Dağlıq Qarabağda 44 fünlük müharibədə itkin düşmüş hərbçilərin valideynləri aprelin 8-dən Ermənistan Müdafiə Nazirliyinin bütün giriş və çıxışlarını bağlayıblar.
Onlar müdafiə naziri Vaqarşak Arutyunyan və ya silahlı qüvvələrin baş qərargah rəisi Artak Davtyanla görüş tələb edirlər.
Valideynlər nazirliyin binasında görüşdən imtina edirlər. Onlar nazirin və ya baş qərargah rəisinin binanın qarşısına çıxmasını istəyirlər.
Vəziyyət valideynlər heç bir cavab almadıqlarına görə nazirliyin hasarını sındırmağa və içəri daxil olmağa cəhd göstərəndə gərginləşib.
Etirazçılardan biri deyib ki, övladlarından artıq 7 aydır heç bir xəbər ala bilmirlər.
Polis rəisi Vage Kazaryan da etiraz yerinə gəlib. O valideynlərlə ayrıca söhbət keçirdikdən sonra nazirliyin binasına daxil olub.
Valideynlərin dediyinə görə, Kazaryan onlarla nazir arasında görüş təşkil edəcəyini bildirib.
Etirazçılar görüşün binanın içərisində keçirilməsinə qarşı deyillər, amma onlar görüşdə bütün valideynlərin olmasını tələb edirlər.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, nazirliyin qarşısına Milli Məclisin deputatı Sofya Ovsepyan da gəlib. O da valideynləri nazirlə görüşdürməyə çalışır.
Ovsepyan madafiə nazirinin müavini Arman Sarqsyanla görüşüb. Nazir müavini bildirib ki, hazırda görüşün təşkilinə hazırlıq müzakirə olunur.
Muradov əliboş qaytarılıb?
Bu arada Azatutyun Qraparak qəzetinə istinadən yazır ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov bu yaxınlarda əsirlərin qaytarılmasının planlaşdırılmadığını deyib. O deyib ki, Bakıya başqa məqsədlə işçi səfərə getmişdi.
Muradov bir qrup erməni əsirin təyyarə ilə Bakıdan Yerevana gətiriləcəyi barədə yayılan xəbərləri “yalan və təxribat” adlandırıb.
Azatutyun yazır ki, aprelin 8-də bu kimi xəbərləri alan əsir valideynləri Yerevanın Erebuni hava limanına toplaşmışdılar.
Hakimiyyət orqanları da Bakıdan bir qrup əsir gətiriləcəyini bildirmişdi.
Lakin Erebuniyə enən təyyarənin içində yalnız general Muradov vardı. O özü ilə heç bir əsir gətirməmişdi.
Aprelin 8-də habelə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan təəssüflə əsirlərin qaytarılmasının təxirə salındığını bildirmişdi.
O demişdi ki, buna səbəb Azərbaycan tərəfinin 9 noyabr üçtərəfli bəyanatının 8-ci bəndini yerinə yetirmək istəməməsidir.
Putinin sözü yerə düşüb?
Bu arada Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan aprelin 9-da bildirib ki, baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə aprelin 8-də Moskvada keçirilmiş danışıqlarında əsirlər məsələsi də müzakirə olunmuşdu.
Onun sözlərinə görə əldə olunmuş razılaşma pozulub.
Koçaryan bunun səbəbləri barədə üstüörtülü danışıb:
“Siz fikir vermədinzimi ki, əsirlərin qaytarılması məsələsi Ermənistan baş nazirinin Risiya Federasiyası prezidenti ilə danışıqlarından sonra qalxmışdı? Ona qədər əsirlərin ertəsi gün qaytarılacağına dair heç bir söhbət yox idi. Bu addımdam hiss olunurdu ki, Rusiya bu problemin həllinə öz töhfəsini vermək istəyib. Elə Rusiyanın milli qəhrəmanı, general-leytenant Muradov da Bakıya əsirləri gətirmək üçün getmişdi. Ola bilsin, Azərbaycan bu məsələnin həllində Türkiyənin də iştirakını gözləyir. Görünür belə bir istək var ki, cənab Putin və Erdoğan bu barədə bir daha danışsınlar. Yəni bunu görmürsünüz?”
Müxalif “Maariflənmiş Ermənistan” parlament fraksiyasının lideri Edmon Marukyan deyib ki, o əsirlərin qaytarılmamasını hakimiyyətin iflası kimi qiymətləndirir:
“Onlar bu məsələdə özlərini piar etmək istəyirdilər, amma bunun əksi baş verib. Siz əsirlərin qayıdacağını gözləyən insanların vəziyyətini başa düşürsünüzmü – onların valideynlərinin, qohumlarının, dostlarının vəziyyətini?”
Marukyanın fikrincə hakimiyyət təyyarənin Bakıdan boş qayıtdığını bilməliydi:
“Onlar cəmiyyyətimizi belə stressə məruz qoymamalı idilər. Bu çox təhqiramiz hərəkətdir”.