Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

Xudayar Yusifzadənin yaxınları istintaqa cəlb edilib


Fuad Rəsulzadə
Fuad Rəsulzadə

Sosial şəbəkə fəalı Fuad Rəsulzadənin döyülməsi ilə əlaqədar CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Söhbət 44 günlük İkinci Qarabağ müharibəsində həlak olmuş Xudayar Yusifzadəni təhqir etməkdə suçlanan Rəsulzadənin aprelin 28-də axşam saatlarında bir qrup şəxsin hücumuna məruz qalmasından gedir. Onun döyüldüyünü əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Yaxınlarının bildirdiyinə görə, döyülmə nəticəsində o, ciddi xəsarət alıb, başına dörd tikiş qoyulub.

"Hadisənin baş verdiyi ərazi üzrə - Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxslər müəyyənləşdirilib. Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir", – nazirliyin məlumatı belədir.

Rəsulzadə niyə döyülüb

Hadisəyə 2021-ci ilin martında Twitter-də bir istifadəçinin Yusifzadə haqqında yazdığı "Xudayar çoxdandı təzə mahnı buraxmır" paylaşımı səbəb olub. Bu paylaşım ətrafında müzakirələr zamanı Rəsulzadə paylaşımın ideyasının ona məxsus olduğunu qeyd edib. Bundan sonra qəzəb ona yönəlib, Yusifzadəni təhqir etməkdə suçlanıb.

Yayılan videogörüntülərdə də Rəsulzadəni döyən şəxslər "şəhidin adına söz çıxarmağın cəzası bilirsən nədir?" deyirlər.

1998-ci il təvəllüdlü Xudayar Yusifzadə 22 oktyabr 2020-ci ildə Zəngilan uğrunda döyüşlərdə həlak olub. O, müharibə dövründə başqa hərbçi yoldaşlarının əhatəsində "Vətən yaxşıdır" mahnısını ifa edərkən çəkilmiş görüntülərlə məşhurlaşıb. Məlum olub ki, Yusifzadə yeniyetmə yaşlarında Bərdədə musiqi məktəbində xanəndəlik təhsili alıb.

Yusifzadənin anasının dedikləri

Yusifzadənin anası Radə Qurbanova bildirib ki, Rəsulzadənin döyülməsinə özü göstəriş verib.

"Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm. Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin. Hələ mən uşaqlarımdan narazıyam ki, onun o barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin", – Qurbanova olke.az-a açıqlamasında belə deyib.

Azərbaycanın cinayət qanunvericiliyində bir qrup şəxs tərəfindən xuliqanlığa görə 2 ilə qədər islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG