Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

Rusiya jurnalisti Poznerin Tbilisiyə gəlişi etirazla qarşılanıb (VIDEO)


Tbilisidə Poznerin gəlişinə etiraz aksiyası
Tbilisidə Poznerin gəlişinə etiraz aksiyası

Tbilisinin mərkəzində Rusiya jurnalisti Vladimir Poznerin ölkəyə gəlişinə nizamsız etiraz aksiyası başlanıb.

AzadlıqRadiosu xəbər verir ki, tanınmış Rusiya teleaparıcısı Pozner Tbilisiyə təxminən 40-dək dostu ilə birlikdə ad gününü qeyd etmək üçün gəlib.

Xəbərdə deyilir ki, rusiyalıların şam yeməyi üçün toplaşdıqları mehmanxananın qarşısına vətəndaş cəmiyyəti fəalları gəliblər.

Onlar Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalına haqq qazandıran birisinin ölkəyə buraxılmasından qəzəblidirlər.

Kortəbii toplaşmış aksiyaçılar fit çalır və dəmir döyəcləyərək özlərinin təbirincə deyilərsə, qonaqlar üçün “diskomfort” yaradırdılar.

Etirazçılar mehmanxanın qarşısında aksiyanı fasiləsiz davam etdirəcəklərini bildiriblər.

Hadisə yerinə polis gəlsə də , hələlik vəziyyətə müdaxilə etməyib.

Aksiyaya “Droa” (Vaxtı çatıb) müxalifət hərəkatının lideri Elene Xoştariya da qoşulub.

O yaranmış vəziyyətə görə Gürcüstan hakimiyyətini ittiham edib:

“İstənilən normal dövlət buna bənzər situasiyada, yəni Rusiya sisteminin “Abxaziya Gürcüstanın bir hissəsi deyil və heç vaxt olmayacaq” deyən bir nümayəndəsinin ölkəyə buraxılmasına sadəcə olaraq heç cür yol verməzdi. Biz bu oyunu artıq Qavrilovla bağlı görmüşük. Biz hakimiyyətə xəbərdarlıq etmişdik. Amma onlar eyni hərəkəti ediblər”.

Gürcülər üçün tarixi gündə

Fəallar deyirlər ki, hakim “Gürcü Arzusu” partiyası Tbilisiyə Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun səfəri zamanı yol verdiyi hərəkəti təkrar edir.

Parlamentin qonağı olan Qavrilovun spikerin kürsüsündə əyləşməsi Tbilisidə iğtişaşlara səbəb olmuş və xüsusi təyinatlıların aksiyanı dağıtması ilə nəticələnmişdi.

Vladimir Pozner
Vladimir Pozner

Vətəndaş fəallarından Nodar Ruxadze deyib ki, “işğala hər gün haqq qazandıran hakim “Gürcü Arzusu” partiyasının özü elə Rusiya rejimidir”.

Aksiyaçıları hiddətləndirən daha bir məqam Vladimir Poznerin səfərinin, martın 31-ə, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın ad gününə və ölkə müstəqilliyi üçün keçirilmiş referendumun 30-cu ildönümü gününə təsadüf etməsi olub.

Etirazçılar bildirirlər ki, paytaxtda kommendant saatının qüvvədə olmasına baxmayaraq rusiyalı qonaqlar şəhərdə sərbəst gəzib-dolaşıblar.

DİN: Pozner amerikalıdır

Gürcüstanın Daxili İşlər Nazirliyi bildirir ki, Rusiya jurnalisti Vladimir Pozner işğal haqqında qanunu pozmayıb.

Nazirlik izah edib ki, Pozner ABŞ vətəndaşıdır və əvvəllər dəfələrlə Gürcüstanda olub.

Rusiyanın Interfaks agentliyi yerli mediaya istinadən bildirir ki, Tbilisidə etirazçılarla polis arasında toqquşmalar olub.

Bu da iddia olunur ki, etirazçılar Poznerin qaldığı mehmanxananın işıqlarını söndürüblər.

Pozner Tbilisi hava limanında deyib ki, “mən siyasət barədə danışmağa yox, ad günümü keçirməyə gəlmişəm”.

Vladimir Pozner bundan əvvəl Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsində separatçı rejimi dəstəkləmişdi.

Gecə yarıdan sonra...

Rusiyanın internet qəzetlərindən “Meduza” yazır ki, Pozner Gürcüstana ad gününü qeyd etmək üçün gəlib.

Aprelin 1-də onun 87 yaşı tamam olur.

Bu da xəbər verilir ki, Poznerlə Tbilsiyə onun ad gününü qeyd etmək üçün gələnlər Rusiya “şou-biznesinin nümayəndələridir”.

Qonaqların arasında TASS dövlət xəbər agentliyinin baş direktoru Sergey Mixaylov da var.

Xəbər verilir ki, jurnalistin ad günü şənliyini Rusiya biznesmeni Leonid Oqoryovun arvadı Miranda Mirianaşvili təşkil edib.

Pozner və qonaqların əvvəlcə Vinotel Boutique Hotel mehmanxanasında qaldıqları bildirlirdi.

Rusiya jurnalisti etirazçıların qəzəbinə səbəb olan müsahibəsini 2017-ci ildə Gürcüstanın İmedi telekanalına verib.

O həmin müsahibədə deyib ki, 1970-ci illərdə Abxaziyada çox olub və gürcülərlə abxazlar arasında münasibətin heç vaxt yaxşı olmadığını bilir.

Etirazçılar oteli cərimələdiblər. Pozner də cərimələnə bilər

“Meduza” Rustavi-2 telekanalına istinadən yazır ki, etirazçılar Vinotel otelinə əmək müfəttişliyini çağırıblar və Pozner və yoldaşlarının kommendant saatını pozmasından şikayət ediblər.

Telekanal xəbər verir ki, müfəttişlik oteli 10 min lari (təxminən 3 min dollar) cərimə edib, polis isə Pozner və yoldaşlarının da cərimələnəcəklərini deyib.

Yerli media bildirir ki, jurnalist və qonaqları Rooms adlı başqa bir otelə köçməli olublar. Bundan sonra etirazçılar da həmin otelin qarşısına toplaşaraq asfaltın üstündə “Gürcüstandan rədd ol!” sözlərini yazıblar.

Interpress saytının yazdığına görə etirazçıların dağılmaq niyyəti yoxdur.

Poznerə gəlincə isə o, Novosti-Qruziya saytına deyib ki, dalbadal üç ildir ad günlərini Tbilisidə keçirir.

RIA Novosti yazır ki, Pozner təhlükəsizliyinin polis tərəfindən qorunduğunu bildirib.

Jurnalist deyib ki, Moskvaya aprelin 3-də qayıtmağı planlaşdırırdı, amma deyəsən, daha tez getməli olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG