Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:35

ATƏT-in Minsk qrupu gəlsin, gəlməsin…


Prezident İ.Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edir. 12 dekabr 2020

Aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verərək regiona qayıtmağa hazır olduqlarını bildiriblər. Onlar atəşkəsin möhkəmlənməsindən məmnun qaldıqlarını qeyd ediblər.

Həmsədrlər tərəflərə narahatlıq doğuran sahələrin həlli, uzunmüddətli sülh məqsədilə əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüquqa uyğun geri qaytarılmasını vacib sayıblar.

Eyni zamanda, münaqişə bölgələrinin minalardan təmizlənməsi üçün bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi, birbaşa təmasların və əməkdaşlığın inkişafı kimi əlavə səylərin tələb olunduğunu vurğulayıblar.

Yekunda Minsk qrupu həmsədrləri onların müşahidəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.

İlham Əliyev: "İskəndər" raketi ilə bağlı Rusiyadan cavab gözləyirik
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Azərbaycan prezidentinin dedikləri...

Azərbaycan prezidenti İlham Əliyev isə hələ ötən ilin dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən demişdi ki, ölkəsi 30 ilə yaxın davam edən münaqişəni həll edib. Prezidentin vurğulamasına görə, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb: "Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi...".

Bu il aprelin 13-də də İ.Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda suallara cavab verərkən bildirib ki, Minsk qrupunun tərkibi və daxili münasibətlər həmişə onların prioriteti olub: "Əvvəla, biz həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm".

İ.Əliyev vurğulayıb ki, onlar bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər: "Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar...".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Azərbaycanla Ermənistanı bir səviyyədə görürdülər"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a deyib ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görməyib, danışıqdan irəli gedə bilməyib: "Başa düşürük, mürəkkəb məsələdir, onlar da guya beynəlxalq normalar çərçivəsində hərəkət edirlər, hər iki tərəfi razı salmağa çalışırlar. Amma burada hər iki tərəf söhbəti yoxdur. Bu tərəflərdən biri işğalçıdır, biri isə torpaqları işğal olunan. Təəssüf ki, ATƏT, bir sıra Avropa ölkələri məsələyə bu müstəvidə baxmır. Az qala Azərbaycanla Ermənistanı bir səviyyədə görürdülər bu müzakirələrdə".

"Fransa və ABŞ isə oyundan kənardadır"

S.Rüstəmxanlının sözlərinə görə, Azərbaycan ordusu beynəlxalq hüquq normaları çərçivəsində torpaqları işğaldan azad edib: "ATƏT-in Minsk qrupunun üç ayağı var. Onlardan biri olan Rusiya mövqeyi tam itirilməsin deyə, müəyyən mesajlarla – bomba, "İskəndər" mesajları ilə "Dağlıq Qarabağdan bütöv erməniləri çıxara bilməzsiniz" deyib, müxtəlif bəhanələrlə sülhməramlıları bura göndərib. Halbuki, Azərbaycanın orada yaşayan dinc əhalini çıxarmaq niyyəti yox idi. Minsk qrupunun ayaqların digər ikisi – Fransa və ABŞ isə oyundan kənardadır və hökmən istəyirlər ki, bura gəlib Rusiyaya qoşulsunlar".

Keçmiş nazir İskander raketini Azərbaycana kimin atdığını açıqlayır
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Deputatın fikrincə, məsələnin praktiki tərəfi həll olunub: "Azərbaycan ordusu göstərdi ki, ATƏT olmasa da, biz torpaqlarımızı azad edə bilərik. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gec-tez bağlanacaq. Sərhədlər açılsa, Ermənistan öz gələcəyini düşünərək Azərbaycan və Türkiyə ilə normal qonşu münasibətləri qurmalıdır. Minsk qrupu isə istəyir ki, hökmən onların da bir vasitəçiliyi olsun. Amma onlar Dağlıq Qarabağ statusu, ermənilərin orada statusu tipli bəyanatlardan əl çəkmirlər. Azərbaycan bu məsələni bitirib artıq. Digər bəhanələr də axtarırlar, guya xristian abidələri dağıdılır. Bunların hamısı bəhanələrdir".

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, ATƏT-in Minsk qrupu regiona lazımdır: "Lakin fərqli obrazda. 1994-cü ildən sonra Azərbaycan müharibədə uduzmuş tərəf idi və ATƏT-in Minsk qrupu çalışırdı ki, danışıqlar yolu ilə bu münaqişəni həll etsin. İndi Azərbaycan bu münaqişədə udmuş tərəfdir və ATƏT-in Minsk qrupu Ermənistan üçün çalışmalıdır ki, danışıqlar yolu ilə məsələnin həllini tapsın. Yəni, Azərbaycan artıq öz problemini həll edib".

Ə.Həsənov
Ə.Həsənov

"Rusiyanın təkbaşına vasitəçilik etməsi nə Azərbaycana sərf edir, nə…"

Ekspert qeyd edib ki, Dağlıq Qarabağda ermənilər yaşayan əraziləri var və Azərbaycan onları nə vaxtsa reinteqrasiya etmək haqqında düşünür: "Bu barədə prezidentin çıxışında da deyilir. Ona görə də ATƏT-in Minsk qrupuna ehtiyac var, çünki onlar vasitəçilərdir. Rusiyanın burada təkbaşına vasitəçilik etməsi nə Azərbaycana sərf edir, nə də Ermənistana. Ona görə də hər iki ölkə maraqlı olmalıdır ki, ATƏT-in Minsk qrupu kimi bir format burada olsun".

Konfliktoloqun fikrincə, qurumun tərkibi o qədər də ciddi rol oynamır: "ATƏT-in Minsk qrupunun tərkibi - Fransanı çıxmaq şərtilə, - ən optimal tərkibdir. Yəni, burada Rusiya, ABŞ və Avropanın təmsilçisi var. Bundan başqa bir format çətindir. Minsk qrupunun formatı münaqişə tərəflərin hər ikisinin razılığı ilə dəyişdirilə bilər".

Qarabağda erməni kəndlilərdən sülhməramlılara yeni şikayət
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Ə.Həsənov hesab edir ki, ATƏT-in Minsk qrupu regiona qayıtmaq istəyirsə, qayıdacaq: "Onları regiondan çox uzaq saxlamaq mümkün olmayacaq. Xüsusən Azərbaycanın uzunmüddətli danışıqlar və reinteqrasiya prosesini aparması, postkonflikt dövrü üçün ATƏT-in Minsk qrupuna ehtiyacı var. Məncə, onlar yeni bir obrazda, ola bilsin ki, bu yaxınlarda bölgəyə qayıtsınlar".

Xatırlatma

ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrdir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG