Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:07

Peyvəndlə bağlı saxta sənəd verən 12 nəfər işdən çıxarılıb


Vaksinasiya. Foto arxiv

Koronavirus əleyhinə peyvənd vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 nəfərin işdən kənarlaşdırıldığı bildirilir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb. Məlumata görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Açıqlamaya görə, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması təmin edilib: "Bakı şəhəri üzrə 7, 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3, 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Serbiyada peyvənd bol olduğundan əhali seçim edir
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Qeyd olunub ki, göstərilən halların qarşısını almaq məqsədilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Açıqlamada ad çəkilmir, ona görə də işdən kənarlaşdırılan şəxslərdən məsələyə münasibət almaq mümkün olmayıb. Sözügedən poliklinika və xəstəxanaların rəhbərliyi isə açıqlamanı şərh etməyiblər.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndi 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur. Vaksinasiya dövlət hesabına aparılır.

İndiyə qədər 1 milyondan çox vaksin vurulduğu bildirilir. Onlardan 672 mini birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 281 min 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 846 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG