Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:42

XİN sözcüsü həmsədrlərin bəyanatına münasibət bildirib


Prezident İlham Əliyev Bakıda hərbi qənimətlər parkında
Prezident İlham Əliyev Bakıda hərbi qənimətlər parkında

Həmsədrlər Dağlıq Qarabağ və ətraf ərazilər daxil olmaqla regiona səfərlərini bərpa etməyə hazır olduqlarını deyirlər

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 13 aprel tarixli bəyanatına münasibət bildirib.

O, deyib ki, həmsədrlərin öz bəyanatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir:

“Eyni zamanda qeyd etməliyik ki, həmsədrlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub.”

Leyla Abdullayeva yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyindən də bəhs edib. O deyib ki, Azərbaycanın prioritetləri sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası daxildir.

Habelə onun vurğulamasına görə, konstitusion qayda çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik, dini və ya digər mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi də prioritetlər sırasındadır:

“Münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır.Ümid edirik ki, həmsədrlər Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər”.

Həmsədrlər regiona səfər etməyə ‘hazırdırlar’

Bundan əvvəl verilən xəbərdə bildirlirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycanla Ermənistan arasında 9 noyabr atəşkəs sazişinin icrasını yaxından izləyir, atəşkəsin möhkəmlənməsindən məmnundurlar.

Bu haqda həmsədrlər İqor Popov (Rusiya), Stefani Viskonti (Feansa) və Endru Şofer (ABŞ) aprelin 13-də birgə bəyanat yayıblar.

Həmsədrlərin müharibədə öldürülənlərin meyitlərinin qaytarılması, köçkünlərin təkrar məskunlaşması, humanitar yardım və adekvat yaşayış şəraitinin təminatı üzrə proqresi, eləcə də regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasıyla bağlı konstruktiv müzakirələri alqışlayıblar.

Tərəflərə yaxşı bəlli olan elementlər

Bəyanatda tərəflərə xatırladılır ki, narahatlıq yaradan problemlərin həlli, davamlı sülhdən ötrü qarşılıqlı inam mühiti üçün əlavə səylər gərəkdir. Buraya isə bütün hərbi əsirlərin qaytarılması, münaqişə zonalarının minalardan təmizlənməsindən ötrü data mübadiləsi, Dağlıq Qarabağa həm də beynəlxalq humanitar təşkiulatlarının çıxışına məhdudiyyətlərin qaldırılması və sairə daxildir.

Həmsədrlərin mövqeyincə, tərəflərə yaxşı bəlli olan elementlər və prinsiplərə söykənərək yekun hərtərəfli və davamlı həllin əldə olunmasına xüsusi diqqət ayrılmalıdır.

Bu anlamda həmsədrlər tərəfləri Minsk qrupu çərçivəsində yüksək səviyyəli dialoqu mümkün qədər tez bərpa etməyə çağırırlar. Onlar birbaşa qarşılıqlı məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha dilə gətirirlər.

Həmsədrlər Dağlıq Qarabağ və ətraf ərazilər daxil olmaqla regiona səfərlərini bərpa etməyə hazır olduqlarını deyirlər.

Xatırlatma

ATƏT-in Minsk qrupu 1990-cı illərin əvvəllərində yaradılıb, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edib.

ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent də bir neçə gün öncə bir vebinarda çıxışında deyirdi ki, Bakı və Yerevan maraqlı olarsa, ABŞ Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazırdır.

Amma Prezident İlham Əliyev ötən dekabrda Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini, Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını deyib.

Azərbaycanla Ermənistan arasında ötən ilin sentyabrın 27-də başlamış hərbi əməliyyatlar noyabrın 9-da imzalanmış üçtərəfli atəşkəs razılaşması ilə başa çatdı. Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri ala bilsə də təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG