Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 17:11

Azərbaycan 30 min avro cərimələndi


AİHM

Azərbaycan 30 min avrodan çox təzminat ödəyəcək.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını elan edib.

Bəxtiyar Hacıyev

Onlardan biri ictimai fəal Bəxtiyar Hacıyevin işidir.

Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağalı AzadlıqRadiosuna deyib ki, "Bəxtiyar Hacıyev Azərbaycana qarşı" işində AİHM onun azadlıq və toxunulmazlıq hüququna müdaxilə olduğuna qərar verib: "Qərara əsasən, ərizəçiyə ümumilikdə 12 min 850 avro təzminat ödəniləcək. Bu iş ərizəçinin 2011-ci ildə Gəncə şəhərində polis idarəsində saxlanması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlı idi...".

Əvəz Zeynallı

Daha bir iş isə jurnalist Əvəz Zeynallı ilə bağlı olub.

X.Ağalı deyib ki, jurnalistə münasibətdə də Avropa Konvensiyasinin bir neçə maddəsinin pozuntusuna yol verildiyi qeyd edilib. Qərara əsasən, hökumət ümumilikdə 13 min avro təzminat ödəməlidir.

Ə.Zeynallı deputat Gülər Əhmədova və digər iddiaçıların şikayəti əsasında zorla pul tələb etmək ittihamı ilə tutulub. 2011-ci ildə külli miqdarda rüşvət alma, vergidən yayınma və başqa ittihamlarla 9 il həbs edilib. 2014-cü ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxan jurnalist ittihamları qəbul etməyib.

Elçin Həsənov

X.Ağalının bildirməsinə görə, növbəti "Elçin Həsənov Azərbaycana qarşı" işində AİHM onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət ona 7 min 500 avro təzminat ödəməlidir.

"Həsənov Azərbaycana qarşı" işində ərizəçi şikayət edib ki, dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları onu saxlayıb və döyüblər: "2008 il dekabrın 14-də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Gənc Türklər Təşkilatı həbsdə olan jurnalistlərin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Bakının Nizamı küçəsində "Azadlıq" qəzetinin pulsuz paylanması aksiyasını keçirməyə cəhd göstəriblər. Aksiyanın qarşısı alınıb. Bir neçə jurnalist, o cümlədən E.Həsənov 39-cu polis bölməsinə aparılıblar. E.Həsənovun sözlərinə görə, o, bölmədə fiziki və mənəvi zorakılıqlara məruz qalıb...".

Qərarlara, hələlik, Azərbaycanın rəsmi qurumlarından və başqa aidiyyəti şəxslərdən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG