Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:05

Koçaryanın cinayət işi bağlanıb, amma o məsuliyyətdən azad olunmayıb


Robert Koçaryan
Robert Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı üzrə cinayət işi bağlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, beləliklə, Robert Koçaryan artıq “1 mart” işi üzrə müttəhim sayılmır.

Bundan iki həftə əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi ölkə Cinayət Məcəlləsinin konstitusiya quruluşunu devirmək ittihamını nəzərdə tutan 300.1 maddəsinin konstitusiyaya uyğunsuzluğu barədə qərar çıxarmışdı.

Koçaryana və onun tabeçiliyində olmuş daha iki nəfərə qarşı ittiham məhz bu maddə ilə irəli sürülmüşdü.

Bundan sonra Koçaryanın vəkilləri məhkəməyə vəsatət verərək onun barəsində cinayət işinin bağlanmasını tələb etmişdilər.

Robert Koçaryan adı çəkilən maddə ilə 2008-ci il, 1 mart hadisələrini törətməkdə ittiham olunurdu.

Həmin tarixdə polislə etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 10 nəfər həlak olmuşdu.

1 mart qurbanlarının qanı batacaqmı?

Həmin zərəçəkənlərdən 9-nun maraqlarını təmsil edən vəkil Tiqran Yeqoryan etiraf edib ki, yaranmış vəziyyətdə o da cinayət işinin bağlanmasından başqa çıxış yolu görmürdü.

Buna baxmayaraq vəkil belə bir qərar verdiyinə görə Konstitusiya Məhkəməsini tənqid edib.

Yeqoryan bildirib ki, bu, hüquqi yox, siyasi qərar olub. Vəkil deyib ki, qərar konkret qrupların maraqlarına xidmət edir.

Vəkilin fikrincə, Konstitusiya Məhkəməsinin qərarı qanunsuzdur, çünki konstitusiya ilə ziddiyyət təşkil edir.

Yeqoryan təəssüflə qeyd edib ki, artıq 2 il yarımdır müttəhim statusunda olan keçmiş prezidentin məsuliyyətdən azad edilməsində Konstitusiya Məhkəməsinə Nikol Paşinyanın baş nazirliyi dövründə təyin olunmuş hakimlər də iştirak ediblər.

Vəkil vurğulayıb ki, buna səbəb ölkədə yaranmış siyasi vəziyyət və hüquq siyasətinin olmamasıdır.

Yeqoryan deyib ki, 300.1 maddəsi Avropa İnsan Haqları Məhkəməsinin bir neçə ay əvvəl dərc etdiyi hesabata və Venesiya Komissiyasının tövsiyələrinə görə də konstitusiyaya uyğun sayılırdı.

Koçaryan məsuliyyətdən tam azad edilməyib

Azatutyun yazır ki, konstitusiyaya uyğun olmayan maddənin ləğvi ilə yalnız ODKB-nin keçmiş baş katibi Yuri Xaçaturov (O 2008-ci ildə müdafiə nazirinin müavini idi – red) və o vaxt silahlı qüvvələr baş qərargahının rəisi olmuş Seyran Ohanyan bəraət alıblar.

Koçaryan və 2008-ci ildə onun administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan barəsində isə məhkəmə prosesi davam edəcək, çünki onlar həm də başqa maddələr üzrə müttəhimdirlər.

Bundan başqa Robert Koçaryan həm də 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Prokuror Petros Petrosyan Azatutyunun suallarına cavab verərkən deyib ki, baş prokuror Cinayət Prosessual Məcəlləsinin (CPM) iki maddəsinin konstitusiyaya uyğunluğu məsələsinə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

CPM-in bu maddələri Koçaryana qarşı ittiham maddəsinin dəyişdirilməsinə imkan vermir.

Petrosyanın sözlərinə görə, Konstitusiya Məhkəməsi sözü gedən maddələri də ləğv etsə, Koçaryan və başqa müttəhimlərə qarşı yeni ittiham irəli sürüləcək.

Gələn həftə məhkəmədə Koçaryana qarşı rüşvət ittihamına baxılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG