Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Pandemiya dövrünün ikinci Ramazanı başlanır


Pakistanda məscid
Pakistanda məscid

Bir çox müsəlman liderləri insanları vaksin vurdurmağa çağırıb, peyvəndin günorta vaxtı orucu pozmayacağını bəyan edib

Aprelin 13-dən dünya müsəlmanlarının bir qismi Ramazan ayının gəlişini qeyd edir. Bu, dünyada koronavirusa yoluxmaların yenidən artdığı dönəmə düşdüyündən pandemiyanı sürətləndirəcəyi ilə bağlı narahatlıq var.

Bir çox müsəlman ölkələri Ramazan boyunca koronavirus qadağaları tətbiq edir, amma bəzi yerlərdə qadağalara o qədər də sərt əməl olunmur.

Ramazan ayı boyunca müsəlmanlar sübh tezdən hava qaralanadək yeyib içməkdən, siqaretdən imtina edirlər.

Bu ay həm də ibadət, xeyriyyə ayı hesab olunur. Eyni zamanda ailələr adətən iftara bir yerə yığışır, yaxud məscidlərə ibadətə gedirlər.

Bir çox müsəlman liderləri insanları vaksin vurdurmağa çağırıb, peyvəndin günorta vaxtı orucu pozmadığını bəyan edib.

Ötən Ramazanın dərsləri

Dünya Səhiyyə Təşkilatının (DST) Şərqi Aralıq üzrə regional direktoru Əhməd əl-Mandari AP-yə deyib ki, ötən il Ramazan vaxtı qaydalara əməl olunmaması, komendant saatının tələsik qaldırılması, ibadət yerlərinin yenidən açılmasının fəsadı sonradan aylarla özünü göstərdi.

“Ötən Ramazanda baş verənlərin təkrarlana biləcəyindən çox narahatıq”, – o deyib.

Müsəlman dünyasında məhdudiyyətlər və qadağalar fərqlənir. Bir sıra ölkələrdə xeyriyyə məqsədilə verilən iftarlar qadağan olunub.

Səudiyyə Ərəbistanında məscidlərin sahur və iftar yeməkləri verməsi yasaqlanıb. Bu il Səudiyyə hakimiyyəti Ramazanın əvvəlindən yalnız Covid-19 peyvəndi vurdurmuş şəxslərin Ümrə ziyarətinə icazə verəcək.

Türkiyə hökuməti aprelin 13-dən yeni qadağaları açıqlamalıdır. Martın 29-dan ölkədə həftəsonları karantin elan olunub, Ramazan dövründə restoran və kafelərin işləməyəcəyi bildirilib.

Məscidlər

Misir ötən Ramazadan məscidləri bağladı, amma sonradan məscidlər cümə ibadətlərinə açılıb. Bu il gecə ibadətlərinə müəyyən məhdudiyyətlərlə icazə veriləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də məscidlərdə gecə ibadətlərinə icazə verəcək. Amma İordaniya və Tunisdə gecə vaxtı komendant saatı elan olunduğundan buna icazə yoxdur.

İraqda bir neçə həftədir oxşar komendant saatı tətbiq olunub.

İran ötən həftəsonundan 10 günlük lokdaun elan edib. İki həftə davam edən Novruz bayramı şənlikləri yoluxmalarda kəskin artıma səbəb olmuşdu.

Pakistanda məscidlər Ramazan boyunca açıq qalacaq. Amma yaşı 50-dən yuxarı olanların məscidə girişi qadağandır, maska taxmaq tələb olunur. Di gəl, səhiyyə rəsmiləri qadağalara güclü əməl olunmayacağını düşünürlər.

Müsəlmanların ən sıx məskunlaşdığı İndoneziyada hökumət Ramazanda milyonlarla insanın böyük şəhərlərdən doğma kəndlərinə getməsinə məhdudiyyət qoyacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG