Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Rusiya ABŞ sanksiyalarına cavab tədbirlərinə başlayır


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 16-da deyib ki, Moskva Rusiyadakı 10 ABŞ diplomatından ölkəni tərk etmələrini tələb edib.

Bundan bir gün əvvəl ABŞ Rusiyanın 10 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.

ABŞ prezidenti Co Baydenin fərmanında deyilirdi ki, Moskva Amerika seçkisinə müdaxilə cəhdlərinə, kiberhücumlara və başqa ziyanlı hərəkətlərə görə cəzalandırılır.

Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ diplomatlarının ölkədən çıxarılması Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına cavabdır.

Prezident Co Bayden aprelin 15-də verdiyi fərmanla Rusiyanın bir neçə şirkətini qara siyahıya salıb.

Rusiyaya qarşı sanksiyalarda ən önəmli yerlərdən birini ABŞ banklarına Rusiyanın dövlət borcu bondlarının alqı-satqısında iştirakın qadağan edilməsi tutur.

Lavrov bunu da deyib ki, prezident Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov ABŞ-ın Moskvadakı səfiri Con Sullivana “ciddi məsləhətləşmələr” üçün Vaşinqtona qayıtmağı tövsiyə edib.

Rusiyanın ABŞ-dakı səfiri ötən ay, Co Bayden Putinin qatil olduğuna inandığını dedikdən sonra məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.

Moskvanın sərt tədbirləri

Lavrov bunu da deyib ki, Moskva Rusiyada ABŞ-ın biznes maraqları üçün ağrılı olacaq tədbirləri nəzərdən keçirir və 8 ABŞ rəsmisini sanksiya siyahısına salır.

Rusiya xarici işlər naziri bunu da bildirib ki, Moskva ölkənin daxili işlərinə qarışan ABŞ fondlarının və qeyri-hökumət təşkilatlarının Rusiyadakı fəaliyyətinə son qoymağı planlaşdırır.

Rusiya XİN bəyan edib ki, Varşavanın Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskvadakı Polşa səfirliyinin 5 əməkdaşını persona non grata elan edib.

Moskva bildirib ki, ABŞ-ın 8 indiki və keçmiş yüksək vəzifəli rəsmilərinin Rusiyaya girişi qadağan olunacaq.

Xəbər verilir ki, bunların arasında FTB-nin direktoru Kristofer Rey, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Avril Heyns, ABŞ baş prokuroru Merik Qarland və daxili təhlükəsizlik naziri Alexandro Mayorkas da var.

ABŞ prezidenti Co Bayden aprelin 15-də Rusiyaya sanksiyalar elan etməklə yanaşı bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər istəyir.

O habelə qeyd etmişdi ki, ABŞ və Rusiyanın birlikdə işləyə biləcəkləri sahələr var. Bayden Putinə yaxın aylarda üçüncü bir ölkədə görüşmək təklifi etmişdi.

Lavrov deyib ki, Moskva Baydenin təklifini götür-qoy edir.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Baydenin Putinlə görüşmək istəməsini müsbət qiymətləndirdiyini demişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG