Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

'Hökumət korrupsiya ilə mübarizə aparmaq istəyirsə...'


Korrupsiya. Foto illüstrasiya
Korrupsiya. Foto illüstrasiya

Dünən, aprelin 22-də Bakıda "Yeni klinika" tibbi müəssisəsinin baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev həbs edilib. Həbs olunanların sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov və sözügedən tibb müəssisələrinin daha bir neçə əməkdaşı da var. Onlar, əsasən, rüşvət əvəzində koronavirus xəstələrini stasionar müalicə üçün klinikaya qəbul etməkdə ittiham olunurlar. İttihamlara onlardan və vəkillərindən, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda korrupsiya iddiası..
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Bəzi ekspertlər və kütləvi informasiya vasitələri bunu artıq korrupsiya ilə mübarizənin yeni dalğası kimi qiymətləndirib. Ölkədə həqiqətənmi korrupsiya ilə mübarizə aparılır? Ümumiyyətlə, bütün bunlar nəyin göstəricisidir?

Prezident: "Bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir"

Ölkədə korrupsiya ilə mübarizə aparılması haqqında prezident İlham Əliyev dəfələrlə danışıb. Hələ ötən il avqustun 24-də o, yeni təyin olunmuş Biləsuvar, Saatlı rayon icra hakimiyyətləri başçılarını qəbul edərkən bildirmişdi ki, korrupsiya və rüşvətxorluqla mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır: "Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir".

E.Məmmədov
E.Məmmədov

"Korrupsiyaya və rüşvətə müharibə elan eləmişik"

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da "Turan"a bildirib ki, indi Azərbaycanda korrupsiya ilə mübarizə aparılır: "Cənab prezidentimiz elan etdiyi kimi, biz korrupsiyaya və rüşvətə müharibə elan eləmişik. Yəni, Azərbaycanda bu sahədə işlər görülür, vaxtaşırı da bu barədə məlumatlar verilir".

Deputatın sözlərinə görə, birdən-birə bu problemin kökünü kəsmək qeyri-mümkündür: "Elə bir dövlət, elə bir ölkə tapmaq olmaz ki, orada rüşvət, korrupsiya məsələsi olmasın. Bu, bütün dünyaya yayılmış və çox qədim tarixə malik olan problemdir".

Ən çox rüşvətdə ittiham olunan dövlət idarələri: Rəsmi siyahı
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Lakin komitə üzvü hesab edir ki, bunun qarşısını almaq üçün tədbirlər görülür: "Mübarizədə müxtəlif üsullardan istifadə olunur. Bunlar təkcə həbsdən ibarət deyil. Başqa mübarizə üsulları da var - təbliğat, tərbiyə, cürbəcür qadağalar, kadr və struktur islahatları. Məsələn, dünən (aprelin 22-də) bir neçə nəfər həbs olundu, bu barədə məlumat getdi. İndi digərləri bundan nəticə çıxarmalıdırlar ki, belə işlər görmək olmaz".

"Rüşvət verən də, rüşvət alan da eyni məsuliyyət daşıyır"

E.Məmmədovun fikrincə, bu məsələdə ictimaiyyət də düzgün mövqe tutmalıdır: "Rüşvət verən də, rüşvət alan da eyni məsuliyyət daşıyır. Rüşvət verməmək məsələsi də vətəndaşlar tərəfindən gündəmdə olmalıdır. Hərdən görürsən ki, vətəndaş, bu xəstələrin sahibləri kimi, müəyyən səbəbdən pul verməyə məcbur olur, əlacsızlıqdan bu yola gedir, bəzən canını hansısa cinayətdən qurtarmaq üçün bu yola əl atır. Bəzən rüşvəti məqsədli verir ki, getsin haradasa işləsin, sonra özü də verdiyi rüşvəti çıxarmaq üçün başlasın rüşvət almağa. Hesab edirəm ki, bu bəlanın kökünü kəsmək üçün hər kəs həyatda düzgün mövqe tutub prinsipiallıq göstərməlidir".

N.Cəfərli
N.Cəfərli

"Korrupsiya daha böyük anlayışdır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda tez-tez məişət səviyyəsində rüşvəti korrupsiya ilə səhv salırlar: "Korrupsiya daha böyük anlayışdır".

O hesab edir ki, Azərbaycanda əsas problem büdcə korrupsiyasıdır: "Yəni, büdcədən ayrılan vəsaitlərə nəzarət məsələsidir. Əsas korrupsiya mənbəyi oradadır və əsas hədəf də həmin korrupsiya ilə mübarizə olmalıdır. Hökumət korrupsiya ilə mübarizə aparmaq istəyirsə, hədəf oradadır".

N.Cəfərli qeyd edib ki, büdcədən ayrılan vəsaitlərin həcmi, tenderlər, dövlət satınalmaları ilə bağlı kifayət qədər şəffaf məlumat verilməlidir: "Əsas problem oradadır".

Qardan korrupsiya 'iyi' gəlir? - Bakı iflic oldu
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

"Əsas məsələlər büdcə şəffaflığı və ədalətli məhkəmə…"

İqtisadçı vurğulayıb ki, məişət səviyyəsində rüşvət də neqativ haldır: "Bununla da mübarizə aparılmalıdır və müəyyən tədbirlər görülməlidir. Amma ümumilikdə götürəndə Azərbaycan hökuməti korrupsiyaya ilə mübarizə aparmaq istəyirsə, əsas məsələlər büdcə şəffaflığı və ədalətli məhkəmə sistemidir".

O deyir ki, dünyanın heç bir yerində korrupsiyaya ilə mübarizə aparılarkən məhkəmə sistemindən yan keçmək mümkün olmayıb: "Bu gün ən korrupsiyasız sayılan ölkələrdən biri Sinqapurda ilk atılan addım məhkəmə islahatları oldu, sonra korrupsiya ilə mübarizə kəskinləşdi və cəza mexanizmi yaradıldı".

İqtisadçının qənaətincə, Azərbaycanda korrupsiya ilə mübarizədə vəziyyət ürəkaçan deyil: "Hətta tender qanunvericiliyinin özünün tələbləri zaman-zaman pozulur. Həmin qanunvericilikdə ən vacib müddəalardan biri şirkətlərin təcrübəsi məsələsidir. Onların müəyyən təcrübəsi olmalıdır, amma biz görürük ki, iki-üç həftə əvvəl yaradılmış, nizamnamə kapitalı cəmi 10 manat olan, eyni ünvanda bir neçə adla qeydiyyatdan keçən şirkətlər dövlət satınalmalarında iştirak edib "qalib" olurlar".

N.Cəfərli əlavə edib ki, hətta rəsmi orqan olan Hesablama Palatasının hesabatlarında büdcə vəsaitlərinin qeyri-şəffaf xərcləməsi ilə bağlı göstərilən faktlar bəzən cinayət işlərinin açılmasına səbəb olmur: "Bu özü bir nonsensdir".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG