Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 00:31

Keçmiş MTN generalları özlərini təqsirli bilmirlər


Prezient İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Mövlam Şıxəliyev Nizami Şirinovun həbsinin səbəbləri aydınlaşıb. Məlum olub ki, generallar 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan sonra başlanmış cinayət işi üzrə təqsirləndirilir. Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi işlədiyi dövrdə tabeliyindəki şəxslərlə birlikdə sübutları saxtalaşdırıb, külli miqdarda rüşvət alıb, müxtəlif adamların əmlaklarını və pulunu hədə-qorxu ilə ələ keçirib. Sübutların saxtalaşdırılması ilə bağlı doqquz hal, başqasının əmlakını ələ keçirməklə bağlı isə dörd hal müəyyənləşdirilib.

Rüşvət alma, hədə qorxu ilə tələb etmə

Nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov isə bu vəzifədə işlədiyi dövrdə adamlardan MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, tabeliyindəki əməkdaşın işdən çıxarılmaması və s. adlarla rüşvət almaqda suçlanır. Bundan başqa, o da müxtəlif adamların əmlakını hədə-qorxu ilə əlindən almaqda ittiham edilir.

Şıxəlıyev və Şirinova CM-in 182 (hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Onların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Generallara ittiham elan edilən maddələrdə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, generallar özlərini təqsirli bilməyib.

Hər iki general Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında Mahmudov nazir postundan çıxarılandan və MTN-in 20-dən artıq vəzifəlisi həbs ediləndən sonra Şıxəliyevlə Şirinov da uzaqlaşdırılıb.

"Əvvəl 1 milyon, sonra 700 min istədi"

MTN-lə bağlı cinayət işində onların hər ikisinin adı hallanırdı. MTN-də təzyiqlərə məruz qaldığını, pul və əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlərin bir neçəsi ifadələrində Şirinov və Şıxəliyevin də adını çəkmişdi. Xüsusən Şıxəliyevin ünvanına ittihamlar daha çox idi. Bu səbəbdən o, Bakı Hərbi Məhkəməsində MTN-in keçmiş müstəntiqi, İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun işi üzrə şahid qismində dindirilmişdi. Hətta məhkəmənin yekun hökmündə prokurorluğun onunla bağlı araşdırma aparması üçün hakim xüsusi qərar da çıxarmışdı.

Həmin işdə zərərçəkmişlərdən bir neçəsi pulu Şıxəliyevə verdiyini iddia edirdi.

"Bunlar mənim evimi satdırdılar. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, "şefin göstərişi var, ya həbs edilməlisən, ya da pul verməlisən". Əvvəl 1 milyon, sonra 700 min istədi. Axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsal Ələkbərova vermişəm", – zərərçəkmiş işadamı Namil Rzayev belə demişdi.

Şıxəliyev isə həmin iclasda zərərçəkmişin dediklərini təkzib edərək nə nazirdən göstəriş, nə də bu adamdan rüşvət aldığını bildirmişdi.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Natəvan Mürvətovaya isə şərti cəza təyin edildi.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG