Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:38

Məzahir Pənahov yenidən MSK sədri seçilib


MSK sədri M.Pənahov və prezident İ.Əliyev

Bu gün, aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri müəyyən edilib.

MSK-nın yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən bu qurumun sədri seçilib.

MSK-nın yeni tərkibi də, əsasən, elə köhnə üzvlərdən ibarətdir.

+++

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyini təsdiq edib.

Parlamentin bu gün, aprelin 27-də keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

M.Pənahov Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizəd göstərilib. O, 2000-ci ildən bu vəzifəni tuturdu.

Qərar layihəsi qəbul edilib. Prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

MSK-nın 18 üzvü olur. Onların 6-sı hakim partiyanın, 6-sı parlamentdəki azlığın, 6-sı da parlamentdəki bitərəflərin payına düşür. MSK tərkibi 5 ildən bir müəyyən edilir.

Parlamentdən kənarda qalan bir sıra müxalifət partiyaları isə MSK-nın belə formalaşmasını düzgün saymırlar. Onlar deyirlər ki, Azərbaycanda seçkilər saxtalaşdırıldığından əsas müxalifət partiyaları həm parlamentdən, həm də seçki komissiyalardan kənarda qalırlar. Həmin partiyaların təklifinə görə, komissiyalardakı yerlər müxalifətlə hakimiyyət arasında paritet əsaslarla bölüşdürülməlidir.

MSK rəhbərliyi və hakimiyyət təmsilçiləri isə seçkilərin saxtalaşdırılması ilə bağlı deyilənləri əsassız sayırlar. M.Pənahov elə aprelin 27-də keçirilən iclasda deyib ki, Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb.

XS
SM
MD
LG