Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:42

Slovakiyada Rusiya vaksini ilə bağlı qalmaqal yaşanır


Rusiya vaksini Bratislava hava limanında
Rusiya vaksini Bratislava hava limanında

Rusiyanın koronavirusa qarşı Sputnik V vaksinini maliyyələşdirən qurum – Rusiya Birbaşa İnvestisiyalar Fondu Slovakiyadan minlərlə doza preparatın geri qaytarılmasını tələb edib.

Buna səbəb Slovakiya dövlət orqanının bu vaksin dəstinin Avropa İttifaqının dərman tənzimləyicisinə təqdim olunmuş vaksindən fərqli olduğu barədə bəyanat verməsi olub.

Bratislava və Moskva arasında aprelin 8-də yaşanan bu mübahisə öz vaksininin Avropa İttifaqında təsdiqinə çalışan Rusiyanın qarşısına qoyduğu məqsədə çatmasını çətinləşdirə bilər.

Slovakiya da Macarıstan kimi Avropa Səhiyyə Agenttliyinin (EMA) qərarını gözləmədən Rusiyanın Sputnik V vaksinini alıblar.

Avropa İttifaqının bir sıra başqa ölkələri də Sputnik V vaksininin alınması məsələsini nəzərdən keçirir.

Ötən ay Rusiyadan 200 min ampul qəbul etmiş Slovakiyada, indiyədək 368 min nəfər koronavirusa yoluxub. Bunların 10300 nəfəri COVID-19-la bağlı xəstəliklərdən vəfat edib.

Bu vaksin o vaksin deyil?

Slovakiyanın Dövlət Dərmanlara Nəzarət İnstitutu aprelin 7-də bildirmişdi ki, Rusiya vaksininin effektivliyi və riskləri barədə çoxsaylı suallar açıq qalır.

Qurum bildirib ki, Sputnik V istehsalçısının verdiyi məlumatın qeyri-adekvatlığı, preparatdan ölkə boyunca istifadə olunmasına imkan vermir.

İnstitut aprelin 8-də bunu da bildirib ki, onun nəzərdən keçirdiyi Sputnik V vaksin nümunəsi EMA-ya təqdim olunan və ya Britaniyanın Lancet tibb jurnalının haqqında təriflə yazdığı vaksindən fərqlidir:

"Klinikaya qədər sınaqdan keçirilmiş və klinika araşdırması barəsində Lancet jurnalının yazdığı vaksin dozaları Slovakiyaya ixrac edilmiş vaksin dozaları ilə eyni keyfiyyət və xarakteristikalara malik deyil”.

Reuters bundan əvvəl yazırdı ki, Slovakiya institutu sözü gedən məsələ barədə hesabatı Moskvaya martın 30-da göndərib.

Həmin məktubda Slovakiyanın dövlət qurumu “vaksin dozaları dəstinə aid məlumatlar olmamasını, doza formaları arasında uyğunsuzluqların olduğunu” yazıb.

Aprelin 8-də Rusiyanın Birbaşa İnvestisiyalar Fondu Slovakiyadan ona göndərilmiş vaksin dəstinin geri qaytarılmasını tələb etdiyini bildirib.

Fond habelə Slovakiyadan narazılıq doğuran vaksin nümunəsinin xüsusi sertifikatı olan laboratoriyaya göndərməsini tələb edib.

Hökuməti yıxan vaksin

Bundan başqa Rusiya vaksininin rəsmi Twitter hesabından yazılan postlarda Slovakiya qurumu “təxribatda” və “dezinformasiya kampaniyası” aparmaqda ittiham olunur:

"Təəsüsf ki, mövcud kontraktı pozan və təxribat törədən Slovakiya dövlət agentliyi Sputnik V vaksininin yoxlanmasını səlahiyyəti olmayan laboratoriyada keçirib”.

Rusiya fondunun rəhbəri Kirill Dmitriyev bu arada Moskvada Slovakiyanın ötən həftə istefa verməyə məcbur olmuş baş naziri İqor Matoviçlə görüşüb.

Bundan əvvəl Slovakiya hökuməti ilə 2 milyon doza Rusiya vaksini barədə gizli kontraktın imzalandığına dair xəbərlər yayılmışdı.

Matoviç Slovakiyada opponentlərinin ona qarşı ittihamlarını Facebook səhifəsindən rədd etmişdi:

"TƏBRİK EDİRƏM, İPLƏMƏLƏR! Siz milyonlarla slovakiyalının sağlamlığını girov etmisiniz!”

Avropa İttifaqı Sputnik V vaksininin “etikliyini” araşdırır

Avropanın Səhiyyə Agentliyi - EMA hazırda Rusiya vaksinindən Avropa İttifaqında istifadə olunmasının mümkünlüyü məsələsini nəzərdən keçirir.

EMA Rusiya vaksininin istehsalı və sınağı ilə bağlı etik problemlərin ola biləcəyini bildirib.

Rusiya Sputnik V vaksinini preparatın sınaqlarının başa çatmamasına və onun effektivliyi barədə sualların olmasına baxmayaraq onu təntənəli şəkildə qeydiyyatdan keçirib.

Aprelin 7-də Çexiyanın baş naziri Andrey Babiş səhiyyə nazirinin vəzifəsindən çıxarıldığını elan edib.

Bəzi məlumatlara görə səhiyyə naziri Avropa İttifaqında təsdiq olunmayan Rusiya vaksininin alınmasından imtina etmişdi.

Vladimir Putinin yaxın dostu sayılan Çexiya prezidenti Miloş Zeman isə Rusiya vaksinindən imtina olunmasını “ideoloji şivən” adlandrımışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG