qarşı çox qanun görmüşük, amma bu qədər sərti olmayıb. Əgər son bir ildə FBK-ya bircə qəpik vermisənsə, Dövlət Dumasına seçilə bilməzsən. Son üç il ərzində Navalnının komandasının koordinatoru işləmisənsə, Dövlət Dumasına seçilə bilməzsən. Layihəni sadəcə oxuyun, hər cümlədə qorxu var”, – Volkov Telegram-da yazıb.

Son səkkiz ayda Navalnıya təzyiq xeyli artıb. O, ötən avqustda Sibirdə zəhərlənib. 2011-ci ilin dekabrında Navalnı seçki saxtakarlığına qarşı etirazlara başçılıq edib. Seçkidə Kremlin nəzarət etdiyi Vahid Rusiya Partiyası üstünlük qazanıb. Bir il sonra isə dörd il baş nazir olmuş Vladimir Putin prezident vəzifəsinə qayıtdı.

“Məndən qorxurlar”

Sentyabrın 19-da seçki keçirilməlidir. Vahid Rusiyanın reytinqi tarixdə görünməmiş səviyyədə aşağı düşüb. Bir çox müşahidəçilər bunu Navalnı və həmkarlarına, eləcə də digər narazılara və müstəqil media orqanlarına təzyiqlərlə izah edirlər.

Navalnının digər müttəfiqi, FBK-nın hüquqşünası Lyubov Sobol sentyabrda seçkiyə getmək niyyətini açıqlayıb. O, AzadlıqRadiosu və “Amerikanın Səsi”nin birgə layihəsi olan “Current Time”a deyib ki, deputatların addımı “Vahid Rusiyanın zəifliyini göstərir”.

“Məncə, Kreml və Vahid Rusiya məndən qorxurlar. Onlar həmin qanun layihəsindən istifadə edərək Dövlət Dumasına seçkilərə qatılmağıma mane olacaqlar. Çünki bilirlər ki, qeydiyyata alınsam, seçiləcəyəm”, – Sobol deyib.

Volkov aprelin 29-da Navalnının regional şəbəkəsinin buraxıldığını elan edib. Məqsəd əməkdaşları cinayət təqibindən qorumaqdır.


Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG