Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:06

'Heminquey' – özü kimi mürəkkəb film


Ernest Heminquey Madriddə. 1960
Ernest Heminquey Madriddə. 1960

Ken Börns məkanlar, insanlar və hətta müharibələr haqqında sənədli filmlər çəkib. Onun son filmi Linn Noviklə birgə çəkdiyi "Heminquey" (Hemingway) filmidir. Altı saatlıq film Heminqueyin müharibəli və keşməkeşli həyatını əks etdirir.

Filmdə Heminqueyi Ceff Deniels səsləndirir, onun məktublarını, əsərlərindən parçaları oxuyur. CNN yazır ki, bu səs yazıçının verdiyi mesajların sadəliyini layiqincə çatdıra bilir. Filmin bəzi yerlərində yazıçının kitablarından uzun parçalar oxunur. Heminqueyin dörd həyat yoldaşından söhbət gedən hissələrdə bu parçaları aktrisalar, o cümlədən Meril Strip oxuyur.

Heminquey olmaq

"Heminquey olmaq çox yorucu olub", – yazıçı Maykl Katakis deyir. O daha əvvəl demişdi ki, "insanın (Heminqueyin) özü mifdən daha maraqlıdır".

Sənədli film xırda maraqlı detallarla doludur. Heminqueyin "Əlvida, silah!" romanının finalını tam bəyənmədiyi üçün əsərin 47 versiyasını yazması bu detallardan biridir. Filmdə, bundan başqa, "Günəş də doğur" (Fiesta) romanının qəhrəmanlarının real həyatdakı prototiplərindən və yazıçının redaktoruna yazdığı məktubda ara-sıra irqçi ifadələr işlətməsindən də söz açılır.

Heminqueyin şəxsi həyatına gəldikdə isə, filmdə onun valideynləri ilə münasibətlərinə toxunulur. Yazıçı atasını intihar etdiyi üçün "qorxaq" adlandırmış, ancaq sonradan özü də onun kimi davranmışdı. Filmdə Heminqueyin uşaqlarından da söz açılır və onlardan biri, Patrikin müsahibəsi də verilir.

Heminquey jurnalist kimi müharibələri işıqlandırmış, Paris, Afrika və Kubada xeyli vaxt keçirmişdi. Yerli əhali onu məlumatlandırmış, yaradıcılığına təsir göstərmişdi. Bütün bunlar filmdə öz əksini tapıb.

"Qatı Amerika yazıçısı"

Piter Koyotun səsləndirdiyi sənədli filmdə Ernest Heminqueyin Amerika ədəbiyyatını yenidən yaratdığı vurğulanır. Əlbəttə, bu onun kobudluğuna, insanlar, xüsusən də yaxınları ilə pis davranmasına haqq qazandıra bilməz.

"Qurdlar səni yeyib bitirəndən xeyli sonra da insanlar mənim yazdıqlarımı oxuyacaqlar", -Heminquey həyat yoldaşlarından birinə, müharibə müxbiri Marta Gellhorna deyib. Bu onun mürəkkəb xarakterinin bir hissəsi olan kobudluğunun bariz nümunəsidir.

Heminquey gənc yaşlarında elə bir başgicəlləndirici uğur qazanıb ki, onun həyatının son aktı xüsusilə faciəvi görünür. Nadir videoda əks olunmuş görüntülərdə onun müsahibəyə verilmiş cavabları durğu işarələri ilə birlikdə oxuduğunu görürük.

Jurnalist Edvin Nyuman öz nekroloqunda Heminqueyi "qatı Amerika yazıçısı" adlandırır.

PBS rejissor Börnsün işinə həddindən artıq etibar etdiyi üçün tənqidə tuş gəlib. Ancaq CNN yazır ki, Börns, Novik və yazıçı Ceffri Ç. Uord üçlüyünün yaratdığı detallı "karkas" onlara tarixi proqramlar sahəsində qızıl standart reputasiyası qazandırıb.

Amerikalı olmaq

Bu günlərdə çoxlu sənədli seriallar çıxsa da, bu qədər zəngin həyatı altı saatın içinə yerləşdirmiş "Heminquey"in öz yeri var.

Film ilk dəfə 5 - 7 aprel tarixlərində PMS kanalında yayımlanıb.

Heminquey ilə bağlı həm oxucuların, həm də ədəbi tənqidçilərin razılaşdığı bir məqam varsa, o da onun əsərlərində işlətdiyi dillə bağlıdır. Heminqueyin tərzi (qısa, eyhamlı, lakonik və sərt) Amerika ədəbiyyatına ritm və ton gətirib. Bu, bir növ blüz və cazın Amerika musiqisinə dünya kimliyi qazandırmasına bənzəyir. Heminqueyin həm əsərlərindəki, həm də həyatdakı tərzi dünya oxucularına amerikalı olmağın nə demək olduğunu göstərir.

Kim bilir, bəlkə də Heminqueyin 1920-ci illəri əks etdirən romanları bu onillikdə yenidən diqqət mərkəzində olacaq. CNN yazır ki, post-COVID dövrünün, "ispan qripi"ndən sonrakı 1920-ci illər kimi, dəli və vəhşi (bir növ "Böyük Getsbi" romanındakı kimi) olacağını düşünənlər var. Hətta Heminqueyin 1940-cı illərdə İspaniyada vətəndaş müharibəsi (1936 – 1939) haqda yazdığı "Əcəl zəngi" romanı ilə post-pandemiya dövrünün ABŞ cəmiyyəti arasında oxşarlıqlar axtaranlar da var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG