Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:22

Prezident: '...Bu, sonuncu xəbərdarlıqdır'


İ.Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında.
İ.Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında.

"Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır".

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 26-da prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşündə bildirib.

Prezidentin əlavə etməsinə görə, əgər bir daha buna oxşar cəhd göstərilərsə, qarşı tərəf cavabsız qalmayacaq: "Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.

Azərbaycan Dövlət Sərhəd Xidməti bir müddət əvvəl məlumat yaymışdı ki, aprelin 21-də Zəngilan rayonunun Seyidlər kəndində yerləşən bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.

Həmin vaxt AzadlıqRadiosunun erməni xidməti isə Dağlıq Qarabağdakı tanınmayan qurumun Azərbaycanı "təxribatçı və aqressiv" hərəkətlərə görə pislədiyi haqqında xəbər vermişdi. Həmin məlumatda iddia olunurdu ki, Azərbaycanın silahlı qüvvələri aprelin 20-də Xankəndi, eləcə də Əsgəran rayonunun Şoş və Mxitaraşen məntəqələri istiqamətində atəş açıblar.

Prezident İ.Əliyev aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olub. Azərbaycan dövlət başçısı son aylar işğaldan azad edilən bölgələrə tez-tez səfərlər edir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Bir aydan çox davam edən bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG