Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:13

2025-ci ilin iş dünyası belə olacaq


Ofis
Ofis

"The Financial Times" qəzeti yazır ki, 2025-ci ildə iş dünyası çoxumuz üçün daha çevik və inklüziv, bəzilərimiz üçünsə daha etibarsız yer olacaq.

COVID-19 pandemiyası başlayana qədər iş bazarında özünə yer tapmış bacarıqlı peşəkar kadrlar 2025-ci ilədək "hibrid" iş yerinin üstünlüklərindən bəhrələnə biləcəklər. Çoxu həftənin bir-iki gününü evdən işləyə biləcək. Daha bilavasitə ofisdə olmaq vacib sayılmadığı üçün qadınlar uşaq dünyaya gətirəndən sonra da karyeralarını qoruyub saxlaya biləcəklər.

Qəzəbli gənclər

İş yerlərində gender bərabərliyi sahəsində irəliləyiş olacaq. Məsafədən işləməyin normallaşması inkişaf etməkdə olan ölkələrdə istedadlı və bacarıqlı insanlara zəngin ölkələrdəki şirkətlərdə işləmək imkanı verəcək.

Ancaq güclü nizamlama olmasa, 2025-ci ildə bir çox insan üçün iş dünyası daha da pis yerə çevriləcək. Pandemiyadan sonrakı illər ərzində işsizlik səviyyəsinin yüksək qalması gənc və az bacarıqlı işçiləri çətin vəziyyətdə qoyacaq. Şirkətlər özək heyəti qoruyub saxlayacaq, onlar üçün yaxşı şərait yaradacaq. Orta və aşağı səviyyəli vəzifələrə isə get-gedə daha çox müvəqqəti işçilər və frilanserlər cəlb ediləcək.

Gənclərin işi daha da çətinləşəcək, çünki onlara təlim və təqaüd verib təkmilləşdirmək istəyən iş yerləri tapmaq çətin olacaq. Qəzet yazır ki, 2025-ci ildə onlar çox qəzəbli olacaqlar.

Yaponiya

Jurnalist Yukio İsidzuka qeyd edir ki, evdən işləməyin trendə çevrildiyi pandemiya dövrü ənənəvi yapon iş tərzinin süqutunun katalizatoru olub.

Yapon pivə istehsalçısı "Kirin Holdings" oktyabrda 4 minədək işçisinə yolpulu verməyi dayandıracağını bildirib. Bu məbləğ ayda 3 min yen (29 dollar) idi. Şirkət məsafədən iş sisteminə keçəcək. Əlbəttə, bu, məsafədən işləməsi mümkün olmayan işçilərə aid deyil.

İsidzuka yazır ki, yapon şirkətləri ənənəvi iş tərzinin səmərəsiz olduğunu anlasalar da, onu dəyişməyə tələsmirdilər. Pandemiya bu işi sürətləndirib.

"Məsafədən iş əməkdaşların əhvalını yüksəldib, çünki onlar istədikləri kimi işləyə bilirlər", –"Kirin" şirkəti bildirib.

İndi yapon şirkətlərinin diqqəti Avropa və Amerikada çox yayılmış tapşırıqyönlü iş tərzinə fokuslanıb. Yaponiyanın "Hitachi", "Fujitsu", "Shiseido" və "Sompo Japan" kimi iri şirkətləri bu rejimə keçəcəklərini deyirlər.

Yaponiyada baş verməkdə olan bir maraqlı proses də əhalinin azalmasıdır. 2020-2025-ci illər arasında əhali sayının 2.36 milyon, 2030-cu ilə qədərsə 8.98 milyon nəfər azalacağı gözlənilir. Bu o deməkdir ki, 10 il ərzində Yaponiyadan Londonun əhalisi qədər əhali yoxa çıxacaq.

Süni zəka

Qəzetin redaktorlarından Cillian Tett isə yazır ki, 2025-ci ilədək süni zəka dünya maliyyəsini formalaşdıran əsas qüvvə olacaq. Bu isə bu yeni sferada dominant olmağa çalışan şirkət və regionlar arasında güclü rəqabətə yol açacaq.

O hesab edir ki, Çinin aparıcı rol oynayacağına, demək olar, heç bir şübhə yoxdur. "Ant Financial" kimi şirkətlər artıq süni zəka ilə işləyən maliyyədə erkən təşəbbüslərini göstərməkdədirlər. Ölkənin məlumat bazalarının miqyası bu işdə çox böyük rol oynayıb.

"Amazon" kimi şirkətlərin də bu sahəyə gəlmək istəyəcəyi gözlənilir. "Ən böyük rəqabət döyüşü sadəcə banklar arasında deyil, maliyyə və texnologiya qrupları arasında olacaq", - məqalədə deyilir.

Kimin qalib gələcəyi isə nizamlayıcıların atdığı addımlardan asılı olacaq. Nəzəri olaraq, yeni dünya daha çox səmərəlilik, sürət və ucuz kapital gətirməlidir. Praktikada isə o, təmərküzləşməni artıra, sosial qərəzi dərinləşdirə bilər.

Qəzetin şərhçisi Makoto Kacivara isə qeyd edir ki, ötən ilin iyul-sentyabr ayları arasında ABŞ-da qeydiyyatdan keçmiş şirkətlərin sayı 77% artaraq 1.57 milyona çatıb. Bu, daha çox pandemiyadan usanmış insanların öz bizneslərini açmaq istəməsi ilə bağlıdır. Bundan beş il sonra onların bəziləri azı 1 milyard dollar dəyəri olan iri şirkətlərə çevrilə, üstəlik, səhmlərini satışa çıxara bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG