Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Günel Həsənli hüquq-mühafizə orqanlarından narazıdır


Günel Həsənli
Günel Həsənli

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır. Onun özü də, yaxınları da hesab edir ki, dövlət orqanları cinayətkar(lar)ı ortaya çıxarıb cəzalandırmaqda maraqlı deyil.

"Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Yasamal və Xətai rayonlarının həm prokurorluğuna, həm də polis idarəsinə şikayətlər göndərilib. Heç birindən rəsmi cavab gəlməyib. Xətai rayonu, 37-ci polis bölməsinə aprelin 3-də ərizə verilib, aprelin 7-də iş oradan Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. Orada təhqiqatçıdadır. Təhqiqat müddəti 10 gündür. İki gün sonra müddət başa çatır, amma heç bir nəticə yoxdur", - Həsənli ailəsindən AzadlıqRadiosuna bildirilib.

"... deyəcəklər ki, kamera görüntüləri yoxdur"

Milli Şura sədrinin qızı şikayətlərində atasının siyasi fəaliyyətinə görə təxribata məruz qaldığını vurğulayıb. O, özünü Allahverdiyev Mahir Nizami oğlu kimi təqdim edən şəxslə görüşdüyü binanın girişində, restoranlarda olan videokameraların görüntülərinin alınıb araşdırılmasını, bir nüsxəsinin də ona təqdim olunmasını istəyib: "Şikayətlərdə bu təxribatın birbaşa iştirakçısı ilə yanaşı, onu quranların hamısının müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Uşaqların telefonlarına (Günel Həsənlinin övladları-red.) intim xarakterli videoları göndərən şəxslərin də müəyyənləşdirilib cəzalandırılması tələbi şikayətdə əksini tapıb. Proseslərin gedişi göstərir ki, heç nə eləmək istəmirlər. Bir müddət sonra gəlib deyəcəklər ki, kamera görüntüləri yoxdur, silinib...".

"Araşdırma aparılır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, Günel Həsənlinin müraciəti əsasında araşdırma gedir: "Müraciət edib, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə özünə məlumat veriləcək. Əlavə şərhim yoxdur".

AzadlıqRadiosu Günel Həsənlinin şəxsi həyatı ilə bağlı videolarda adı keçən və Mahir Allahverdiyev kimi təqdim olunan şəxslə əlaqə saxlayıb. O, ünvanına səslənən ittihamlarla bağlı suala belə cavab verib: "Sizə kim ixtiyar verib bu nömrəni yığmağa? Qarşı tərəf deyirsizsə, hüquq-mühafizə orqanları var. Ora şikayət eləyiblər, Allah qoysa, açıqlama olacaq. Nə dəqiqədə bir məni yığırsız? Sizin kimi 300 nəfər yığır. Sağ olun...".

Martın 29-da sosial şəbəkələrdə Günel Həsənlinin şəxsi həyatına aid videolar yayılıb. Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri ölkə rəhbərliyinin sifarişi ilə xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribat kimi qiymətləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG